Neft pullarından nəsibini almaq istəyənlərin əlinə hakimiyyətə yarınmaq, özünü rejimə daha da şirin salmaq üçün yeni fürsət düşüb, 20 yanvar günü Şəhidlər xiyabanındakı məlum və məşum rəzalət üzərindən müxalifətin qabırğasına döşəyirlər. Guya ora hansısa protest üçün, hansısa şüar səsləndirib plakat qaldırmaq üçün uyğun yer deyilmiş.
Üstəlik, belələri çirkin bir üslub da seçiblər. Özlərini dəhşətli dərəcədə obyektiv göstərmək, rejimə yarınmalarını malalamaqdan ötrü əvvəlcə bir neçə cümlə ilə, ürkəkcə, qorxaqca “barmaqsındıran polis”i də tənbeh edirlər. Yəni baxın, “bu məsələdə tərəf tutmuruq, iqtidarın da, müxalifətin də yanlışını yazırıq”. Keçməz, cənablar, keçməz! Artıq camaat belə nağıllara inanmır. Artıq heç kim çörəyi qulağına yemir. Artıq bu ölkədə heç kimi xəlbirlə su gətirməyə göndərmək olmaz. Qısası, nəinki bir cümlə, nəinki bir abzas, hətta bir roman belə sizin əsl məkrli niyyətinizi, riyakarlığınızı ört-basdır etməyə yetməz.
Qayıdaq o fikrin üzərinə ki, guya Şəhidlər xiyabanı hansısa protest üçün uyğun yer deyil. Bəsdirin siz Allah! Özünüzü el-aləmə daha da rəzil eləməyin. Ətrafınıza baxın, görün dünyanın harasında bir tarixi günün şərəfinə anım yürüşü bizdə olduğu qədər səssiz, sədasız, sloqanlarsız, şüarlarsız, ruhsuz keçirilir?
Axı niyə unuduruq, niyə unuduruq ki, lal-dinməz, mağmın, başıaşağı, dilsiz-ağızsız bir 20 Yanvar yürüşünün özü həmin günün fəlsəfəsinə ziddir! Axı həmin gün insanlar ona görə ölməyiblər ki, ağızlar qıfıllanmaqda, barmaqlar sındırılmaqda, plakatlar cırılmaqda davam etsin. Axı 20 yanvarın mahiyyəti tələb edir hayqırmağı, bağırmağı! Belə deyilsə, soruşmağa ayıb olmasın, biz zəhmət çəkib həmin günü niyə xatırlayırıq, həmin gün nəyi anırıq?
Və ən əsası, zəhmət çəkib deyin görək, beş-üç cümləlik bir bəyanat verib deyə, 20 Yanvar üzərindən bir adamı “millət fədaisi”, “el atası” çıxarmaq olar da, “Azadlıq!” deyə hayqırmaqmı olmaz? Azadlıq savaşının sinoniminə çevrilmiş 20 Yanvarda “Azadlıq!” hayqırmaq suçdur da, 28 mayda telekanalların ekranının bir küncünü o günün gerçək mahiyyətinə heç bir dəxli olmayan adamın şəkilləri ilə bəzəmək nədir bəs?
Köşə yazarına daş atmaq olarmı?
Keçənlərdə AYO-nun ilk qurucularından biri və ilk başqanı Rasim Qaracanın bir-iki köşə yazarına qıcıq olub ümumiyə atəş açmasına təpki göstərmişdim.
Indi Rasim bəy və bir çox başqaları buna etiraz olaraq “Köşə yazarları toxunulmazdırmı? Onlara güldən ağır söz demək olmazmı?” şəklində fəryad etməkdədir.
Baxın, bəylər, köşə yazarları əlbəttə toxunulmaz deyil. Əlbəttə, onlara da güldən ağır söz demək olar. Əlbəttə, onları da yerdən yerə vurmaq olar. Olar və hətta lazımdır. Bizim uğrunda mübarizə apardığımız dəyərlər tələb edir bunu.
Amma bu zaman həm də unutmamaq lazımdır:
BIR: istənilən tənqidin ən gözəl tərəfi konkretlikdir, ad çəkməkdir. Əgər siz hədəfinizi açıq-açıq göstərməzsəniz, davanızın kiminlə olduğunu aydın yazmazsanız, o zaman xiyar əyri bitər, qurunun oduna yaşı da yandırarsınız, südə su qatmış olarsınız və beləcə, atdığınız daş qayıdıb özünüzə dəyər.
IKI: ümumini tənqid edərkən “onların arasında namuslular da var və sözüm onlara deyil” şəklində cümlələrlə işin içindən çıxa bilməzsəniz, özünüzə bəraət qazana bilməzsiniz, əksinə, haqlı olduğunuz halda haqsız duruma düşərsiniz. Belə çıxar ki, siz namussuz hesab etdiyiniz birinin adını çəkə bilməyəcək qədər cəsarətsiz olduğunuz kimi, namuslu hesab etdiyiniz birinin adını çəkə bilməyəcək qədər də səxavətsizsiniz, ona görə də dediklərinizə baş qoşmağa dəyməz.
Qısası, tənqidin ruhunu yaralayaraq tənqid etmək ədəbdən deyil!