Milli Şuranın sədri Cəmil Həsənli İlham Əliyevin Bərdədə keçirdiyi müşavirədə 1992-93-cü illərdə ölkədə baş verənlər haqqında həqiqətə uyğun olmayan fikirlərinə münasibət bildirib:
“Bilirsiniz ki, bu gün prezidentliyə namizəd və məzkur prezident İlham Əliyev Bərdə rayonunda pambıqçılıq müşavirəsi keçirib. 1993-cü ildən sonra 10 il atası prezident olub, 15 ildir də özü prezidentdir və ötən 25 il ərzində adam ölkə iqtisadiyyatının və xüsusiylə pabbıqçılığın iflasın “antimilli AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti” ilə izah edir.Bunu yalnız qarşısında opponnet görməyən, iqtisadiyyatdan, ilk növbədə kənd təsərrüfatından aydın bilikləri və təsəvvürləri olmayan, ölkəyə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatının belini qıran bir adam deyir. Azərbaycanda son 50 ildə pambıqçılıq sahəsində ən aşağı göstərici 2009-cu ildə, İlham Əliyevin hakimiyyətinin 6-cı ilində olub. Soruşa bilərsiniz nə qədər? Cəmi-cümlətanı 31,9 min ton. Bəs onun xəyanətkar və antimilli hesab etdiyi AXC-Müsavat hakimiyyəti dövrdə pambıq istehsalı nə qədər olub? Ölkədə hərbi əməliyyatların davam etdiyi 1992-ci ildə 336,3 min ton, ağır döyüşlərin getdiyi 1993-cü ildə isə 284,5 min ton. Anti-milli və xəyanət anlayışları pambıq istehsalı ilə müəyyən edilirsə, indi özünüz baxın kimdir anti-milli və xəyanətkar. Fərq orta hesabla 10 dəfədir. İndinin özündə belə onun pambıqcılıq göstəriciləri həmin illərin səviyyəsinə çatmayıb. 2015-ci ölkədə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton (əgər statistik göstəricilər doğrudursa) pambıq toplanıb. Bax belə: indi özünüz müqayisə edin”.