Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını səhərdən başlanan itaətsizlik tədbirlərini başa vurub, bütün yolları saat 17-də açaraq Respublika meydanına toplanmağa çağırıb.
O, bugünkü aksiyaların misilsiz miqyas aldığını, hazırda Yerevanda, respublikada bağlı olmayan yol qalmadığını bildirib.
“Mən saat 17-dən bütün bağlı yolları açmağa çağırıram. Yolları açın ki, istəyənlər saat 19-da mitinqə gələ bilsinlər. Sizdə yolları açıb Respublika meydanına gəlin”, – Facebook vasitəsilə video müraciətində Paşinyan deyib.
Dünən parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasının səyləri sayəsində Baş nazir vəzifəsinə seçilə bilməyən etiraz hərəkatının lideri Respublika meydanında bütün gün parlament iclasının gedişini izləyən minlərlə tərəfdaşlarının yanına gedərək yenidən “itaətsizlik aksiyaları”na başlamağa çağırıb.
Səhər saat 8:15-dən etirazçılar paytaxt Yerevanda körpü və yolları bağlamağa, nəqliyyat hərəkətini dayandırmaq tədbirlərinə başlayıblar.
“Sizdən zəhləmiz gedir”
Yol bağlamaqdan başqa, gənclər müxtəlif improvizasiyalar da düşünüblər. Bir qrup gənc fəal Milli Məclisin hasarına “Sizdən zəhləmiz gedir” plakatı asıb.
Bu ifadəni mayın 1-də parlament iclasında çıxış edən müxalif millət vəkili Sasun Mikayelyan hakim Respublikaçılar Partiyası nümayəndələrinə xitabən demişdi. “Gənclər mübarizəyə qatılıblar, çünki onların sizdən zəhləsi gedir, çünki siz insanların taleyini zay etmisiniz”, – o deyib.
Aksiyalar Respublikaçılar fraksiyası üzvlərinin evləri önündə də təşkil edilir. Etiraz iştirakçıları burada “satqınlar”, “ar olsun” kimi ifadələr işlədir, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir.
“Total itaətsizlik”
Bir-iki saatdan Nikol Paşinyanın elan etdiyi “total itaətsizlik aksiyası” paytaxtda və rayonlarda “nəticə” verməyə başlayıb. Demək olar bütün ölkədə nəqliyyatın hərəkatı iflic edilib.
Yerevan metrosu və Yerevan-Gümri dəmiryol qatarının da hərəkəti çərşənbə günü dayandırılıb, BBC Azərbaycanca müxbiri Aleksey Manvelyan Yerevandan xəbər verir.
Şirkətin mətbuat katibi Vardan Aloyanın sözlərinə görə, etirazçılar müxtəlif yerlərdə dəmir yollarını bağlayıblar. “Bu gün Yerevan-Tbilisi qatarının işləyib-işləməyəcəyi məlum deyil”, – o deyib.