Apelyasiya Məhkəməsinin qərarı prezident seçkisinin 2-ci turundan sonra veriləcək
Gürcüstandakı «Lancet» klinikasının həbsdə olan həmtəsisçisi Fərman Ceyranlının apelyasiya şikayəti ilə bağlı keçirilən növbəti prosesdə də yenə yekun qərar verilməyib. Hakimlər prosesi dekabrın 6-na qədər təxirə salıb.
Artıq neçənci dəfədir ki, Apelyasiya Məhkəməsi yekun qərar verə bilmir. Fərman Ceyranlının yaxınları məhkəmənin yubanmasını siyasi səbəblərlə izah edirlər. Onlar məhkəmənin Gürcüstandakı növbəti prezident seçkisindən sonra başa çatacağını düşünürlər.
Bu il oktyabrın 28-də prezident seçkisi keçirilib və qalib müəyyənləşməyib. 2-ci tur dekabrın 2-də keçiriləcək. Görünür, bu səbəbdən növbəti proses dekabrın 6-na təyin olunub. Apelyasiya Məhkəməsi doktorun qərarını “ikinci tur”dan sonraya saxlamaqla işin siyasi olduğunu göstərmək istəyib.
Gürcüstan Apelyasiya Məhkəməsi ötən iclasda F.Ceyranlının vəkillərinə prosesin noyabrın 14-də davam etdiriləcəyi bildirmişdi.
Doktorun apelyasiya şikayətinə baxılmasına bu ilin yazında başlanıb və müəyyən fasilələrlə proses bir neçə dəfə təxirə salınıb.
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.
1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Sonra Bakıda özünün “Lanset” klinikasını açıb. Ancaq bir müddət sonra Gürcüstana gedib və orada «Lancet» klinikasının qurub, onun həmtəsisçisi olub. Qısa zamanda klinika Qafqazda məşhurlaşıb. Azərbaycan, Dağıstan, Ermənistan, hətta keçmiş sovet respublikalarından belə bura xəstələr axışıb.
Fərman Ceyranlı ötən il mayın 22-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2016-cı ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.
F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, həbsinin səbəbini Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.