Hakimiyyətə yaxın Azəri Press Agentliyi (APA) bağlanıb. Hazırda holdinqə daxil olan saytların heç birinə giriş mümkün deyil – nə ölkə daxilindən, nə də xaricdən.
Agentliyin bağlanmasına səbəb kimi İlham Əliyevin bir çıxışı barədə məlumatda yanlışlığa yol verilməsi göstərilir. Belə ki, İlham Əliyev Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibələri, Çernobıl əlillərinə, şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışında Ermənistanla bağlı “sarsıdacağıq” ifadəsi işlətdiyi halda APA “çökdürəcəyik” yazıb. Bundan dərhal sonra APA holdinq “APA yanlışlığa görə üzr istəyir” başlığı ilə təkzib də yayıb. Lakin holdinqə güzəşt olmayıb, onun bütün saytları dərhal bağlanıb.
APA-nın fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı bilinməsi bu hadisənin arxasında hakimiyyətdaxili savaşın durduğu qənatəini yaradır.
AXCP sədri Əli Kərimli də bunu klanlararası mübarizənin təzahürü kimi qiymətləndirib. O, feysbuk səhifəsində bunları yazıb:
Rejim öz balalarını yeyir. APA-ya girişin qadağan olunması təsadüfi deyil. Klanlararası mübarizənin yeni mərhələsidir. Oxuyanda ki, İlham Əliyevin adından “Ermənistanı çökdürəcəyik” ifadəsini yaydığı üçün APA.az, Lent.az saytlarına giriş qadağan olunub, əvvəlcə inanmadım. Özüm də yoxladım. Həqiqətən də saytlara giriş mümkün deyil. Bəs bu yazıq APA, Lent.az illərlə sizin saxta məlumatlarınızı tirajlamışdı, sizə görə millətlə üz-göz olmuşdu, “bir salama dəymədi?” Ermənistanın nüfuzu nə yaman qalxıb gözünüzdə. Bəs bir ay qabaq Kremlin tapşırığı ilə “dava-dava” oynayırdınız, nə oldu, tapşırıq dəyişib? İndi Ermənistanın əleyhinə ifadə paylaşmış agentliyi rejiminiz qarşısındakı bütün xidmətlərinə rəğmən bir göz qırpımında qadağan etdiniz? Rejimə xidmət edənlərin hamısı ayılmalı, səhv yoldan dönməlidir. Getdiklәri səhv yolun heç bir perspektivi yoxdur!