İranla soyuq müharibə nə qədər çəkə bilər?
Tehran Azərbaycana nələr təklif edib?
Azərbaycanın Iranla münasibətləri gərgin həddə çatıb. Hər iki ölkənin telekanalları qarşılıqlı ittihamlar yağdırır. Hətta rəsmi şəxslər səviyyəsində Iranın Azərbaycanın daxili işinə qarışdığı, burada sabitliyi pozmağa can atdığı barədə fikirlər səslənir. Hicab qadağası ilə baş qaldıran məsələ böyüməkdə davam edir. Əslində nə baş verir? Iki ölkə arasında vəziyyəti təkcə hicab qadağası qarışdırdımı?
Məsələ ilə bağlı politoloqlar Vəfa Quluzadə və Zərdüşt Əlizadənin fikirlərini öyrəndik.
– İranla Azərbaycan arasında nə baş verir? Hər şey üzdə göründüyü kimi hicab məsələsidir, yoxsa başqa pərdəarxası məqamlar var?
Vəfa Quluzadə:
– İran hicab məsələsindən istifadə edib Azərbaycanda gəncləri, eyni zamanda öz tərəfdarlarını ayağa qaldırmaq istəyir. Bunu çox təhlükəli bir aksiya hesab edirəm. Bu aksiya Azərbaycanın müstəqilliyinin əleyhinə yönələ bilər. Bu, təkcə hicab aksiyası deyil. Normal dövlətlərdə kim istəyir hicab taxır, istəməyən taxmır. Ancaq nə oldu, birdən birə hicaba görə narahatlıq yarandı. Qoy bizdə də demokratik dövlətlərdəki kimi hicab azad olsun. Kim istəyir taxsın, istəməyən taxmasın. Iran hakimiyyəti ələ almaq, devirmək öz tərəfdarlarını hakimiyyətə gətirmək istəyir. Iran özü Qərb tərəfdən zərbə altındadır. Təsəvvür edin ki, bu cür şəraitdə Azərbaycan islam dövləti olur. Bu, Iran üçün çox əlverişli bir hadisə olardı. Yadınıza salın SSRI-ni. Sovet İttifaqı da dünya inqilabı etmək istəyirdi.
Bu, nə dərəcədə real idi? Heç cür. Ona görə də Iranın niyyətini real hesab etmirəm.
Zərdüşt Əlizadə:
– Azərbaycanda insan haqları pozulanda Qərb etiraz edir. İndi də dindar müsəlmanların haqları pozulub, İran etiraz edir. İranın daxilində qəzetlər yazır ki, Azərbaycanda möminlərə basqılar var. Əgər Iran səsini çıxarmasa, ölkədə narazılıq yaranar ki, siz necə müsəlman dövlətisiniz. Guya bütün dünya müsəlmanlarının müdafiəsindəsiniz, ancaq Azərbaycanda müsəlmanların hüquqları pozulur, siz danışmırsınız.
– Həm İranın, həm də Azərbaycanın telekanallarında qarşılıqlı ittiham kampaniyası başlayıb. Hətta rəsmi şəxslər səviyyəsində də ittihamlar olur. Necə hesab edirsiniz, bu diplomatik əlaqələrin kəsilməsinə səbəb ola bilər?
Vəfa Quluzadə:
– Gərginliyə gətirib çıxara bilər. Bu vaxta qədər müxtəlif problemlər çıxıb, bundan sonra da çıxacaq. Ona görə buna fikir vermək lazım deyil. Ilk növbədə biz gərək ölkəmizin, xalqımızın mənəvi dəyərlərini, siyasi dəyərlərini müdafiə etmək iqtidarında olaq.
Zərdüşt Əlizadə:
– Diplomatik münasibətlərə təsir etməyəcək. Diplomatiyanın qaydalarını bilməyənlər elə bilir ki, bu dəqiqə Iranla Azərbaycan savaşacaq. Xeyr, elə deyil. Rəhbər xadimlərin özlərinin daxili əxlaqı var. Onlar belə şeyləri daxili istehsal üçün hesablayır. Amma öz aralarında münasibətlər normaldır. Bir də görəcəksiz sabah Iran prezidenti gəlib deyəcək “qardaşım İlham Əliyev”. O da deyəcək “qardaşım Əhmədinejad”.
– Belə bir fikir var ki, Azərbaycan Qərblə Iran arasında seçim məsələsində gec-tez mövqeyini ortalığa qoymalı idi. Indiki gərginliyin yaranmasının da əsas səbəbi odur ki, seçim zamanı Azərbaycan çətinlik çəkməsin. Siz necə hesab edirsiniz?
Vəfa Quluzadə:
– Azərbaycan heç vaxt Iranın xeyrinə seçim etməyib.
Həmişə dünyavi dövlət olub. Iran bizə təklif etmişdi ki, Konstitusiyada Azərbaycan islam dövləti adlandırılsın. Bu da olmadı. Azərbaycan dünyəvi dövlətdir və din siyasətdən ayrıdır. Ona görə də Iranın lehinə seçim etməmişik.
Zərdüşt Əlizadə:
– Azərbaycanın nə potensialı var ki, Qərbin Iranla toqquşmasında hansısa rol oynasın. Maksimum Qərb qoşunları üçün meydança ola bilər. O meydançanı da elə vurarlar ki, Azərbaycanın adı yadından çıxar.
– Hər halda İran qonşu dövlətdir və hətta dünyanın supergücləri ilə baş-başa gəlməyə çəkinmir. Belə bir dövlətin Azərbaycanla toqquşması ölkəmizə nə vəd edir?
Vəfa Quluzadə:
– İran hələ ki, dünyanın heç bir dövləti ilə toqquşmayıb. Aparıcı dövlətlər İrana təzyiq edir və bu təzyiqlər də nəticələrini verir. Iranda həyat günü gündən gərginləşir, ancaq bunlara məhəl qoymur. Qərb hesab edir ki, Iran atom bombasını yaradıb masanın üstünə qoymaq və özünü nüvə dövləti adlandıraraq məqsədlərinə nail olmaq istəyir. Azərbaycan isə öz maraqlarını müdafiə etməlidir. Qorxmamalıdır ki, Iran bizdən böyükdür, ona görə onunla toqquşmayaq. Belə siyasət olmaz. Axıra qədər toqquşaq və qələbə çalaq. Qələbə çalmasaq da, bu, Allahın işidir. Amma öz dəyərlərimizi heç kəsə qurban verməməliyik.
Zərdüşt Əlizadə:
– Münasibətlər normaldır, narahat olmağa dəyməz. Hər iki ölkənin rəhbərliyinə lazım olan işləri özləri sakit şəkildə həll edirlər.
– Gərginliyin yaranmasında başqa hansı güclər maraqlı ola bilər?
Vəfa Quluzadə:
– Hesab etmirəm ki, Azərbaycan-Iran gərginləşməsində başqa tərəflər maraqlıdır. Qərb maraqlıdır ki, Azərbaycan dünyəvi, demokratik dövlət olsun. Sözsüz ki, Iranın bizə təzyiqləri artsa, Qərb tərəfimizdə çıxış edəcək. Türkiyə də Azərbaycanı müdafiə edəcək. Çünki demokratik, dünyəvi dövlətdir. Baxmayaraq ki, orada islamçı qüvvələr olduqca fəaldır.
Zərdüşt Əlizadə:
– Heç bir üçüncü qüvvə yoxdur. Elə bizim hakimiyyətin ağılsızlığıdır. Qaşınmayan yerdən qan çıxarırlar.
– Bir vaxtlar Iranda azərbaycanlılar üçün məktəb məsələsi, insan haqları problemləri qabardılanda hazırda Iranı ittiham edənlər bu fikirləri səsləndirənləri diletant adlandırırdı və qonşu dövlətin daxili işinə qarışmaqda ittiham edirdilər. Amma indi özləri daha sərt formada çıxış edirlər. Bunu necə izah etmək olar?
Vəfa Quluzadə:
– İranda azərbaycanlılar yaşayır. Biz orda istənilən humanitar məsələləri qaldıra bilərik. Bu, Iranın daxili işlərinə qarışmaq deyil. Tələb edə bilərik ki, orda Azərbaycan dilində məktəblər də, institutlar da olsun. Iranda ermənilərə böyük hörmət olunur. Parlamentdə təmsil olunurlar, məktəbləri var. Biz də öz rəyimizi deməliyik. Qorxmaq lazım deyil.
Zərdüşt Əlizadə:
– O zaman Iran tərəfi bilirdi ki, Azərbaycan rəhbərliyi həqiqətən də bunu düşünür. Ancaq indiki Iran rəhbərliyi Azərbaycan hakimiyyətinin öz xalqına münasibətini çox gözəl bilir. Bilirlər ki, bizim hakim zümrə Azərbaycana ot biçə biləcəkləri, qoyun otara biləcəkləri çəmən kimi, xalqımıza da qoyun kimi baxırlar. Onlara mənəvi dəyərlər mane olur. Ona görə bütün bu sözlər Iranın vecinə deyil.
– Hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?
Vəfa Quluzadə:
– İndiyə qədər Azərbaycan Iranın bütün təxribatlarına qarşı dayanıb. Hava, dəniz hüdudlarımızı pozublar, dayanmışıq. Çətinlik törədirlər. Ancaq buna dözüb qələbə çalmalıyıq, çalxalanmamalıyıq. Azərbaycan neçə il xristian imperiyasının tərkibində olub. 70 il də ateist Rusiyanın bir hissəsi olub. Sovetlər tərəfindən din tamamilə basılıb. Indi Iran üç günün içində Azərbaycanı özü kimi etmək istəyir. Bunu edə bilməz. Bu, həyata keçməyən xülya, siyasi oyundur. Iranın özü də bilir ki, Azərbaycanı qısa müddət dini dövlət etmək mümkün deyil.
Zərdüşt Əlizadə:
– Heç nə gözləmirəm. Iranla bağlı nə isə ola bilər.
Ancaq Azərbaycan-Iran münasibətləri əvvəlki kimi olacaq. Deyişəcəklər, danışacaqlar. Sonra da hər şey sakitləşəcək. Türkiyə ilə, Türkmənistanla münasibətlər korlanmışdı. Indi hər şey qaydasındadır. Indi də elə olacaq. Iran istəyir ki, Azərbaycandan ona təhlükə gəlməsin.
– Bu da faktdır ki, Azərbaycanın müəyyən regionlarında Iranın dayaqları var. O qüvvələrin hesabına hər hansı bir qarışıqlıq yaratmaq olar?
Vəfa Quluzadə:
– Onların hesabına heç nə etmək mümkün deyil. Çünki o qüvvələr lazımı qədər güclü deyil ki, hakimiyyəti ələ alsın və burda islam dövləti yaratsın. Həmin qüvvələri istənilən vaxt ram etmək mümkündür. Əhalinin əksər hissəsi də onların tərəfində olmayacaq. Çünki əksəriyyət dünyəvi fikirlidir.
Zərdüşt Əlizadə:
– Xeyir, heç nə etmək mümkün olmayacaq. Azərbaycan xalqını elə halsız vəziyyətə gətiriblər ki, heç nəyə qadir deyil.
Fizzə Heydərli