AXCP sədri Əli Kərimli feysbuk səhfəsində Belarus müxalifətinin mitinqindən yazıb. Yazını təqdim edirik:
“Demokratikləşmə sırası Belarusamı çatdı? Baxın, bura Minskdir. Uzun illərdən sonra Belarus müxalifəti ən böyük razılaşdırılmış mitinqini keçirib. Azərbaycandakı rejimin yaxın dostlarından biri kimi tanınan Lukaşenko rejimi də daxili və xarici təzyiqlər qarşısında geri çəkilir, demokratiyanın önü tədricən açılır. Belarusda artıq bütün siyasi məhbuslar azad edilib, Minskin mərkəzində müxalifətin mitinqinə də razılıq verilib. Hökumət konstitusiya və seçki islahatına gedəcəyini də anons edib. Neçə illər idi ki, Belarus müxalifətinin mitinqləri bizdəki kimi zorakılıqla dağıdılırdı, nəticə vermirdi, ictimai-siyasi fəallar həbs olunurdu. Ancaq Belarus müxalifəti də vəziyyətlə barışmırdı, mübarizəni davam etdirirdi. Bütün bu illər ərzində məsələn, Türkmənistan xalqı da özünü inandırırdı ki, “Guya başqası gəlsə, daha yaxşı olacaq?”, “Dövlətlə dövlətçilik etmək olar?, “Mitinqlər nəyi həll edəcək?”. Özünü daha çoxbilmiş sayanlar da qorxaqlığına haqq qazandırmaq üçün “Xalq hələ mitinqlərdə hazır deyil”, “Mitinq edib, narazılıq enerjisini buraxmayaq, xalq birdən partlasın” kimi zərərli tezislərlə faktiki ölkələrindəki despotizmə xidmət edirdilər. Budur, 20 ildən artıqdır ki, 2 xalq 2 diktatora qarşı fərqli davranır. İndi də sual sizədir, əziz həmvətənlər. Sizcə, hazırda mübarizə aparan Belarus demokratiyaya yaxındır, yoxsa susdurulmuş Türkmənistan? Bu qədər uzun müddətə susdurulmuş və zülmlə faktiki barışdırılmış Türkmən xalqının bütün bu illər ərzində daim mübarizə aparmış (bizim qədər olmasa da) Belarus xalqından daha tez demokratiyaya keçməsi mümkündürmü?
Mitinqləri gözdən salanlara fikir verməyin, xalqda özünə inamsızlıq yaratmaq istəyənlər, mübarizənin nəticəsiz qalacağını təbliğ edənlər bilə-bilə və ya bilməyərəkdən (fərq etməz) ailə hakimiyyətinə xidmət edirlər. Dinləməyin, belələrini. 14 parel mitinqinə hamılıqla qatılın, Azərbaycan xalqının saxta seçkilərdən sonra da dimdik ayaqda olacağını rejimə də, dünyaya da nümayiş etdirək!”