Azərbaycanda insan haqlarının durumu ilə bağlı vəziyyət dözülməz həddə çatıb. Hakimiyyətin repressiv siyasəti nəticəsində heç bir əsas və dəlil olmadan insanlar çox asanlıqla işdən çıxarılır, polisə çağrılır, hədə- qorxuya, təzyiqlərə məruz qalır və həbs olunurlar. Ölkəmiz siyasi məhbusların sayına görə neçə illərdir ki, Avropanın lider ölkələrindən biridir.
Təəssüflə qeyd edilməlidir ki, Azərbaycan hakimiyyəti onun siyasətini bəyənməyən, qəbul etməyən insanları şərləyib həbs etməklə işini bitmiş hesab etmir. Həmin insanları həbs yerlərində gözüm- çıxdıya salır, aşağılayıcı münasibət göstərir, hüquqlarını pozur, səhhətində problem olan siyasi məhbusların müayinə və müalicə olunmasına imkan vermir. Nəticədə insanlar həyatını itirməli olur. Məhz hakimiyyətin yürütdüyü anti- insani, qanunsuz siyasət nəticəsində AXCP üzvü Elnur Fərəcov Milli Şuranın mitinqlərində iştirak etdiyinə görə əvəlcə təzyiqlərə məruz qalır, işdən çıxarılır, sonra isə saxta ittihamlarla həbs olunur. O həbs müddətində baxımsızlıq şəraitində, düzgün olmayan qidalanma, saxlanma, yarıtmaz tibbi xidmət nəticəsində həbs yerində xəstəlik tapmış və uzun müddət müalicədən kənarda qalmışdır. Ictimai təpkidən sonra isə ona “diqqət yetirən” Pentensiar Xidmətin müvafiq qurumları onu düzgün olmayan istiqamətdə “müalicə” etmişdir. Yanlış müalicə ucbatından, əslində müalicəsinə imkan verilməyən Elnur Fərəcovun səhhətinin daha da ağırlaşdığını görən hakimiyyət məcbur olub onu cari ilin may ayında həbsdən azad etsə də o, bir neçə gün öncə vəfat etdi. Uzun müddət müalicə olunmaması səbəbindən Elnur Fərəcovun səhhəti elə bir vəziyyətə düşmüşdü ki, onu həyatda saxlamaq mümkün olmadı. Elnur Fərəcov məhz şərlənib həbs olunduğuna, uzun müddət baxımsız, insan həyatı üçün təhlükəli şəraitdə saxlandığı və müalicə olunmadığı üçün 31 yaşında həyatla vidalaşdı…
Ölkədə tüğyan edən korrupsiyanı, talanı, monopoliyanı, məmur harınlığını ifşa etdiyinə görə şərlənib həbs olunan Mehman Hüseynova hakimiyyət daha bir anti- insani, qisasçı münasibəti göstərdi. Övladının biri Mehman Hüseynov girovluqda- həbsdə olduğuna, digəri Emin Hüseynov ölkədən didərgin salındığına görə oğul həsrətinə dözməyib Hüseynovların anası dünyasını dəyişdi. Firəngiz Hüseynova ömrünün son günlərini yaşayarkən, xəstəxanada ağır vəziyyətdə olarkən ictimaiyyətin təkidli çağırışlarına baxmayaraq hakimiyyət Mehman Hüseynova anası ilə görüşməsinə imkan vermədi. Əslində həm Firəngiz Hüseynovanın, həm də Elnur Fərəcovun ölümü hakimiyyətin anti- xalq siyasətindən qaynaqlanan siyasi qətldir. Övladları hakimiyyətin qəzəbinə tuş gəlib repressiyaya məruz qalmasaydılar, biri ölkədən sürgün edilib, digəri həbs olunmasaydı Firəngiz ana həyatla belə tez vidalaşmazdı. Qanunsuz həbs olunub, fiziki, psixoloji təzyiqlərə məruz qalmasaydı, insan sağlamlığı üçün təhlükəli şəraitdə və yerdə saxlnmasaydı, vaxtında və düzgün müalicə olunsaydı heç şübhəsiz Elnur Fərəcov ömrünün bahar çağında vəfat etməzdi.
Milli Şura hakimiyyətin yarıtmaz siyasətinin qurbanı olmuş hər iki şəxsə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə, yaxılarına, bütünlükdə demokratik camiyyəyə dərin hüznlə baş sağlığı verir. Hər iki dəyərli insanı- Firəngiz Hüseynovanı və Elnur Fərəcovu demokratiya və azadlıq uğrunda apardığımız mübarizənin növbəti şəhidləri hesab edir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkədə demokratik dəyişikliklər uğrunda mübarizə aparan ictimai- siyasi fəallara, eləcə də həbsdə olan siyasi məhbuslara qarşı hakimiyyətin qisasçı, qəddar münasibəti davam edir. Milli Şura hakimiyyətdən bu siyasəti durdurmağı, şərlənib həbs olunan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir.