Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.
Hadisə zamanı sürücü Çingiz Eminov və adı hələ ki, məlum olmayan 18 yaşlı qız sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət alıb. Yaralılar Gəraybəyli kənd sakinlərinin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslər, Göyçay rayon sakinləri – 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın da dünyasını dəyişdiyi bildirilir.
Hazırda digər yaralıların vəziyyəti ağır olaraq qalır.
APA