AXCP sədri Əli Kərimli Ermənistanda güclü etirazlar nəticəsində yaranmış böhranlı vəziyyət, Baş nazir Sərkisyanın laxlamış mövqeyi, Rusiyanın ona kömək üçün Azərbaycandan istifadəyə çalışması kimi məslələr barədə fikirlərini özünün fb səhifəsində bölüşüb:
“İlham Əliyev heç olmasa, bunu etməsin!
Ermənistandakı etirazlar dünəndən gerçək xalq hərəkatı məzmunu almaqdadır. Müxalifət liderinin və yüzlərlə fəalın həbs edilməsi də etirazları səngitmədi, əksinə daha da kütləviləşdirdi. Bu hərəkat Ermənistanı demokratikləşdirmək uğrunda hərəkatdır və uğur qazanacağı təqdirdə onu Rusiyanın nüfuz dairəsindən çıxaracaq. İndi Sarkisyanla bərabər Putin və İlham Əliyev də narahatdır. Putin Ermənistanı itirəcəyindən, İlham Əliyev isə Ermənistanın demokratikləşməsinin Azərbaycandakı rejimə qarşı həm daxildən, həm də xaricdən basqıları artıracağından narahatdır. İndi Sarkisyana və Putinə hava və su kimi Azərbaycanla atəşkəsin pozulması lazımdır. Əminəm ki, Kreml hazırda Azərbaycan rəhbərliyini də bu avantüraya qoşmaq üçün çalışır. İlham Əliyevi inandırmağa çalışırlar ki, Cənubi Qafqazda demokratikləşmənin yeni dalğasının qarşısını almaq üçün artıq başqa çarə qalmayıb, müharibəni yeniləmək lazımdır. Ancaq hazırda atəşkəsin pozulması Azərbaycan xalqına lazım deyil və xalqımızın strateji maraqlarına ziddir.
Əvvəla ona görə ki, Aprel döyüşləri təcrübəsindən bilirik, atəşkəs pozulsa da, yenidən xeyli şəhid versək də, Rusiya İlham Əliyevə icazə verməyəcək ordumuz torpaqlarımızı azad etsin. Bir neçə günlük savaşda tərəflərin hər biri xeyli itki verdikdən və Sarkisyanın laxlamış mövqeyi möhkəmləndikdən sonra Moskvadakı drijor işarə verəcək ki, indi hərəniz çəkilin əvvəlki mövqeyinizә və status-kvonu bərpa edin. Bu isə o demək olacaq ki, biz torpaqları azad etmək üçün deyil, bu halda Sarkisyanı dalandan çıxarmaq və Rusiyanın Ermənistanı öz orbitində saxlaması üçün əsgər və zabitlərimizi qurban vermiş olacağıq. Bu, bizə qətiyyən lazım deyil!
İkincisi, Ermənistanın demokratikləşməsi uğrunda hərəkatın uğur qazanması (işğalçı dövlətlə yarışda bu mərhələdə uduzduğumuz üçün) bizə emosional baxımdan pərtlik yaşatsa da, strateji baxımdan milli maraqlarımıza uyğundur. Düzdür, Ermənistanın demokratikləşmə baxımından bizi üstələməsi onun dünyadakı nüfuzunu artıracaq, ancaq bu, uzunmüddətli itki olmayacaq. Ermənistanın demokratikləşməsi əminəm ki, bizim də demokratikləşməyimizə əlavə təkan olacaq. Xalqımız həm də düşmənə uduzmamaq üçün demokratik hərəkata qoşulacaq, bir müddətdən sonra ölkəmizin demokratikləşməsi milli ideyaya çevriləcək və sonda biz qalib gələcəyik. Bununla da imic baxımından Ermənistana müvəqqəti olaraq uduzmağımızı Azərbaycanın demokratikləşməsindən sonra kompensasiya edə biləcəyik. Ancaq hər iki ölkənin demokratikləşməsi xalqların Rusiya imperializmi üzərində tarixi qələbəsi olacaq. Hər iki ölkənin Qərbə inteqrasiyası sürətlənəcək və heç bir hərbi əməliyyatlar olmadan Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə imkanlar yaranacaq.
Üçüncüsü, Sarkisyan sıradan bir erməni lider deyil. O, məhz əli Xocalı qanına bulaşmış bir insanlıq düşmənidir. Təəssüf ki, onu indiyə qədər biz cəzalandıra bilməmişik. Ancaq indi Allah onu erməni xalqının əlilə cəzalandırmaq istəyirsə, bizim özümüzü ortaya salıb, onu xilas etməyimiz azərbaycanlılığa, insanlığa yaraşarmı?
Beləliklə, üç şey qəti şəkildə aydındır.
1. Xocalı cinayətkarı Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması istənilən halda azərbaycanlıları məmnun etməlidir.
2. Azərbaycan və Ermənistan Rusiyanın nəzarətində qaldıqca Qarabağ problem həll olunmayacaq və bu ölkələrin heç biri ciddi inkişaf edə bilməyəcək.
3. İstənilən halda Azərbaycanın da, Ermənistanın da cinayətkar, korrupsioner klanlar tərəfindən deyil, xalqların seçdiyi liderlər tərəfindən idarə olunması həm Qarabağ probleminin həllini sürətləndirəcək, həm də bu ölkələrdə insanca inkişafın önünü açmış olacaq.
Ona görə də İlham Əliyev Sarkisyanın və Putinin maraqları üçün ölkəmizi yeni bir hərbi avantüraya, həm də nəticələri əvvəlcədən bilinən avantüraya qatmamalıdır. Onun buna haqqı yoxdur!”