Mirvari Qəhrəmanlı Rövnəq Abdullayevi ittiham edir
Telekanal rəhbərliyi isə bundan xəbərsiz olduğunu deyir
“Xəzər” TV-də yayımlanan “Həyata baxış” verilişinin yayımı gözlənilmədən dayandırılıb. “Neft gəlirləri: inkişaf və problemlər” mövzusunda olan son verilişin qonağı isə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı idi. Hüquq müdafiəçisi proqramın bağlanmasına səbəb kimi də məhz özünün qamaqallı çıxışını göstərir.
Hətta canlı yayımlanan veriliş yarımçıq kəsilib. M.Qəhrəmanlı bunu təsadüfi hesab etmir və sifarişin yuxarı dairələrdən, məhz Dövlət Neft Şirkətindən gəldiyini deyir. Çünki verilişdə o, Dövlət Neft Şirkətinin işçilərinin sosial durumlarının ağır olmasından, neft pullarının xarici müğənnilərə sərf edilməsindən danışıb.
Xəzər TV-nin baş direktoru Asəf Hacıyev isə qəzetimizə açıqlamasında adıçəkilən verilişin artıq 4 ildir fəaliyyət göstərdiyini və layihənin vaxtının tamam oluğunu deyir: “Hər bir telekanal öz nizamnaməsinə uyğun fəaliyyət göstərir. Layihənin vaxt məsələsi var. Aparıcı Ramal da başqa layihə üzərində işləyir. Ona görə bu layihə qaldı kənarda”.
A.Hacıyev proqramın dayandırılmasını M.Qəhrəmanlının çıxışı ilə əlaqələndirilməyin əleyhinə olduğunu bildirdi. Çünki M.Qəhrəmanlı dəfələrlə bu verilişdə çıxış edib və onun fikirləri efirə gedib: “Mirvari Qəhrəmanlı dəfələrlə qonağımız olub, istədiyi kimi çıxış edib. Mətbuat niyə belə hallandırır. Əvvəl də qonağımız olanda bağlamadıq, indi bağladıq?”.
Canlı yayımlanan verilişin niyə yarımçıq kəsilməsinə gəldikdə isə, baş direktor bu barədə xəbərsiz olduğunu deyir. O, bunun müəyyən problemlərlə əlaqəli olduğunu ehtimal edir: “Verilişin canlı yayımda dayanmasını bilmirdm. Ancaq televiziyalarda belə problemlər olur. Verilişə tam axıra qədər baxmamışam, ola bilsin yarımçıq dayandırılıb”.
Fizzə