XVI yazı
Cəmil Həsənli
Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması, Şıxəli Qurbanovun zəfər və faciəsi, 60-cı illərdə Sovet Azərbaycanında din və ateizm, ötən əsrin 50-60-cı illərində Azərbaycan SSR-də mühacirət həyatı yaşayan Azərbaycan Demokrat Firqəsi və Kürdüstan Demokrat Partiyasının fəaliyyəti, Vladimir Semiçastnının Azərbaycan sərgüzəştləri ilə bağlı XIV epizodu ilə Siz artıq tanışsınız. Onaltıncı yazımız 60-cı illərin əvvəllərində Azərbaycan Yazıçılar İttifaqında vəziyyət haqqında ötən mövzunun davamıdır…
“Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndən hakimiyyətin narazılığı
1962-ci ilin may ayının 15-də Azərbaycan Yazıçılar İttifaqının Sumqayıt şəhərində keçirilən IV plenumunda geniş məruzə ilə çıxış edən Mehdi Hüseyn dil məsələsi ilə bağlı “əyintilərə” yol verən bəzi yazıçıları tənqid etdi. O, Qulu Xəlilovun Azərbaycan dilinin “Bu dili əsarətdə saxlayanların dilindən çox-çox üstün” olması haqqındakı fikrini tənqid edərək göstərdi ki, Azərbaycan xalqını zülm altında saxlayan İran şahlarının və mürtəcelərinin siyasətini ifşa etmək üçün fars dilini gözdən salmağın nə mənası var? Bundan bir həftə sonra, 1962-ci ilin may ayının 23-də keçirilən Rəyasət Heyətinin iclasında Xəlil Rza, Qulu Xəlilov və Məsud Əlioğlunun məsələsi yenidən müzakirəyə çıxarıldı. Xəlil Rzanın məsələsi haqqında iclasa sədrlik edən Mehdi Hüseyn Rəyasət Heyətinin üzvlərinə məlumat verdi. O, dedi ki, “Xəlil Xəlilovun qüsuru millətçilikdə, onun şəxsiyyətindədir. O, əsərlərində millətçiliyi davam etdirir, yanlış yolla gedir. Mən onun həmin hərəkətlərini tənqid edirəm, özünə tənqidi yanaşmağı tələb edirəm. Niyə dərhal dil haqqındakı şerini çap etdirib? Niyə yoldaşları aldadıb? Bu yol düz deyil. Niyə “Dilimi bağlayıblar” deyir?” Sonra o, Xəlil Rzaya dönüb: “Sən rayonda çıxış edən zaman mən orada deyildim, Rəyasət Heyətinin üzvü Süleyman Rüstəm mənə söyləyib, sən çıxış edib oruc tutan kommunistləri çox qaba təhqir etmisən, Oruc Qoşqarlı çıxış edib sənin dediklərini islah edib. Sən Salyanda dediklərinlə nəinki Yazıçılar İttifaqına, xalqımıza belə zərər verirsən. Tez-tez cənubdan, dildən niyə yazırsan? Cavansan, inkişaf edirsən. Niyə düz yolla getmirsən?” Mehdi Hüseyn qeyd etdi ki, keçən dəfə dil məsələsi barədə biz onunla danışdıq. Xəlil Rza bizdən razı getdi. Biz əhvalatı Azərbaycan KP MK-nın birinci katibi yoldaş Axundova dedik. Bizdən qabaq onun çıxışı haqqında MK-ya xəbər verilmişdi. Yoldaş Axundov Xəlil Rzanı tərbiyələndirməyi məsləhət gördü. Sonra Xəlil Rza “Azərbaycan” jurnalının 3-cü nömrəsində “Ana dili” şerini çap etdirdi. Bu şerin çap olunmasın bizə ayıb tuturlar. İndi də ezamiyyət barədə yalan məlumat verir. Mehdi Hüseyndən sonra çıxış edən Osman Sarıvəlli bildirdi ki, “cavanlardan bəziləri müxtəlif fikrə düşür. Xəlil Rzanın hərəkətləri bir sıra cavan yazıçılar arasında bizə başqa münasibət yaradır. Onlar elə zənn edirlər ki, Xəlil Rzanın simasında Yazıçılar İttifaqından milli qəhrəman çıxmışdır. Xəlil Rza replika verib səhvlərin etiraf etdi, amma bu “milli qəhrəman” məsələsini gülünc hesab etdi. O, iki dəfə Neft Daşlarında olduğunu və yenə də gedəcəyini dedi və etiraf etdi ki, rayonlardakı bütün çıxışların “Ana dili” şeri ilə başlayıb, hərəkətlərin senzura edə bilməyib. Onun bu sözləri Mehdi Hüseyni çox qəzəbləndirdi. O, dedi ki, “sənin dediklərin qeyri-səmimidir, sən ədəbiyyat yolunda 40 il ömrünü qoyan adamları aldadırsan, bu işlər şöhrət üçündür, sən milli bayraq qaldırırsan, sənin pis işlərinin üstünü örtən adamlar haqqında da danışacağam, başını sığallaya-sığallaya səni pis öyrədiblər, sən o dərəcəyə çatıbsan ki, hətta mənə salam belə vermək istəmirsən, mənə sənin salamın lazım deyil, bununla sən yalnız öz yoxsulluğunu (mənəvi) göstərmək istəyirsən.”
Rəyasət Heyətində sonra Qulu Xəlilovun məsələsi müzakirə edildi. O, öz çıxışında bacısının rayonda xəstə olduğunu və onu Bakıya gətirməli olduğundan danışdı və onu təhqir etməməyi iclas iştirakçılarından tələb etdi. Müzakirələrdə İmran Qasımov, Məmməd Cəfər, Bayram Bayramov, İlyas Əfəndiyev və digərləri çıxış etdilər. Osman Sarıvəlli onun cəzalandırılmasını irəli sürdü və Məmməd Rahim isə Yazıçılar İttifaqından çıxarılmasına tərəfdar oldu. İlyas Əfəndiyev bunla razılaşmadı və qeyd etdi ki, Qulunu mərd adam kimi tanımışıq, biz ona imkan verməliyik ki, yaxşı hərəkətləri ilə vəziyyətdən çıxsın. Rəsul Rza da bu təklifə tərəfdar oldu və dedi ki, Rahimin çıxışı mənim xoşuma gəlmədi, Qulunu ittifaqdan çıxarmaqla mən razı deyiləm, töhmətlə kifayətlənmək lazımdır. Məmməd Cəfər də Qulu Xəlilovun İttifaqdan xaric edilməsin ağır cəza hesab etdi. 3 nəfər (Mehdi Hüseyn, İmran Qasımov, Məmməd Rahim) Qulu Xəlilovun İttifaqdan xaric edilməsinə, 6 nəfər isə (İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əhməd Cəmil, Osman Sarıvəlli, Məmməd Cəfər, Rəsul Rza) şiddətli töhmət elan edilməsinə tərəfdar oldu, nəticədə ikinci qərar keçdi. İclasın sonunda Markar Davtyanın məlumatı üzrə may ayının 26-da erməni yazısının banisi Mesrop Maştosun anadan olmasının 1600 illiyinin Yazıçılar İttifaqının Natəvan adına klubunda keçirilməsi haqqında qərar qəbul edildi.
“Azərbaycan” jurnalının 1962-ci ildə çıxan 3-cü nömrəsindəki silsilə şerlərindən və Yazıçılar İttifaqındakı müzakirələrdən sonra Mərkəzi Komitədən “Ədəbiyyat və incəsənət” qəzetinə tapşırıq verildi ki, Xəlil Rzanın “Ana dili” və digər “zərərli” hesab edilən əsərlərinin əleyhinə məqalə dərc etsin. Qəzet bu tapşırığı bir müddət süründürsə də, Yazıçılar İttifaqının rəhbərliyi tənqidi məqalənin dərcində israr etdi. Nəhayət, 1962-ci ilin iyun ayının 9-da tənqidçi İslam İbrahimovun Xəlil Rzanın əleyhinə yazdığı “İdeya saflığı uğrunda” adlı məqalə qəzetdə çıxdı. Məqalədə göstərilirdi ki, Xəlil Rza coşqun həyatımızı, kommunizm quran xalqımızın böyük işlərini şerlərinin obyekti etmək əvəzinə yaxşı öyrənib bilmədiyi mövzulara əl atır. Buna nümunə kimi İ. İbrahimov onun Cənubi Azərbaycan mövzusundan yazmasını gətirir, “mənim Araz boyda, Savalan boyda dərdim var, yaram var” misralarını hay-küyçülük və mövzu möhtəkirliyi adlandırırdı. O, açıqca bildirirdi ki, Xəlil Rzanın çap olunan yeni şerləri partiyanın yeni qəbul olunmuş proqramının ruhuna və tələblərinə uyğun deyildir. Məqalədə “Ana dili” ilə yanaşı, onun “Sağlıq, yoxsa vəsiyyət” şeri, habelə “Az ömürlü ağ günlər” poeması da kəskin tənqid atəşinə tutulurdu. İ. İbrahimov sonda xəbərdarlıq edirdi ki, Xəlil Rza “öz yaradıcılığında doğru yolda deyildir. O, müasir həyatla əlaqəsini qüvvətləndirməli, zamanın sürətli addımları ilə ayaqlaşmağa çalışmalı, ictimai varlığımızı, insanları dərindən müşahidə edib öyrənməlidir.” Bu dövrdə Xəlil Rzanın əsərləri artıq Moskvanın da diqqətini cəlb etməyə başlamışdı və “Köhnə meydandan” verilən tapşırığa əsasən onun “millətçi” hesab edilən şerləri rus dilinə sətri tərcümə edilib Sov. İKP MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsində Azərbaycana məsələlərinə cavabdeh olan Y. Starçenkoya göndərilmişdi.
Yazıçılar İttifaqının bu qərarlar və əlavə məlumatları Mərkəzi Komitəyə göndərildi. Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini Səlvər Aslanov respublikanın ayrı-ayrı yazıçıların səhvləri haqqında Azərbaycan KP MK-ya geniş məlumat hazırladı. O, qeyd edirdi ki, son vaxtlar ayrı-ayrı yazıçılar müasir həqiqətləri pis bildiklərindən, kommunizm quruculuğu tarixi nailiyyətlərin dərindən dərk edə bilmədiklərindən səhv ideyaların təsirinə düşmüş, obıvatel-meşşan əhval-ruhiyyəsinin əsirinə çevrilmişdir. Belə hallara nümunə kimi o, İslam Səfərlinin meşşan düşüncəsi yayan bir şerini, Xəlil Rzanın “Ana dili” əsərini və Qlavlit tərəfindən nəşrinə icazə verilməyən “Məftillə sarınmış yaralar” poemasını misal gətirirdi. Onun fikrincə, bu əsərlər Xəlil Rzanın ideya baxımından səhv yolda olduğunu göstərir, Astara, Lənkəran və Masallıda kolxozçular qarşısında çıxış edərkən “Ana dili” şerinin motivləri zəminində səhv nitqlər söyləməsinə gətirib çıxarır. Yeri gəlmişkən, Xəlil Rza yalnız Bakıda çıxan mərkəzi mətbuatda deyil, paytaxt mətbuatında buraxılmayan əsərlərini bəzən rayon qəzetlərində dərc etdirirdi. Mərkəzi Komitəyə məlumat çatdırılmışdı ki, Ağdamın “Lenin yolu”, Lənkəranın “Leninçi” və başqa rayon qəzetlərində də onun millətçi şerləri çap olunmuşdur. Səlvər Aslanov “Azərbaycan” jurnalının 1962-ci ildə çıxan 3-cü nömrəsinin üzərində dayanaraq orada Xəlil Rzanın “Ana dili” şeri ilə yanaşı jurnalda Qulu Xəlilovun milli təkəbür əhvalı-ruhiyyəsini əks etdirən məqaləsinin və guya “oxucuların qəzəbinə səbəb olmuş Məsud Vəliyevin “Sevil”dən “Saçlı”ya məqaləsinin çap olunduğunu” yazırdı. O, qeyd edirdi ki, “məqalə tam ideya qüsurlarından ibarətdir və mövcud olmayan milli müstəsnalığı vəsf edir…Bütün məqalə boyu o, guya “müsəlmançılıqdan” irəli gələn köhnəlmiş “milli” ənənələri tərifləyir.” S. Aslanov belə hesab edirdi ki, M. Vəliyevin bu məqaləsini dərc etməklə “Azərbaycan” jurnalı Azərbaycan ədəbiyyatının irəliyə doğru hərəkətinə sırf arxaik mövqedən yanaşmışdır. Bu mövqeyinə görə o, Yazıçılar İttifaqının, rəhbərlik etdiyi il yarım ərzində jurnalın məzmunun zənginləşməsində “bir şeyə nail ola bilməyən” redaktoru Əbülhəsənə töhmət verməsini yumşaq cəza hesab edirdi. S. Aslanova görə Əbülhəsən jurnalı geridə qalmış ideyaların, köhnəlmiş əxlaq normalarının, özünün subyektiv baxışlarının təbliğat vasitəsinə çevirmişdi. O yazırdı ki, Qlavlitin Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat şöbəsinə Xəlil Rzanın ideya cəhətdən qüsurlu olan “Məftillə sarınmış yaralar” poemasını və İslam Ağayevin “Zənbur” jurnalının naşiri müsavatçı ağ mühacir Mirzə Əbdülxalıqı tərifləyən ideoloji cəhətdən səhv “Satirik “Zənbur” jurnalı haqqında” məqaləsini mühakimə edən məktubu olmasına baxmayaraq Əbülhəsən təkidlə onların “Azərbaycan” jurnalında çapına nail olub. S. Aslanov hesab edirdi ki, Qasım Qasımzadənin redaktorluq etdiyi “Ədəbiyyat və incəsənət” qəzetinin işində də ciddi səhvlər vardır. Onun fikrincə, SSRİ Ali Sovetinə seçkilər kimi mühüm bir siyasi tədbirə yetərincə diqqət yetirmək əvəzinə qəzet, Məsud Əlioğlunun ideya cəhətdən qüsurlu “Səriyyə haqlıdırmı?” məqaləsini dərc edir. Səlvər Aslanov rəhbərliyə bildirirdi ki, hələ iki ay yarım əvvəl Xəlil Rzanın ideya cəhətdən qüsurlu şerlərinə obyektiv qiymət verməyi Azərbaycan KP MK redaksiyaya tapşırıq verib, yalnız təkidli tələblərdən və Yazıçılar İttifaqının katibliyinin təzyiqlərindən sonra “Ədəbiyyat və incəsənət” qəzeti müəllifin açıq liberalizm nümayiş etdirdiyi İslam İbrahimovun “İdeya saflığı uğrunda” məqaləsini çap edib. Mətbuat orqanları ilə yanaşı, həmin orqanların tabe olduğu Yazıçılar İttifaqı, onun rəhbərliyi (Mehdi Hüseyn, İmran Qasımov, Nəbi Xəzri) və İttifaqın ilk partiya təşkilatı katibi də (Bayram Bayramov) rəhbərlik üçün hazırlanan məlumatda kəskin tənqid edilirdi. Sonda Səlvər Aslanov Yazıçılar İttifaqında yaranmış vəziyyətin MK Bürosunda müzakirə edilməsini zəruri sayırdı.
Bu məlumatı əsas götürərək Azərbaycan KP MK Bürosu 1962-ci ilin iyul ayının 17-də “Respublikanın ayrı-ayrı yazıçılarının səhvləri haqqında” məsələni müzakirə edib 7 bənddən ibarət qərar qəbul etdi. Qərarın ikinci bəndində yazılırdı: “Bizim partiyanın siyasətinə və yüksək proletar beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı pislənilsin. Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu “Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın.” Qərarın üçüncü bəndində deyilirdi: “İdeyaca qüsurlu və bədii cəhətdən zəif materiallar dərc etdiklərinə görə “Azərbaycan” jurnalının redaktoru Əbülhəsən Ələkbərzadəyə və “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru Qasım Qasımzadəyə töhmət verilsin.” Qərarın digər bəndlərində Yazıçılar İttifaqının rəhbərliyinə tapşırılırdı ki, çoxmillətli sovet ədəbiyyatının ən yaxşı nümunələrini geniş təbliğ etmək üçün Bakıda və respublikanın digər şəhərlərində qardaş xalqların ədəbiyyatına həsr edilmiş tədbirlər keçirsin; Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat şöbəsi, Yazıçılar İttifaqının partiya təşkilatı ədəbiyyat cameyəsində tərbiyə işlərini gücləndirsin; Respublika qəzet və jurnallarının redaksiyasına, Radio və Televiziya verilişləri komitəsinə tapşırılırdı ki, xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi ideyasının təbliğini gücləndirsinlər, milli məhdudluğun və təkəbbürün təzahürlərinə qarşı barışmaz mübarizə aparsınlar; İttifaqın yerləşdiyi 26 Bakı Komissarları rayon partiya komitəsinə tapşırılırdı ki, ideya-yaradıcılıq səhvlərinə vaxtında və daha prinsipial münasibət bildirsin.
Mərkəzi Komitənin bu sərt qərarından sonra partiya aparatından Yazıçılar İttifaqına göstəriş verildi ki, adları qərara düşən Məsud Əlioğlu və Qulu Xəlilovun qüsurlu yazıları və baxışların tənqid edən məqalə hazırlansın. Bu məqalənin hazırlanması yenə İslam İbrahimova tapşırıldı və onun hazırladığı “Tarixi optimizm yollarında…” adlı geniş məqalə “Azərbaycan” jurnalının həmin il çıxan 7-ci nömrəsinə daxil edildi. Məqalənin əsas məqsədi son iki ildə müasir həyat materialları əsasında yazılmış və geniş müzakirəyə səbəb olub tənqidə məruz qalmış üç povesti – İlyas Əfəndiyevin “Körpüsalanlar”, Bayram Bayramovun “Sərinlik” və İsa Hüseynovun “Teleqram” əsərlərini müdafiə etməkdən ibarət idi. Əslində, “Körpüsalanlar”da Səriyyənin əxlaqi qüsurları o qədər böyük idi ki, onu cəmiyyətə qəbul etdirmək ciddi cətinliklərlə qarşılaşmışdı. İ. İbrahimov yazırdı: “Tənqidçi Məsud Əlioğlu – Səriyyə haqsızdır, – deyir. Hətta, Səriyyəni açıq-saçıq, şəhvət düşkünü olan bir qadın adlandırır. Çünki qadın tennis oynayır, körpüsalan yoldaşları ilə ayı ovuna gedir, onlarla çaxır içir, nəhayət, sevmədiyi bir adamdan ayrılır. Bütün bu hərəkətlərinə görə təqsirləndirmək olarmı? Məncə, yox!…Bizcə, Səriyyə obrazına münasibət məsələsində “Bakinski raboçi” qəzeti səhifələrində məqalə ilə çıxış etmiş Seyfulla Əsədullayevin tutduğu mövqe daha doğrudur, qadınlara mühafizəkar, köhnə təsəvvürlər barmaqlığı arasından baxmaqdan uzaqdır.” “Körpüsalanlar”da Səriyyənin müdafiəsinə qalxan müəllif “Sərinlik”də kommunizm quruculuğunun fəal iştirakçısı olan “yeni tipli əsil patiya işçisi” kimi Firəngizə arxa çıxırdı. Məqalədə Bayram Bayramovun “Sərinlik” povestinə isti münasibət Qulu Xəlilovun bu əsər haqqında 1961-ci ilin noyabr ayının 18-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmiş yazısı ilə bağlı idi. Yazı müsbət olsa da, Qulu Xəlilov “Sərinlik” haqqında öz tənqidi mülahizələrini söyləməkdən də çəkinməmişdi. O, qeyd edirdi ki, povestdəki dialoqlarda müəyyən uzunçuluq və “kələkötür” cümlələr var. Qeyd edilən məqalədə İslam İbrahimov bədii xüsusiyyətlərinə görə əvvəlki iki povestdən xeyli fərqlənən İsa Hüseynovun “Teleqram”ını niyə öz “müdafiəsi” altına almışdı. Əslində “Teleqram”ın belə bir “müdafiəyə” ehtiyacı yox idi. Müəllif yazırdı: “Bəzi tənqidçilər İsa Hüseynovu iri, müsbət, aktiv xarakter yarada bilməməkdə təqsirləndirirlər. Mən bununla razılaşa bilmərəm. Mənə elə gəlir ki, yazıçı qəsdən ayrı-ayrı fərdləri kollektivə qarşı qoymaq, kollektivin fövqünə qaldırmaq istəmir. O, öz qəhrəmanını gözə soxmaq, yoldaşlarından ayırmaq istəmir, qəhrəmanının təvazökarlıq və sadəliyini bilə-bilə ön plana çəkir.” Əslində, İslam İbrahimovun “Teleqram”ı müdafiə çətirinin altına salması 1962-ci ilin fevral ayında Qulu Xəlilovun “Teleqram” müəllifinə açıq məktubu ilə bağlı idi. 1962-ci ilin fevral ayının 17-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş həmin məktubda Qulu Xəlilov povesti yüksək qiymətləndirsə də, onun bircə fikri rəhbərliyi narahat etmişdi. O, yazırdı: “Yanar ürək”də Səməd, əmisi Sultan Əmirlinin bir çox cinayətləri qarşısında susur, dinmir. “Gülgəz “qurumsaq atası” və qoca əri Səməd haqqında “bir dəfə də olsa narazılıq etmir”, heç olmasa ürəyində belə qəzəblənmir, etirazını bildirmir. “Doğma və yad adamlar”da Rəşid Gövhər qarıların, dələduz Bəkirlərin uzun-uzadı cəfəngiyatına qulaq asır, daxilən vicdan əzabı çəkir, yenə də susur, susur…Mən bu fikirdəyəm ki, qoyulan məsələlər dərindən açılmasa da, siz “Teleqram”da sənətkarlıq cəhətdən inkişaf etmişiniz. Sizin Zəlimxan da öz sələflərindən irəli getmişdir. Ancaq mənim sizin qəhrəmanınıza tutduğum iradlardan biri də budur ki, Zəlimxan ana Vətəni tam, hərtərəfli təsəvvür edə bilmir. Qılıncın itiliyi, möhkəmliyi döyüşdə yoxlandığı kimi, qəhrəman da geniş fəaliyyət meydanında ədalətsizliklərə və çətinliklərə qarşı mübarizədə yetkinləşir. Mənə elə gəlir ki, siz də, başqa yazıçılarımız da qəhrəmanın düşüncələrinə və fəaliyyətinə daha geniş meydan verməlisiniz”. Şübhəsiz ki, “Teleqram”ın bu sifarişli yazıya daxil edilməsi Qulu Xəlilovun məktubundakı bu məqamla bağlı idi. Lakin az sonra “Teleqram”ın “Drujba narodov” jurnalında çap oluması bu söz-söhbəti bir qədər səngitdi.