Bu gün çoxdan yazmaq istədiyim və əminəm ki, əksəriyyətinizi narahat edən bir mövzuya toxunacağam. Söhbət pullu dayanacaqlardan gedir. Şəhərin mərkəzində, nəqliyyatın gur, gediş-gəlişin sıx olduğu yerlərdə yolkənarı avtomobil dayanacaqlarının qadağan edilməsinə müsbət yanaşıram və belə məkanlarda xüsusi dayanacaqların tikilib əhalinin istifadəsinə verilməsini zəruri hesab edirəm. Düzdür, bu zaman qiymətlər əhalinin gəlirlərinə uyğunlaşdırılmalı, maaşlara və pensiyalara müvafiq olmalıdır. Ancaq heç bir məntiqə sığmayan bir durum var ki, o da şəhərin istər mərkəzində, istər şəhərətrafı ərazilərdə, istərsə də şəhəriçi, nəqliyyatın seyrək olduğu ara küçələrdə addımbaşı avtomobil saxlamağa görə vətəndaşlardan pul tələb edilməsidir. Bəzən bunu küçələrə parking avtomatı yerləşdirməklə, əksərən onsuz, lakin bütün hallarda xüsusi nəzarətçilərin iştirakı ilə gerçəkləşdirirlər. Sürücülərdən hər saata görə bir, hətta iki manat alan dayanacaqlar var. Təsəvvür edin ki, bir insan gün ərzində iki-üç ünvana gedib hərəsində 2 saat vaxt keçirməli olsa, bu ona ən azı 3, daha çox hallarda 6, bəzən 10-12 manata başa gəlir. Bu, bir ay ərzində 100 manatdan artıq pul deməkdir. Bir ölkənin orta məktəb müəllimi 200, ali məktəb müəllimi 400, həkimi 200 manat alırsa, bu pulu necə ödəməlidir?! Maaşının yarısını parking üçün xərcləməlidirmi?! Amma məni bu problemin mənəvi tərəfi daha çox düşündürür. Əgər maşını yol kənarında saxlamaq mümkündürsə, bu, nəqliyyatın və piyadaların hərəkətinə problem yaratmırsa, nədən vətəndaşlar bunun üçün pul ödəməlidir?! Nəqliyyat axınının zəif olduğu ara küçələrdə maşın saxlamaq nədən pullu olmalıdır? Məgər bizlər- Azərbaycan vətəndaşları öz ölkəmizdə yaşamırıqmı?! Məgər kimlərsə bu ölkənin neftini, qazını, dənizini özəlləşdirdikləri kimi Bakı şəhərini də bütövlükdə özəlləşdiriblərmi ki, biz də Bakının üzərində maşın saxladığımız hər qarışına görə pul ödəməliyik?! Ölkə əhalisinin 70 faizinin işsiz olduğu halda, işləyənlərin 200-300 manat maaşın ümidinə qaldığı halda hökumət hansı üzlə vətəndaşları belə quldurcasına soyur?! Maaş, pensiya vermədiyi vətəndaşlardan hansı mənəvi haqla belə yüksək ödənişlər tələb edir?! Məgər bu ölkə özəl obyektdirmi ki, onun üzərində hərəkət etmək də, dayanmaq da pullu olsun?! Yaşadığım küçədə əvvəldən həmişə maşınlar üçün pulsuz dayanacaq yeri olub. Heç kimə maneə yaratmadan insanlar orada maşın saxlayardılar. İndi pullu dayanacaq ediblər. Niyə, nə dəyişib ki?! Yığılan pulların xeyrini kim görüb ki?! Son vaxtlar Bəşir Səfəroğlu küçəsində, SAT Plaza yerləşən ünvana tez-tez getməli oluram. Bir parking avtomatı quraşdırıblar. Heç vaxt işləmir. Dayanacağa nəzarət edən kobud, mədəniyyətsiz bir şəxs hər saata görə bir manat pul alır və hətta dayanacağa aid olmayan qonşu ərazilərdə maşın saxlayan insanları da incidir. Hələ bir dəfə kiməsə qəbz ödədiyini görməmişəm. Yaxınlaşıb qəbz istədikdə, “gedin kimə istəyirsiniz, şikayət edin” deyir. Məqsədim bir kiçik adamı dartışmaq deyil, korrupsiyanın mexanizmini açmaqdır. Əhalidən yığılan bu qədər pulun hesabatı aparılmır və görünür bu korrupsiyanın arxasında lap yuxarılar dayandığı üçün kiçik icraçılar da vətəndaşlarla belə kobud rəftardan çəkinmirlər. Söhbət milyonlardan, on milyonlardan gedir. Bir sözlə, dayanacaqlarla bağlı baş verənlər dəyəbəylikdir, təmiz korrupsiyadır, xalqı heçə saymaqdır. Mən bu dərəbəyliyə etiraz edirəm və sizi də bu etiraza qoşulmağa çağırıram.