Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli Heydər Əliyevin vaxtilə İrandakı fəaliyyəti ilə bağlı iqtidar mətbuatında verilmiş uydurma haqqında fikirlərini özünün fb səhifəsində paylaşıb:
“Lent.az saytında Zaur Əliyev adlı müəllif “Heydər Əliyev Təbrizdə alman kəşfiyyatının qarşısını necə aldı?” adlı yazı yazıb. Lakin təəssüf ki, yazıda qaldırılan məsələlər faktlarla təsdiq olunmur və Heydər Əliyevin Təbrizdə Alman kəşfiyyatının qarşısını alması barədə hansısa hadisə olmayıb və bu yalnız müəllifin fantaziyasıdır. Müəllif istinad etdiyi arxiv mənbələri ilə tanış deyil və arxiv mənbələrin müxtəlif kitablardan, o cümlədən mənim kitablarımdan götürüb. Lakin həmin sənədlərlə şəxsən tanış olmadığı üçün onları öz fantaziyasına uyğunlaşdırmağa çalışıb. Birincisi, Heydər Əliyev 1944-1945-ci illərdə Cənubi Azərbaycanda xüsusi xidmət orqanlarının hər hansı əməliyyatında iştirak etməyib və onun adı İrana göndərilən xüsusi xidmət orqanları işçilərinin siyahısında yoxdur. Bunun üçün 1945-ci ilin dekabrında Mir Cəfər Bağırovun adına yazılmış xidməti məlumata baxmaq yetərlidir. Müəllifin istinad etdiyi arxiv sənədləri bizim və digər müəlliflərin kitablarından alındığı üçün arxivlərin adın köhnə qaydada yazıb və 7-8 il bundan öncə həmin arxivlərin adı dəyişilib. Və ya müəllif yazıda “Azərbaycan Respublikası Mərkəzi Dövlət Yeni Tarix Arxivi”nə istinad edir. Azərbaycanda belə bir arxiv yoxdur. Eyni zamanda 10 ilə yaxındır həmin sənədlər qapalı fonda keçirilib və tədqiqatçıların üzünə bağlıdır. Müəllifin eyni zamanda Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinə istinadı da iki baxımdan doğru deyil və istinadı da bizim kitabdan götürüb. Birincisi “Sədayi İran” qəzeti haqqında Siyasi Büronun qərarı hələ də qapalı fonddadır, ikincisi isə həmin qərarda söhbət müəllifin yazdığı kimi “Ajir” qəzetindən və Seyid Cəfər Pişəvəridən getmirdi. Orada söhbət “Sədayi İran” qəzetində Stalinin ünvanına işlədilən təhqiramiz ifadələrdən gedirdi və Siyasi Büronun qərarı da bununla bağlı idi. Müəllif özünü məlumatlı birisi kimi göstərmək üçün Yele universitetinin doktorantı məqaləsinə istinad edir (Bax: Fernande Scheid Raine. Stalin and the Creation of the Azerbaijan Democratic Party in Iran, 1945. // Cold War History, vol.2, №1, October 2001, p.3). Təəssüf ki, müəllif heç vaxt “Cold War History” jurnalın görməyib və bu istinadı da bizim kitabdan götürüb. Müəllifin yazıda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə (ЦАМО РФ. ф. 209. оп. 1113. д. 9. л. 35–36.) istinadı da orjinal deyil və onu da mənim kitabımdan götürüb və erməni arxiyepiskopu Məlik Tanyan adı ilə təqdim etdiyi şəxs də Məlik Tanyan yox, Məlik Tanqiyandır. Ümumilikdə, müəllifin Cənubi Azərbaycanda guya Heydər Əliyevin alman kəşfiyyatının planlarını pozması, guya milli qüvvələri təşkilatlandırması, İrandakı Sovet rezidenturasının başçısı Aqayantsın planlarından xəbərdar olması tamamilə cəfəngiyyatdır və mifoloji xarakter daşıyır”.