“Biz Gülər Əhmədovanı təhqir yox, tənqid etmişik”
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Mübariz Qurbanlı eks-deputat Gülər Əhmədovanın son günlər haqqında səsləndirilən tənqidi fikilərlə görə prezident İlham Əliyevə ünvanladığı müraciətlə bağlı Modern.az-a açıqlama verib. YAP rəsmisi Gülər Əhmədovanın dediklərini qəbul etməyərək ona qarşı hər hansı təhqidə yol verilmədiyini bildirib.
“Yeni Azərbaycan Partiyası üzvlərinin Gülər Əhmədova haqqında səsləndirdikləri fikirlərdə hər hansı təhqiramiz fikilər olmayıb. Sadəcə Gülər Əhmədovanın hərəkətinə və fəaliyyətinə qiymət verib tənqid ediblər. Tənqidlərdə deputatın satqınlığı ilə bağlı fikirlərə rat gəlməmişəm. Sadəcə YAP üzvləri onun haqda tənqidi fikirlərini bildiriblər”, -deyə M.Qurbanlı münasibət bildirib.
Qeyd edək ki, adı rüşvət qalmaqalında hallanan sabiq deputat Gülər Əhmədova Facebook sosial şəbəkəsindəki statusunda ölkə prezidentinə müraciət edərək hakim partiya üzvləri tərəfindən təhqir edildiyini bildirib. G.Əhmədova həmçinin onun YAP-dan çıxarılması ilə bağlı hədələndiyini vurğulayıb.