Qobustan həbsxanasında işgəncələr davam edir
Bununla bağlı yazıçı Zümrüd Yağmur Tale Bağırzadənin xanımına istinadla Facebookda xəbər paylaşıb.
“Qobustan həbsxanasında nə baş verir? Bu gün Tale Bağırzadənin xanımı mənə zəng vurub yenə də Azərbaycan hakimiyyətinin Qobustan həbsxanasında saxladığı dindar məhbuslar haqqında illərdir ssenarisini yazıb bitirə bilmədiyi, günü-gündən zülm olan növbəti “Qorxulu nağılını” anlatdı.
Nə baş verib?
Tale Bağırzadə bildirib ki, heç bir səbəb olmadan, birdən-birə Abbas Hüseyinin saxlanıldığı kameraya basqın edilib və elə onun gözünün qarşısındaca Abbası möhkəm döyməyə başlayıblar. Daha sonra onu sürüyə-sürüyə kamerasından çıxarıb harasa aparıblar. Tale bəy ailəsinə bildirib ki, Abbas hazırda Qobustan həbsxanasında deyil. Harda və hansı vəziyyətdə olduğuna dair heç bir məlumat yoxdur.
Abbasla bir kamerada saxlanılan Cabbar Cabbarzadənin taleyindənsə heç bir xəbər yoxdur.
Tale Bağırzadə özü haqqındasa onu deyib ki, onu vəkili ilə belə görüşə çıxaranda kameradaca qandalayıb aparırlar və bu dəfə onu vəkili ilə görüşə apararkən qoluna qanlı qandal taxılıb və qandal o qədər möhkəm sıxılıb ki, qolunda yara yeri açıb. Tale Bağırzadə deyib ki, o bilmir bu kimin, hansı xəstəliyi daşıyan məhkumun qanıdır və onu hansı xəstəliyə yoluxdurmaq istəyirlər.
Keçən dəfə vəkili ilə görüşməkdən imtina etməsinin səbəbi kimi bildirib ki, ona qarşı edilən ədalətsizlik və zülmə qarşılıq olaraq özünə xətər yetirib ayağını yaraladığından bu vəziyyətdə vəkili ilə görüşmək istəməyib. Bu hadisədən sonra onunla görüşə gələn Penitensiar Xidmətin işcisi də bununla bağlı hər şeyi görsə də heç bir şey dəyişməyib.
***
Nə baş verir? Anlamaqda çətinlik çəkirəm.
Hakimiyyətdəkilərin qanı qırmızıdır, adları da insan?!
azadliq.info