Hazırda «boz kardinal»ın səlahiyyətləri Heydər Əliyevin vaxtındakından daha genişdir
Mahal İsmayıloğlu: «Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə onun yerini yalnız hakim ailəyə yaxın adam tuta bilər»
Artıq neçə vaxtdır ki, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılaraq Heydər Əliyev Mərkəzinə rəhbər təyin ediləcəyi barədə məlumatlar yayılmaqdadır. Bu məlumatların yaranmasının isə bir sıra səbəbləri var. Onlar sırasında əsas yeri Ramiz Mehdiyevin idarəçilikdəki mövcudluğudur. Çünki R.Mehdiyevin hər ötən il hakimiyyətdə daha da möhkəmlənməsi Ilham Əliyevin dövlət başçısı kimi varlığını kölgədə qoyur. Həm də cəmiyyətdə “ölkəni Ramiz Mehdiyev idarə edir” kimi bir rəy formalaşıb. Bu üzdən həmin mifi dağıtmaq üçün I.Əliyev R.Mehdiyevi dövlət idarəçiliyindən uzaqlaşdırmağı düşünür. Bu posta artıq bir sıra namizədlərin adı da hallanır. Bunlar dövlət başçısının çevrəsinə daxil olduğu iddia edilən PA-nın ərazi idarəetmə şöbəsini müdiri Zeynal Nağdəliyev, zəifləmiş qərbi azərbaycanlı qruplaşmasına daxil olan PA-nın hüquq şöbəsinin müdiri Fuad Ələsgərov və Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Bəs görəsən “boz kardinal”ın vəzifəsindən uzaqlaşdırılacağı nə dərəcədə realdır?
“Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal Ismayıloğlu bildirdi ki, Heydər Əliyevin dövründəki Ramiz Mehdiyevlə Ilham Əliyevin hakimiyyəti illərindəki “boz kordinal” arasında ciddi fərq var. R.Mehdiyevin təbiətcə icraçı məmur olduğunu deyən M.Ismayıloğlu vurğuladı ki, onun dövlət idarəçiliyində şəxsi təşəbbüslə çıxış etmək xüsusiyyəti yoxdur: “Ramiz Mehdiyev Heydər Əliyevin vaxtından hər hansı problemin həlli ilə müstəqil şəkildə məşğul olmur. O, yalnız dövlət başçısından gələn tapşırıqları icra etməklə kifayətlənir. Məsələn, cəmiyyətdə baş verən bir çox hadisələrdə Ramiz Mehdiyevin icraçı dəsti-xətti hiss olunur. Amma hazırda Ramiz Mehdiyevin səlahiyyətləri Heydər Əliyevin vaxtındakından daha genişdir. Bu məqam da, heç şübhəsiz, narahatlıq doğurmaya bilməz”.
Son zamanlar mətbuatda R.Mehdiyevin vəzifədən uzaqlaşdırıla biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirən M.Ismayıloğlu vurğuladı ki, bu, reallığa çevrilə bilər. M.Ismayıloğlu eyni zamanda bu posta namizəd kimi adları çəkilən Zeynal Nağdəliyev, Fuad Ələsgərov və Əli Əsədovun nə dərəcədə şanslı olmalarına da münasibət bildirdi: “Zaman da öz işini görür. Artıq Ramiz Mehdiyevin yetmiş beş yaşı var və onun Heydər Əliyev Mərkəzinə rəhbər təyin olunaraq vəzifəsindən uzaqlaşdırılması realdır. Amma bu vəzifəyə ailəyə yaxın adam təyin oluna bilər. Çünki uzun müddət ərzində Ramiz Mehdiyev hakim ailənin bir üzvü kimi qiymətləndirilirdi. Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə onun yerini hakim ailəyə o qədər də yaxın olmayan adamın tutacağını düşünmürəm”.
Hikmət