Türkiyənin Azərbaycan səfirliyində çalışan Mədəniyyət müşavirinin dünənki müsahibəsində maraqlı məqamlar diqqətimi çəkdi. Müşavir deyir ki, sənət sahəsində Azərbaycandan öyrənməli çox şey var. Onun bu fikri ilə razılaşıram, amma son 10-15 ildə bərbad günə salınmış sənət dünyamıza baxıb köks ötürmədən də keçə bilmirəm. Bizim sovet dövründə yaranan, ölkələri dolaşan ölməz sənət nümunələrinin bənzəri niyə yaranmır indi? Elə götürək, kino sahəsini. Müşavirin sözlərinə görə, onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra ortaq layihələr həyata keçirməyi düşünürlər. Bu siyahıya həm də bir film çəkilişi daxildir. “Bu, 1915-1920-ci illər arasında olan dövrdən bəhs edən bir film və ya serial olacaq. Film türk dilində olacaq. Yayımlanacağı yer isə hələ ki, bəlli deyil. Filmdə Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, Atatürk, Nəriman Nərimanov və s. kimi şəxslər və hadisələr əks olunacaq”. Bu xəbərə sevindim sevinməyinə. Lakin söhbət uğurlu bir filmdən gedirsə, onun çəkilişini kimə həvalə edəcəklər? Axı Azərbaycan son 10-15 ildə ölkədən kənara uğurlu bir film də çıxara bilməyib heç. Bu illərdə Azərbaycan kinosu nə qədər tənəzzülə uğrayıbsa, Türkiyə kinosu o qədər inkişaf edib. Çünki orda kino sənayesi çoxdan azad sahibkarların ixtiyarına verilib. Ölkədə bu sahə əsasən son illərdə şəxsi sahibkarların vəsaiti hesabına çəkilən özəl filmlər və seriallar sayəsində inkişaf edib. Orta hesablamalara görə nümayişə çıxrılan bir uğurlu film ın azı bir milyon izləyici toplaya bilir, yaradıcı qrup isə həmin filmdən rahatlıqla 5 milyon TL qazanc əldə edir. Son 10 ildən bəri ölkədə ən çox tamaşaçı toplayan filmlər məhz yerli istehsala aid olanlardır. İndi belə filmlərin ən az izləyici sayı 1 milyondan artıq, ən çoxu isə 4 milyondur. Aparılan araşdırmalara görə qazanc olaraq götürülən vəsaitin 42%-i film sahibinə qalan pay hesab olunur. Qazancın 16%-i vergiyə, qalanı isə çəkilişə qoyulan xərcə gedir. Televiziya kanallarında çalışan rejissorlar təxminən 5-6 min lirə maaş alırlar. Seriallardan qazanılan pulların məbləği isə daha böyükdür. Türkiyə bu sahədə artıq dünyanın öndə gedən ölkələri sırasına daxildir.
Sadaladağımız bu rəqəmləri öz kinomuzdakı göstəricilərlə müqayisə etməyə dəyərmi? Dəyməz, təbii. Amma söhbət birgə layihədən gedirsə, Türkiyə tərəfi o filmi və ya serialı uğurla çəkib ortaya qoya bilər. Azərbaycan tərəfinə də görüb-götürmək üçün yaxşı fürsət yaranar elə. Bir də ümid edirəm ki, bu filmin taleyi də Nuru Paşanın Bakıda qoyulacaq heykəlinin taleyinə bənzəməyəcək. İnanmaq istəyirəm ki, heykəlin ucaldılmasına əngəl olan qüvvələr yenidən hərəkətə keçib planın üstündən xətt çəkməyəcəklər.
Səadət