Məhkəmə şikayətçini haqlı sayır, istintaqçılar isə öz qərarını dəyişmir
Abşeron rayonu Xırdalan şəhər sakini Muradov Elçin redaksiyamıza müraciət edib. Onun bildirdiyinə görə 2015-ci ilin yanvar ayında iş yerində fiziki təziqə məruz qaldığı üçün polisə müraciət edib. Bundan sonra şikayətçi istintaqçılarla məhkəmə arasında ötür-ötür oyununa salınıb.
Elçin Muradov başına gələnləri belə anladıb: “2015-ci ilin yeni il şənlikləri keçirilməsi işləri Abşeron Rayonu Tarix diyarşunaslıq Muzeyinin rəssamı olaraq mənə tapşılmışdı. 2015-ci ilin yanvarın 3-də mənə 4 nəfər şəxs tərəfindən fiziki güc tətbiq edildi. Hadisə ilə bağlıAbşeron Rayon Polis İdarəsinə müraciət etdim. İş materillarının araşdırılması müstəntiq Hacıyev Emilə tapşırıldı. O, isə hansı səbəbdənsə təqsirli bildiyim şəxsləri müdafiə edərək cinayət işinin başlanılmasınin rədd edilməsi barədə qərar qəbul etdi. Abşeron rayon Prokurorluğu həmin qərarı əsaslı saydığı üçün məhkəməyə müraciət etdim. Abşeron məhkəməsi istintaqın yenidən aparılması üçün işi geri qaytarsa da, cinayət işə yenidən Emil Hacıyevə verildi. Az müddət içində müstəntiq cinayət işinin başlanılmasını rədd edən qərar verdi. Rayon prokurorluğu da həmin qərarı əsaslı saydığı üçün Respublika Prokrorluğuna etdiyim müraciətdən sonra araşdırılma işi Abşeron Rayon Polis Şöbəsindən alınaraq Sumqayıt Şəhər Polis İdarəsinə verildi”.
Şikayətçinin bildirdiyinə görə Sumqayıt Polisində də əvvəlki ssenari davam etdirilib. “Sumqayıt Polis İdarəsində müstəntiq Hüseynov Elgün heç bir istintaq hərəkəti aparmadan cinayət işinə xitam verir. Sumqayıt Şəhər prokuroru Sərdar İmanov isə qərarı əsaslı sayır. Yenidən məhkəməyə müraciətimdən sonra iş geri qayıdır və yenə əvvəlki müstəntiqə tapşırılır. Elgün Hüseynov bir gün ərzində öz qərarını dəyişdirmədən yeni qərar qəbul edir. Bu dəfə də prokuror onun qərarını əsaslı sayır. Yenidən şikayətimdən sonra iş digər müstəntiq Elşad Şahbazova tapşırılır. Bir-biri ilə sözləşmiş kimi o da əvvəlki müstəntiqlər kimi cinayət işinin icraatına xitam qərarı verir. Sumqayıt Şəhər prokuroru da bu qərarı yenə əsaslı sayır. Sonuncu qərardan verdiyim şikayətə Sumqayıt Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə baxılır. 2018-ci ilin sentyabrın 27-də baxılan prosesdə şikayətim təmin olunaraq Şahbazov Elçad Şaban oğlunun 20 may 2018-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarı ləğv olunur”,-deyə Elçin Muradov bildirib.
Bir Aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də iş materialı barədə bir xəbər olmadığını deyən şikayətçi Daxili İşlər Naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və ölkə prezidenti İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət edərək işin obyektiv araşdırılmasını istəyib.
Məsələ ilə bağlı adı şəkilən şəxslərin mövqe bildirmək haqları saxlanılır.
azadliq.info