Şuşanın işğalından 26 il keçir. 26 il bir insan ömrü üçün çox uzun zamandır.
Şuşadan çıxanda südəmər körpələrin əksəriyyəti indi artıq özləri də valideyndir. Yaşlı insanların əksəriyyəti vətən həsrəti ilə bu dünyadan niskilli köçdü. Şuşasız doğulan, böyüyən yeni nəsil yetişdi. Təəssüf ki hələ də bu işğalı ortadan qaldırmağa gücümüz yetmir.
Şəxsən tanıdığım bir qrup şuşalı hələ də uca səslə “möhtərəm prezidentim danışıqlarla məsələni həll edəcək və biz ona inanırıq” deyərək kef-damaqdadır. Bahalı maşınlarda gəzir, villalarda, bağlarda, otellərdə istirahət edir, təmtəraqlı restoranlarda yeyib-içir, qonaqlıqlar, şənliklər keçirirlər.
Onlar Şuşaya dönmək istəyər? Bilmirəm!
Digər bir qrup “mənlik nə var ki, sadə adamam, mənim edəcəyim heç nə yoxdur” deyərək özünə təsəlli verir. Xeyir-şər məclislərində görüşəndə şuşalı günləri ötəri xatırlayır, məyus olur və bununla da öz mənəvi borclarını yerinə yetirmiş kimi davam edirlər. Beləcə Allahın verdiyi ömür payının nə zaman bitəcəyini gözləyirlər. Onlar üçün Şuşa olsa da olar, olmasa da.
Bəziləri “Şuşaya qayıtmaq üçün nə edirsən” sualından sanki diksinir, qorxur, bunu eşitmək belə istəmirlər. Yaxınları, qohumları, doğmaları elə həlledici mövqedə möhkəmlənib və söz sahiblərinə çevriliblər ki, onlara Şuşanı xatırlatmaq belə risklidir. Yəqin ki Şuşa heç vaxt onlara da lazım olmayacaq!
Böyük bir qrup isə ürəyindəki vətən həsrəti ilə əriyir, “qaçqın” sözünü eşitdikcə xəcalətdən büzüşür, çarəsizlik içərisində düyasını dəyişir. Hətta bu şuşalılar arasında öz vətəninə sürünərək getmək arzusunda olan xeyli ağbirçək analar, ağsaqqal atalar və ortayaşlı insanlar var. Şuşadan danışanda gözləri dolur…
Mən bilmirəm, bu qrupların hansı haqlıdır? Bu düşüncədə olduqları üçün onları qınamaq və ya anlamaq lazım olduğunu deməyə çətinlik çəkirəm.
Məhz Şuşaya sürünərək getmək istəyən şuşalılar üçün və müqəddəs şəhid ruhlarına görə Şuşaya qayıtmaq uğrunda ən çətin mübarizəyə hazır olmalıyıq. İşğal edilmiş yurdlarımız uğrunda Azərbaycanın hər guşəsindən vaxtilə döyüşə atılan çoxlu igid oğullarımız olub. Çoxsaylı şəhid vermişik. İndi də ölkəmizin hər guşəsindən olan vətənpərvər oğullar yenidən səfərbər olmalıdır. Yaxşıların xatirinə həmrəy olmalıyıq!
Nəsimi Məmmədli