Azərbaycan Dövlət Statistika Komitəsi əhalinin artım tempini göstərən növbəti hesabatını açıqlayıb. Hesabatda bir sıra göstəricilərlə bərabər, əhalinin son 7 ildəki artım səviyyəsi də əksini tapıb. Həmin göstəricilərə görə, Azərbaycan əhalisi 2011-ci ildə 124 min nəfər, 2012-ci ildə 121,4 min nəfər, 2015-ci ildə 112,6 min nəfər, 2016-cı ildə isə 104,4 min nəfər artıb. Bu göstərici 2017-ci ildə daha acınacaqlı səviyyəyə – 88,1 min nəfərə düşüb. Göründüyü kimi, ölkə əhalisi yüksək rəsmi şəxslərin vaxtaşırı fəxrlə açıqladığı kimi, heç də artmır, əksinə azala-azala gedir. Təbii, bu artım tempinin aşağı düşməsini şərtləndirən bir sıra amillər. Həmin amillərdən ən önəmlisi, mübahisəsiz, sosial-iqtisadi amildir. Bu məsələ ilə bağlı iqtisadçı-ekspert Nemət Əliyevin fikirlərini təqdim edirik:
-Əhalinin artım tempinin aşağı düşməsində sosial-iqtisadi amillərin təsiri birmənalı şəkildə böyükdür və bunu istisna etmək mümkün deyil. Ölkədə ölüm halları artıb, doğulanların sayı düşüb, qıyılan nikahların sayında geriləmə, dağılan ailələrin sayında artım halları çoxalıb. Belə vəziyyət əhalinin təbii artım göstəricisinin pisləşdirən əsas səbəblərdir. Nəzərə almaq lazımdır ki, maddi imkansızlıq ucbatından insanlar zəruri müayinə və müalicəyə olan ehtiyaclarını vaxtlı-vaxtında ödəyə bilmirlər. Heç vaxtsız zamanda da öhdəsindən gələ bilmirlər. Apteklərdə satılan dərmanların bahalığı, xəstəxana və klinikalarda müayinə və müalicə xidmət haqlarının yüksəkliyi vətəndaşların səhiyyə xidmətlərindən yetərincə yararlanmasına imkan vermir. Ümumi səhiyyə sisteminin yarıtmazlığı, xüsusən də keyfiyyətsiz səhiyyə xidməti bu sahədəki çeşidli problemlərin miqyasını daha da böyüdür. Yerli xəstəxanaların birində qanqrena vermiş ayağın yerinə sapsağlam ayağın kəsilməsini, yəqin ki, heç kim unutmayıb. Belə bir biabırçı şəraitin cürbəcür xəstəlikdən əziyyət çəkən vətəndaşların sağlamlığına, sonrakı durumuna nə dərəcədə mənfi təsir edəcəyini təsəvvür etmək elə də çətin deyil. Daxili bazarın keyfiyyətsiz, ekoloji natəmiz ərzaq malları ilə doldurulması və imkansız vətəndaşların belə məhsullardan istifadə etmək məcburiyyətində buraxılması da bu yöndəki problemləri xeyli böyüdür. Əgər ailə qurmaq yaşında olan gənc işsizdirsə, iş tapa bilmirsə, yaxud da maaşı çox aşağıdırsa, evi yoxdursa, o zaman o gənc necə rahatlıqla ailə qura bilər? Sonrakı dövrdə problemlərin daha da böyüyəcəyini düşünən gənc bir sıra hallarda qərarından daşınmaq, qərarını ertələmək məcburiyyətində qalmalı olur. Odur ki, ölkədəki ağır sosial-iqtisadi şəraitin böyük təsirini öz üzərində hiss edən gənclər ailə qurmağa elə də həvəs göstərmirlər. Təəssüflə qeyd edirik ki, belə gənclərin çoxu ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bu cür halların artmasının ölkədə bağlanan nikahlara, doğum səviyyəsinə mənfi təsir göstərməsini inkar etmək mümkünsüzdür. Lakin ağır sosial-iqtisadi şəraitin törətdiyi fəsadlar bununla bitmir, gənc ailələri də təsir altına salır. İş yerlərinin itirilməsi ucbatından, yaxud da gəlirlərin azalması, qiymətlərin bahalaşması və sair səbəblərdən ailələr öz gündəlik ehtiyaclarını qarşılaya bilmirlər. Belə vəziyyət (digər amillərin təsirini istisna etmədən) əksər hallarda ailə daxilində gərəksiz söz-söhbətlərin, gərgin psixoloji mühitin yaranmasına və böyüməsinə səbəb olur ki, bu da nəticə etibarı ilə bir sıra gənc ailələrin dağılmasına gətirib çıxarır. Sosial-iqtisadi şəraitin ağırlığı, heç şübhəsiz ki, bağlanan nikahların azalmasına, doğum səviyyəsinin aşağı düşməsinə, ölüm hallarının artmasına və nəticə etibarı ilə əhalinin təbii artım göstəricisinin pisləşməsinə səbəb olur. Təsəvvür edin ki, 2017-ci ildə bağlanan nikahların sayının 6 faizə yaxın azalması, dağılan ailələrin sayının 11 faizə yaxın artması ilə müşayiət olunub. 2016-cı illə müqayisədə 2017-ci ildə doğulanların sayında 10 faizə yaxın azalma yaşanıb. Əgər buraya ölüm hallarının artmasını da əlavə etsək, o zaman əhalinin təbii artım göstəricisinin ötən il 15,5% azalaraq 88,1 min nəfərə düşməsi aydın olar. Onu da nəzərə almaq lazımdır ki, son 6 ildə əhalinin təbii artım göstəricisi 29% pisləşib. Belə şəraitin davamlı xarakter alması səbəbindən bir müddət sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq. Hökumət, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu ciddi nəticəni nəzərə almalı və məsuliyyətini dərk etməlidir. Qarabağ probleminin həll olunmamasını unutmaq olmaz! Son 6 ildə (2011-2017-ci illərdə) 15-24 yaş qrupuna daxil olan gənclərin sayının 316 min nəfər azalmasından ciddi nəticələr çıxarılmalıdır. Odur ki, sosial iqtisadi şəraitin yaxşılaşdırılması, tənəzzülün durdurulması, yeni real iş yerlərinin açılması naminə ölkədə iqtisadi fəaliyyət üçün əlverişli şərait yaradılmalı və real islahatların önü açılmalıdır.
azadliq.info