Həsən Kərimov: «Bəzən onun çıxışları YAP-çıların çıxışlarından daha ürəkbulandırıcı olur»
AŞ PA-ın prezidenti Mövlud Çavuşoğlu yenə də Azərbaycan hakimiyyətinin vəkili kimi çıxış edib. O, iddia edib ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində də irəliləyişlər əldə olunub:
“Deyə bilərik ki, seçkilərdə bizim meyarlara tam əməl olunub. Bu fikirlər seçkiyə dair hazırlanan tarazlaşdırılmış hesabatda da əksini tapıb və bu hesabat AŞPA Bürosunun bu gün səhər keçirilən iclasında yekdilliklə qəbul edilib. Bir daha təkrar edirəm ki, Azərbaycanda seçki sahəsində irəliləyişlər əldə olunub. Əlavə irəliləyişlərin olması arzu ediləndir. Əminəm ki, növbəti seçkilər zamanı daha çox şəffaflıq olacaq, demokratik prinsiplərə daha çox hörmət ediləcək. Hər bir seçki əvvəlkindən daha yaxşı keçirilir. Biz düzgün yoldayıq. Azərbaycan bu yolla davam etməli, islahatlar prosesini, o cümlədən seçki sferasında islahatları davam etdirməlidir”(APA).
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə “Azadlıq”a açıqlamasında Mövlud Çavuşoğlunun AŞ PA prezidenti kimi deyil, YAP-çı kimi çıxış etdiyini bildirib: “Mövlud Çavuşoğlu dəfələrlə bu sayaq YAP-çılıq edib. Hətta bəzən onun çıxışları YAP-çıların çıxışlarından daha ürəkbulandırıcı olur. Hər kəsə bəllidir ki, Mövlud Çavuşoğlunun Azərbaycan hakimiyyəti ilə ciddi ilişkiləri var. Hakimiyyət onun maddi maraqlarını kifayət qədər yaxşı təmin edir. O, əvəzində Azərbaycan hakimiyyətinin saxtakarlığına haqq qazandırmaqla borcunu ödəyir. Əslində mən hesab edirəm ki, Mövlud Çavuşoğlunun bu cür çıxışlarına əhəmiyyət vermək lazım deyil. Hesab etmək lazımdır ki, YAP-ın Siyasi Şurasının hansısa üzvü Azərbaycandakı seçkilər barədə danışır”.
Azad