“Şəhriyar o boyda şahmatçıdır, 2000 manat maaş alır. Onu da birdən verirlər, birdən də vermirlər”, nüfuzlu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun atası deyib.
Həmid Məmmədyarov BBC News Azərbaycancaya bildirib ki, Federasiyanın Şəhriyara etdiyi “kiçik köməklər” kifayət etmir.
“Köməkçilərin xərclərini də hesablayanda böyük vəsait lazım olur. Federasiyanın Şəhriyara etdiyi kiçik köməklər bəs etmir. O da dözdü, dözdü, axırda dilləndi.
Deyirlər ki, məşqçi gətiriblər. Məşqçi adıyla gətirdikləri şahmat birinciləri idi. Şəhriyar Məmmədyarovun bir məşqçisi var. O da mənəm. Başqa məşqçisi yoxdur”, Məmmədyarovun atası deyib.
Tanınmış Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Facebook səhifəsində yarışlarda iştirak üçün “sponsor tapa bilmədiyi” yazılıb.
“Çox heyif, amma şahmat belə məni bezdirdi! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?” hazırda ABŞ-ın Saint Louis şəhərində keçirilən şahmat turnirində iştirak edən qrossmeysterin Facebook səhifəsində belə yazılıb.
Statusla bağlı hazırda ABŞ-da olan şahmatçı ilə əlaqə yarada bilmədik.