«Binə» Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova Əsli Həsənovanın 20 min manatını alaraq onu mağaza ilə təmin etmir
“Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova şəhid ailəsi Əsli Həsənovanın 20 min manatını mənimsəyib. Əsli Həsənova “Azadlıq”a ünvanladığı məktubda deyir ki, həyat yoldaşı Amil Haqverdiyev Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduqdan sonra ailəsini dolandırmaq üçün ticarətlə məşğul olmaq istəyib.
Əsli Həsənova bütün qızıl-zinət əşyalarını, hətta bəxt üzüyünü, bir sözlə dəyərli nəyi varsa sataraq 20 min manat pul düzəldib. Həmin pulu Kəbirə Məmmədovaya verib ki, “Binə” Ticarət Mərkəzində mağaza alsın. Lakin Kəbirə Məmmədova pulu aldıqdan sonra Əsli Həsənovanı mağaza ilə təmin etməyib. “Mən bütün olan qalanımı Kəbirə xanıma vermişəm. Indi müflis olmuş vəziyyətdəyəm. Dəfələrlə yanına gedib şəhid ailəsi olduğumu, vəziyyətimin pis olduğunu ona demişəm. Amma məni get-gələ salır. Dirəniş göstərəndə isə yanındakı adamlara deyir ki, bu xanıma yer verin. Onlar da verdiyim pula dəyməyən, ticarət mərkəzinin ucqarlarında, heç kimin gəlmədiyi bir yerdə mağaza təklif edirlər. Halbuki verdiyim pula görə normal yerdə mağaza ilə təmin olunmalıyam”.
Əsli Həsənovanın “Azadlıq”a yazdığı məktubun bir surəti də dövlət başçısı Ilham Əliyevə ünvanlanıb. Şəhid ailəsi Ilham Əliyevdən bu məsələdə ona yardımçı olmasını xahiş edir.