Yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi aprelin 18-də keçiriləcək. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir:
“Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq”.
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki(trend), qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib.
Artıq bu gündən Milli Məclisə gedən istiqamətlərə maşınlar buraxılmır. Görünür, təhlükəsizlik tədbirlərinə Konstitusiya Məhkəməsinin qərarından sonra start verilib.
Andiçmə mərasiminin belə sürətlə keçirilməsi, görünür, həm də əsas dövlətlərin başçılarının təbrik göndərməməsi ilə bağlıdır. Əslində, qanuna görə, andiçmə Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiqləməsindən sonrakı 3 gün ərzində keçirilməlidir. İnaqurasiya mərasiminə, adətən, dövlət başçıları dəvət edilir. Görünür, xəyal qırıqlğı yaşamamaq üçün prosesi sürətləndiriblər, mərasimi elə özləri yola verəcəklər.
azadliq.info