İtirdiyimiz böyük Məşədi Vaqif
Rəvayətə görə İslam peyğəmbəri Məhəmməd (s.ə.s) ömrünün son günündə evində oturarkən qapısı döyülür və qızı Fatimə qapını açdıqdan sonra Rəsulullahın yanına qayıdaraq deyir: Ata, bir nəfər siması tanış olmayan şəxs gəlib, səni görmək istədiyini bildirir. Peyğəmbər cavab verir ki, dəvət et gəlsin, ölüm mələyidir. Canımı almağa gəlib. Xanım Fatimə bunu eşidir və pərişan halda otaqdan çıxır. Bir neçə dəqiqə sonra ölüm mələyi qapıda görünür və deyir: Ya Rəsulullah, izninlə gəlmişəm. Amma icazən olsa bir neçə dəqiqəlik səni tərk edib gedirəm, daha sonra yenə sənə dönəcəyəm. İslam peyğəmbəri bu hala təəccüblənərək soruşur: Ya əleyhissəlam. Bilirəm ki, məni Tanrıma qovuşdurmaq üçün gəlmisən. Bəs indi məni Tanrı dərgahına qovuşdurmaqdan daha vacib, daha önəmli nə işin ola bilər? Ölüm mələyi də yekun cavabında: “Gedirəm göy üzünü, bütün buludları və səma cisimlərinin gəlişin münasibətilə çiçək ətrinə boyamağa. Gedirəm cənnət qapılarını taybatay açmağa və cəhənnəm qapılarını sıx bağlamağa. Bir sözlə gedirəm dərgahı mübarək gəlişinə müntəzir etməyə”
Bəli dostlar… Özlüyündə ölüm heç də xoşagələn olmayan və olduqca məyusedici bir prosesdir. Amma bir çox ölümlər var ki, bütün qiymətli insanların məhz bu cür ölümlə ucalmağını istərdik. Vaqif bəyin vəfatı xəbərini cəzaçəkmə müəssisəsinin axşam yoxlamasından sonra, cəbhədaşım Məmməd bəydən eşitdim və aramızda olmamasının uzüntüsünü bəlli bir müddət tək qalmaqla atlatdım. İllər öncə Məşədiylə eyni müəssisədə cəza çəkən bir neçə nəfərin də bu xəbəri eşitdikdən sonra simalarını bürüyən hüznü görmək doğrudan da ağır idi. Sonra da şahidi oldum ki, bu seçimimdə heç də tək deyilmişəm. Çünki bir müddət sonra özümü ələ alıb məhkumlar arasına çıxdığımda heç bir vaxt əlahiddə dolaşmasını görmədiyim həmin insanların heç birini toplum arasında görmədim. Hər biri öz küncünə çəkilib, içindəki boşluğu atlatmaqda, tanıdığı və beynində formalaşdırdığı Məşədi Vaqiflə sağollaşmaqda idi. Yəqin ki, həbsdə olduğum müddət ərzində aylar sonra yenidən qələmə sarılmağım bir qədər gözlənilməz görünə bilər. Bu müddət ərzində vəfat edən əqidə yoldaşım Elçin Şükürlünü də, əsgər yoldaşım, keçmiş kolleqam, və ən əsası cəbhədaşım Müşfiq Zərbəlini də itirərkən sarsıntının böyüklüyündən yazacaq, deyəcək, nəşr edəcək bir cümlə belə tapmadım. Yalan danışmayacam. Hələ də bu insanların artıq aramızda olmadığını qəbul etmək, bununla barışmaq istəmirəm, hətta ailələrinə kiçicik başsağlığı göndərməyi belə xatirələrimdə formalaşan portretlərinə xəyanət hesab edirəm. Amma məhz Məşədi Vaqifin gedişi bir qədər başqa oldu. Sağlığında öz əqidədaşlarına susmağı, taleyi ilə barışmağı necə qadağan etdisə, sanki vəfatı ilə də öz ölkəsini, millətini, əqidə yoldaşlarını və ümumən əsgəri olduğu düşərgəsini vəfasızlıqda qınayaraq, pis güzəran yaşadıqları üçün danlayaraq getdi. Vəfatı ilə bütün sevənlərini, əqidə yoldaşlarını həm matəmə qərq edən, həm də danışmağa məcbur edən Məşədi Vaqif.
Onun yoxluğunu babasını itirən bir çağaya xas olan kədərlə və vətən yolunda sağlamlığını itirən bir qaziyə məxsus qürurla mən də belə qiymətləndirərdim: Ömrümün 28 ili ərzində itirdiyim ilk və ən böyük Məşədi Vaqif. Ruhun şad olsun bəyim. Əmin ol ki, 80 ilə yaxın bərpası uğrunda sərf etdiyin Cümhuriyyəti yenidən öz evinə qaytaracaq və o gün də hesabat üçün məzarının ziyarətində tam bir əsgər alayı kimi düzüləcəyik. Ulu Tanrım ruhunu və onun bağlı olduğu Azərbaycanımızı şad etsin.
Dərin hörmətlə: Cəzaçəkmə müəssisəsindən Fuad Əhmədli, Asif Yusifli və Məmməd İbrahim.