Hökumət öz inhisarında olan media qurumlarının nümayəndələrinə mənzil payladıqdan sonra, belə bir bu imkanın ölkədəki elm adamlarına da şamil olunacağı açıqlanıb. Xəbər verildiyinə görə, Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksindən alimlər və təhsil işçiləri də mənzil ala biləcəklər. Eyni zamanda, AMEA-nın sökülmüş yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşların və qeydiyyatda olub akademiyada çalışmayanların da mənzil əldə emək imkanı yaranacaq. Bu binaların nə vaxt istifadə veriləcəyi, elm adamlarına hansı şərtlərlə “bağışlanacağını” bilmirik. Amma bildiyimiz odur ki, 2016-cı ildə qəzalı bina kimi yaşayış fondunun yenilənməsi üzrə Nazirlər Kabinetinin proqramına daxil edilən və o əsasla sökülən “alimlər yataqxanası”nın sakinləri hələ də evsizdirlər. Xatırlayırsınızsa, binanın sökülməsi zamanı sakinlərdən bir çoxu etiraz aksiyası keçirərək, yaşayış yerlərini tərk etmək istəmədiklərini bildirmişdilər. Arqumentləri də əsaslı idi. Deyirdilər ki, onlara tikiləcək binada mənzil veriləcəyi vəd olunub, amma yaxınlıqda 4 il əvvəl tikilməyə başlayan bina hələ də təhvil verilməyib. Hansı ki, oradan mənzil almaq üçün müqavilə imzalamış adamlara binanın 1,6 aya tamamlanacağını bildirmişdilər. Buna görə də, sakinlər yataqxananın yerində tikiləcək çoxmərtəbəli binanın vəd edildiyi kimi, 18 aya tamamlanacağına inanmırdılar. Yataqxanada yaşayan insanlar bu müddət ərzində onlara kirayə haqqı olaraq verilən 300 manata yaxın ərazidən normal ev tapmağın da mümkünsüz olmasından şikayətlənirdilər. Vaxt, vədə keçdi və sakinlərin şübhələri özünü doğrultdu. İndi məlum olur ki, deyilən müddət başa çatsa da, yeni binanın 16 mərtəbəsindən hələ yalnız dördü tikilib. Binanın tikintisini aparan “İnşaat ve Konstruksiyalar” şirkətinin başçısı Rauf İsmayılovisə deyib ki, tikinti kirayəçilərlə bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq aparılır. Orada göstərilib ki, tikintinin başlanğıcı və tamamlanması arasından 18 ay keçməlidir. Ancaq fors-major şəraiti vaxtı binanın tikintisi 24 ay da davam edə bilər.
Göründüyü kimi, məsələdə bir dolaşıqlıq var. Bir yandan, şəhərin mərkəz yerlərindən sayılan “alimlər yataqxanası”ndan köçürülmüş sakinlərə onun yerində inşa olunan binada mənzil veriləcəyi vəd olunur. Başqa yandan da, açıqlanır ki, yataqxana sakinləri Saray qəsəbəsində tikilən yaşayış kompleksində evlə təmin olunacaqlar. İndi bir daha sübut olunur ki, ölkə insanı öz hökumətinə, onun vədlərinə inanmamaqda haqlıdır. Görünür, şəhərin mərkəzi və qiymətcə bahalı yerində tikilən yeni binanın inşasını uzatmaqla o yataqxanadan köçürülən 118 ailəni elə bezdirmək istəyirlər ki, özləri xoşluqla Saray qəsəbəsində tikilən yaşayış kompleksindən mənzil almağa razı olsunlar. Yəni deyəsən insanların halal haqqını alıb, onu özlərinə minnətlə, sədəqə kimi qaytarmaq istəyirlər. Onun da vaxtı hələ heç bəlli deyil. Sizcə, məsələnin başqa izahı varmı?
Səadət