AXCP Rəyasət Heyətinin üzvü, tanınmış iqtisadçı ekspert, hörmətli Vahid Məhərrəmlini 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Vahid bəy ölkəmizdəki haqsızlıqlara, hüquqsuzluqlara uzun illər ərzində müstəqil ziyalı kimi etiraz edib. “Amal” Ziyalı Hərəkatında da, sonralar İctimai Palatada təmsil olunanda da ölkəmizdə ədalətin bərpası üçün səsini ucaldıb, əzilənlərin, hüququ pozulanların yanında olub. 2015-ci ilin yayında AXCP rəhbərliyi ağır repressiyalara məruz qaldığı, hökumətin partiya ətrafında növbəti dəfə “parçalanma” şousu yaratdığı bir məqamda Vahid bəy özü üçün mühüm qərar verdi. Hörmətli ziyalımız rejimlə mübarizənin ən ön xəttində – AXCP-də olmaq qərarına gәldi. Zamanında verilmiş, cəsarətli qərar idi. Cəbhəçilər də Vahid bəyin bu fədakar seçimini dəyərləndirdilər. Vahid bəy xeyli müddətdir ki, partiyamızın Rəyasət Heyətində təmsil olunur. Vahid bəy təkcə partiyamız üçün deyil, ölkəmiz üçün çox qiymətli, hərtərəfli hazırlğı olan bir şəxsiyyətdir. O həm intellektualdır, həm də cəsarətlidir; həm üzərində hər gün işləyən, bilikli ekspertdir, həm də yaxşı natiqdir. Müxtəlif sahələr üzrə ölkənin inkişaf proqramlarını hansı peşəkarlıqla hazırlaya bilirsə, eyni peşəkarlıqla da mitinq idarə edə bilir. Vahid bəyin xalqımız qarşısında daha da böyük xidmətlərinin hələ qarşıda olduğuna inanıram.
Hörmətli Vahid bəyi bir daha ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram!