Siyasi məhbus Orxan Baxışlı üzləşdiyi haqsızlığa etiraz əlaməti olaraq həbsdə aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynova dəstək məktubu ünvanlayıb:
“Çox təəssüflər olsun ki, bu ölkədə ancaq pis xəbərlər eşidirik. Bu ölkədə pisliklərin bitmə nöqtəsi, sərhəddi yoxdur. Mehman Hüseynovla bağlı xəbəri eşitdik və çox hiddətləndik. Günahsız bir gənci şərləyib həbs edirlər, cəza müddətinin bitməsinə az qalmış ikinci cinayət işi düzüb-qoşurlar və ölüm aclığına məhkum edirlər. Dünya hansı istiqamətə gedir, biz hara gedirik? Bu qədər qəddarlıq, bu qədər hüquqsuzluq olmaz axı. Zalımlığın, zülmün, qisasın da bir həddi olmalıdır. Biz Mehamana sona qədər dəstək verəcəyik və cəmiyyəti də dəstəyə çağırırıq. Bugün şərəf və ləyaqət mübarizəsi gedir. Hər bir vətəndaş adını bu səhifəyə yazdırmalıdır. Ölkəmizin hər gün biraz da batmasına, günahsız insanlara zülm olunmasına biganə qalmayaq. Məmməd İbrahimə qarşı başlanmış çirkin ssenari Mehman Hüseynovla davam edir. Bu tendensiya durdurulmalıdır. Bu hüquqsuzluğa son qoyulmalıdır. Biz qətiyyən peşman deyilik, bu şərəfli yolda addımlamaqdan qürur duyuruq və Mehmana azadlıq tələb edirik”.