“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin həbsinin dörd ili tamam oldu. 2014-cü il avqustun 29-da həbs olunan jurnalist hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Nigar Həzi “Azadliq.info”nun suallarını cavablandırarkən bildirib ki, cəzaçəkmə müəssisəsində Seymuru ziyarət edərkən heç vaxt onda peşmançılıq hiss etməyib, giley-güzar eşitməyib. Əksinə, Seymur özü onu ziyarət edənlərə təsəlli verir: “Əvvəla, Seymur xaraktercə çətinlikdən şikayətlənən adam deyil. İkincisi, o, bu mübarizəyə qoşulanda mümkün riskləri, təhlükələri də gözə almışdı. Mübarizə adamı bu yola başlayanda çətinlikləri də nəzərə almalıdır”.
N.Həzi deyir ki, haqlı və ya haqsız, həbsxana insan həyatından günləri aparır. Seymura verilən beş illik cəzanın bitməsinə bir il qalıb. Zarafatyana “Artıq geriyə sayım başlayır” deyən Nigar əlavə edir ki, indiyədək özünün, atası Tofiq Yaqublunun və nəhayət, həyat yoldaşının həbsdə keçirdiyi günləri nəzərə alanda, bir il ona kiçik rəqəm görünür: “Əlbəttə, həbsxanada bircə gün də xoş deyil. Amma mübarizə adamları üçün bu, dözülməz hal deyil. Neçə illəri yola salmışıq, bir il nədir ki…”
Seymurun vaxtından əvvəl buraxılması ilə bağlı Nigarın gözləntisi varmı? Deyir ki, yox. Həyat yoldaşının sözlərinə görə, heç Seymur özü də bu haqda dşünmür: “İnanın, heç bizim söhbətlərimizin müzakirə mövzusu da deyil bu məsələ. Biz özümüzü qətiyyən buna kökləməmişik. Adama deyərlər ki, “bu nə pəhriz, bu nə turşu”. Bu mübarizədə həbsxana həyatı riskinin böyük olduğunu hamımız yaxşı bilirdik. O cümlədən, Seymur da şüurlu şəkildə mübarizəyə qoşulmuş adamdır. Bizim gözümüzün önündə Əli İnsanov nümunəsi olub – cəzanın bitməsinə az qalmış yeni cinayət işi açıb, həbs müddətini daha yeddi il artırıblar. Seymura qarşı eyni cür davranmasınlar, vaxtından əvvəl buraxılmaq gözləntimiz yoxdur”.
S.Həzi Abşeron rayonu, Ceyranbatan qəsəbəsində evlərindən çıxıb işə gələrkən tanımadığı şəxs ona yaxınlaşaraq, “facebook”da yazdığı mesajlara niyə cavab vermədiyini soruşub. Seymur cavabında deyib ki, ola bilsin, diqqətindən yayınıb. Bundan sonra həmin şəxs jurnalistə hücum edib, onu vurmağa başlayıb.
Nəticədə jurnalistin barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, 5 il azadlıqdan məhrum edilib.
Seymurun məhkəməsində məlum olub ki, həmin şəxs ümumiyyətlə, “facebook”dan istifadə etməyi bacarmır.
S.Həzi hələ həbsindən bir neçə gün öncə yaxın günlərdə həbs olunacağı barədə xəbərdarlıq almışdı.
Yerli və beynəlxalq insan haqları təşkilatları da Seymurun təxribat yoluyla həbs olunduğunu bəyan edib. Səbəb isə onun “Azadlıq” qəzetində hakimiyyəti, o cümlədən birbaşa prezidenti tənqid edən məqalələri, həmçinin “Azərbaycan saatı” televiziya proqramındakı fəaliyyəti idi.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı S.Həzini “vicdan məhbusu” elan edib.
azadliq.info