İtaliyanın baş naziri canlı efirdə aparıcını və iştirakçıları təhqir edib
İtaliyanın baş naziri Silvio Berluskoni ətrafında qalmaqal yeni çalarlar alır. Yeni söz-söhbətlərin qızışmasına baş nazirin özü səbəb olub. O, İtaliyanın “LA7” kanalında canlı yayımlanan siyasi debat proqramına zəng edərək proqram aparıcısını və debat iştirakçılarını təhqir edib.
Həmin gün canlı yayımlanan “L`İnfedele” debat-proqramının müzakirəyə çıxardığı mövzu İtaliyadakı seks qalmaqalı idi.
Proqramda Berluskonini ittiham edən qadınlar da iştirak edirdi. Gözlənilmədən Berluskoni efirə zəng edir və proqram aparıcısı Gad Lernerlə mübahisəyə başlayır. Deyir ki, bütün bu ittihamlar yalandır, ona qarşı qarayaxma kampaniyasıdır. Bundan sonra Berluskoni proqramı və onun iştirakçılarını təhqir etməyə başlayır:
– Sizin proqram iyrənc bir formada hazırlanan murdar bir verilişdir.
Lerner ittihamlrla bağlı prokurorluğun apardığı təhqiqatı Berluskoniyə xatırladır:
– Niyə camaati təhqir edirsiz, niyə əvəzində prokurorluğa gedib izahat vermirsiz?
Onun bu sözləri Berluskonini tamamilə özündən çıxarır. Qızışan mübahisədə Berlusconi proqramı fahişəxana adlandırır.
74 yaşlı Berluskoninin canlı efirdəki qəzəbi onun vəziyyətinin nə dərəcədə ağır olduğundan xəbər verir. Debat proqramının yayımlandığı “LA7” Berluskoninin nəzarəti altında olmayan nadir TV kanallardan biridir. İtaliya mediasının böyük hissəsi birbaşa və ya dolayısı ilə Berlusconinin əlindədir.
Milan şəhərinin prokurorluğu parlamentə 389 səhifəlik material yönəldib və iddi edir ki, sənədlərdə Beluskoninin qədim peşə sahibləri ilə cinsi əlaqədə olmasını, bu qadınlara maddi yardım göstərməsini sübut edən dəlillər var.
İttihamların mərkəzində Karima El Mahrougun adlı Mərakeşli rəqqasənin etirafları durur. O iddia edir ki, hələ 17 yaşı olanda baş nazirin evindəki eyş-işrətlərə cəlb olunub.
Berluskoni El Mahrougla hər hansı cinsi əlaqədə olduğunu inkar edir. Deyir ki, sadəcə olaraq onu ötən ilin mayında oğurluq ittihamı ilə həbs edilərkən Milan polisindən azad etdirib (“Azadlıq” radiosu).