Siyasi Məhbusların Müdafiə İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “ İSLAMÇI məhbusları Müdafiə Komitəsi” ölkədəki son siyasi durum, dini kəsimə qarşı daha da artan təzyiqlərlə bağlı birgə bəyanat verib. Bəyanatda deyilir: “Son zamanlar ölkənin dini kəsiminə qarşı nümayiş etdirilən haqsızlıq və repressiyalar bütün mümkün hədləri aşıbdır. Yola saldığımız 2018-ci ildə məhkəmələr tərəfindən inanclı insanlara, ortalama, 600 ildən (?!) artıq iş kəsilməsi sağlam məntiqə sığmayan acı bir faktdır və bu, şübhəsiz ki, vəziyyətin kritik həddə çatmasından xəbər verir. Hətta, 10,15, 20 il cəza almış dindar vətəndaşlarımız həbsxanalarda da rahat buraxılmır,- qisasçılıq və çeşidli şiddətlə üzləşirlər.
Belə ki, cəzasını qapalı tipli həbsanada çəkən siyasi məhbus hacı Taleh Bağırzadəyə yönəli qərəzli münasibət hələ də davam etməkdədi. O, zaman-zaman anlaşılmaz təxribatlara çəkilir, müxtəlif uydurma bəhanələrlə fiziki və mənəvi işgəncələrə məruz qalır.
Köməksiz və zərrə qədər də günahı olmayan Əbülfəz Bünyadov polis maşınında güllələnərək yarımcan vəziyyətə salındığı bəs deyilmiş kimi, günü bu gün də ona qarşı analoqu olmayan ədalətsizlik nümayiş etdirilir – sivil dünyanın göz-bəbəyi kimi qoruduğu bütün humanizm prinsipləri tapdanarar, iflic vəziyyətinə salınan insan həbsxana kamerasında ölümlə üzbəsurət qoyulur.
Penitensiar xidmət əməkdaşları aldıqları sifarişə əsasən, 13 il həbs cəzasına məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədri, siyasi məhbus hacı Mövsüm Səmədovu “islah” etmək adıyla üzünə yalançı şahidlər durdurur, “barakda” namaz qıldığını cinayət əməli kimi qələmə verir və qərəzli şəkildə onun cəzaçəkmə şəraitini ağırlaşdırırlar. Ancaq bununla bərabər, mömün bir insanın şərlənərək tutulduğunu görməzdən gəlir və onun sağlamlıq durumu,eləcə də elementar hüquqları ilə əlaqədar bütün haqlı tələb və şikayətlərini qulaqardına vururlar.
Çox təəssüf ki, oxşar, bəzənsə eyni münasibət siyasi məhbus siyahısında adı keçən əksər islamçı məhbuslara ( habelə, artıq, “hicab məhbusu”, “namaz məhbusu” və s. bu kimi epitetlər qazanmış məhbuslara) qarşı sərgilənir. Yeri gəlmişkən, qeyd edək ki, 160 nəfərlik Siyasi Məhbus siyahısındakı dustaqların 77 nəfəri islami kəsimin nümayəndələridir.
Biz, mütamadi olaraq bəzi inanc sahiblərinin daima təhdid altında saxlanmasının, onlara əsassız təzyiq və tənələr edilməsinin, bəznsə hətta, sorğu-sualsız fiziki surətdə məhv edilməsinin şahidiyik. Təbii ki, belə qeyri-sağlam münasibətlər sistemi ictimai fikirdə, istər-istəməz etiraz, qəzəb və nifrət hissi doğurur!
Bu insanların günahı nədir? Bəlkə onların öz ölkəsinə, öz xalqına ləyaqətli, mənəviyyatlı və əxlaqlı həyat arzu etməsidir? Bəlkə onların “günahı” azad və ədalətli, xeyirxah və sevgiylə dolu bir cəmiyyət axtarışıdı?..
Cənablar, əslində bu insanları qorxutmaq, həbs etmək, sındırmaq, yaxud öldürmək yox, QORUMAQ, onlarla QÜRUR DUYMAQ lazımdır.
Biz, bütün bu ədalətsizliyə, haqsızlıq və qanunsuzluğa öz qəti etirazımızı bildirir və hakimiyyəti bu sayaq qeyri-insani davranışa son qoymağa səsləyirik.
Biz, bütün siyasi və vicdan məhbuslarına AZADLIQ tələb edirik!
Biz, siyasi məhbuslarsız Azərbaycanda yaşamaq istəyirik!
Və nəhayyət biz inanırıq ki, İLAHİ ƏDALƏT qalib gələcək. Mütləq qalib gələcək! Sadəcə, geci-tezi var!
Bakı ş. Yanvar. 2019-cu il”.