Abbas Hüseyni həbsdə yenə çarmıxa çəkiblər

«İki gündür oğlumu Qobustan həbsxanasında çarmıxa çəkirlər. Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İnsan insana belə zülm edər?». «Nardaran məhbusu» Abbas Hüseynin anası Rəhimə Hüseynova Azadlıq Radiosuna belə deyib.

Ananın sözlərinə görə, Abbas özü mayın 10-da imkan tapıb onlara başına gələnləri xəbər verib: «Bu gün onun evlə danışıq günü idi. Həmişəkindən gec zəng elədi. Danışanda dedi ki, onu elə dirəkdən açıb telefon otağına gətiriblər».

R.Hüseynova bir neçə gün öncə də bildirmişdi ki, Abbas AXCP sədri Əli Kərimlini ad günü münasibətilə təbrik edəndən sonra ona qarşı işgəncələr başlayıb. Onu Qobustan həbsxanasında rəis müavini də daxil, 4-5 nəfər döyüb, üç gün əlləri qandallı vəziyyətdə cərimə kamerasında – «kars»da saxlayıblar.

R.Hüseynova deyir ki, həmin vaxt bu məsələni ictimailəşdirməklə yanaşı, həm də Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə görüşüb, onlardan oğluna baş çəkmələrini xahiş edib: «Bu orqanlardan yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona baş çəkiblər. Abbas da başına açılan oyunları onlara danışıb. Elə Qırmızı Xaçın nümayəndələri gedəndən sonra Abbasa yenidən əziyyət verməyə başlayıblar. O da buna etiraz olaraq, aclıq aksiyasına başlayıb. Bundan sonrakı günlərdə onu hər gün dirəyə bağlayıb səhərdən axşama qədər açıq havada saxlayırlar».

A.Hüsey daha öncə də içəridə ona işgəncə verildiyini, 2017-ci ilin avqustunda Qobustan həbsxanasında günün altında dəmir dirəyə bağlanıb döyüldüyünü bildirmiş, vəkili Yalçın İmanov bu məlumatı ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.