2015-ci il noyabrın 26-da Nardarandakı qanlı əməliyyatda güllələnib hərəkət qabiliyyətini tamamilə itirən ev sahibi Əbülfəz Bünyadov köməksiz vəziyyətə salındığını deyir. O, “Azadliq.info”ya açıqlamasında bildirib ki, gündəlik sarğılarının dəyişdirilməsi, yuyunması, təbii ehtiyaclarının ödənilməsində ona yardım edən yaxın adamlarının heç birini martın 19-dan onun yanına buraxmırlar. Evin darvazasında dayanan polislər onun, hətta bacılarının, həkimin də içəri daxil olmasına icazə vermir.
“Mənim bədənimdə açıq yaralar var, irin, qan tökülür, sarğısı dəyişməlidir. Heç olmasa, həftədə bir dəfə yuyunmalıyam. Bütün bunları, ancaq yaxın qohumlarımın, əmim oğlanlarının köməyi ilə eləyirdim. On gündür ki, bunlar olunmur. Mənim vəziyyətimi təsəvvür edirsiniz? İylənmişəm… Axı mən inanclı adamam, paklıq sevirəm.
Bədənimin 80 faizi ölüdür, 20 faiz sağam. Yerimdə tərpənib, çevrilə də bilmirəm, üzr istəyirəm, təbii ehtiyaclarımın ödənilməsi üçün də mütləq kiminsə köməyi olmalıdır. Əmim oğlanları, bacım oğlanları mənə yardım edirdi, onların heç birini qapıdan içəri buraxmırlar. Evdə də 70 yaşlı xəstə anam, dörd körpə uşağım və həyat yoldaşım var. 4-6 yaşlı uşaqlar mənə necə kömək eləsinlər. Ən böyüyümün 13 yaşı var, o da beyin iflicidir. Yoldaşım da tək qadın məni necə qaldırsın?”, – Ə.Bünyadov bildirib.
“Polislər qapıdan həkimi də buraxmayıblar”
Ə.Bünyadov həm də qan təzyiqi və qaraciyər xəstəliyindən (Hepatit) əziyyət çəkir. Ona görə də daim həkim nəzarətində saxlanılır. Dediyinə görə, martın 29-da onu yoxlamağa gələn həkim də polislərin qadağası ilə üzləşib: “Həkim zəng eləyib dedi ki, “vəziyyətin barədə telefonla məlumat ver, mən də ona uyğun resept yazım”. Mən bu 20 faizlik canımla iki bacımın tək qardaşıyam. Bacılarımı mənə, analarına həsrət qoyublar. Telefonda ağlayırlar. Qayınanam qızının evinə gəlib nəvələrini görə bilmir. Bu hansı qanunda yazılıb?”
Ə.Bünyadovun anası polislərdən qadağanın səbəbini soruşub. Onun sözlərinə görə, polislər deyib ki, belə göstəriş verilib. Bünyadovlar deyir ki, Sabunçu rayonu, 42-ci polis bölməsinə də müraciət ediblər. Oradan da eyni cavabı alıblar. Hələ də bilmirlər ki, göstəriş konkret kimdən gəlib.
“Tam ölməyə razıyam, təki ailəmə təzyiqlər bitsin”
“Əgər hansısa qanun pozuntusuna yol vermişiksə, desinlər, biz də bilək ki, neyləmişik, ona görə bizi blokadada saxlayırlar. Əvvəl düşündüm ki, bəlkə bu qadağa Taleh Bağırzadənin Nardaran məhbuslarının hüquqlarının müdafiəsi, qəsəbədə baş verən olayların ictimaiyyətə çatdırılması məqsədilə koalisiya yaradılması, hər ayın 26-da tədbirlər keçirilməsi təklifinə görədir. Nəsə əlaqə tapa bilmədim. Amma hər bir halda, bu blokada məqsədlidir. Mən heç, onsuz da 20 faiz yaşayıram. Tam ölməyə də razıyam, təki ailəmə bu təzyiqlər bitsin. 6 yaşlı oğlum 26 noyabr əməliyyatının stressindən hələ də ayılmayıb. Adam arasına çıxmağa qorxur. Adamlara nə vaxta qədər zülm eləmək olar?”
Ə.Bünyadov əlavə edib ki, vəkili ilə məsləhətləşib, bütün dövlət orqanlarına, eyni zamanda insan haqları təşkilatlarına müraciət edəcək: “Təcili Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edəcəm”.
Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı güllələnərək dərhal iflic olub. Buna baxmayaraq, o, həbs edilib. Əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, oradan hospitala, daha sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Bir ildən artıq həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Barəsindəki cinayət işi də həmin gün onunla birlikdə həbs olunan Taleh Bağırzadəgilin işindən ayrılıb. Ə.Bünyadovun haqqındakı cinayət işinə 2017-ci ilin avqustundan Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, məhkəməyə xərəkdə aparılır, hakim qarşısına da o vəziyyətdə çıxarılır.
azadliq.info