Zümrüd Yağmur
Gəlin məsələyə bir qədər fərqli və geniş baxaq. Bəlkə indi baş verənlər təkcə YAP hakimiiyyətinin fəaliyyətinin nəticəsi deyil, elə YAP hakimiyyəti də bizim keçmişdən bu yana inşa etdiklərimizin məhsuludur?!
Beləliklə… Prezident seçkilərinin erkən keçiriləcəyi elan olunur-olunmaz marafon başlandı. Yaltaqlı marafonunun ilk günlərində qarabağlılar, əlillər “mövqeyini” ortaya qoydu, daha doğrusu onların adından danışmaq haqqını oğurlayanlar danışdılar. Bunun ardından Anar da fürsəti əldə vermədi və gözlənilən mənəviyyat qətlinin növbəti qurbanı qatilini sevə- sevə azadlığını kürsü gilyotininin iti baltası altına uzatdı.
Amma nə baş verməli idi ki?!
Yoxsa Anar, Elçin, Mövlud Süleymanlı, Rəşad Məcid, ya da başqa biriləri qalxıb nəsə fərqli, cəsarətli söz deməli idi? Ola bilməz, ola bilməz ki, fərqli nəsə gözləyək, mümkün deyil. Axı fərqli, cəsarətli sözün deyilməsi üçün toplum olaraq nəsə etmədik, bizlər, bizdən əvvəllkilər, əvvəlkilərdən öncəkilər…
Məgər bu ölkədə cəzasızlıq mühitini yaradıb o mühitin münbit qalması üçün onu daima öz prinsipsizliyi ilə sulayıb becərən bizlər deyilikmi?
Bu gün də biz eyni şeyi etmirikmi?
Öncəkilər saray şairi olmağa qorxmadı… Biz Xaqanini heç qınamadıq. Onun saray şairi olması ədəbiyyatdakı yerini əskiltmədi.
Daha yaxına gələk… Keçən əsrin 30- cu illərində ölkədə represiyada qurban getmiş, məsələn, Müşfiqdən donos yazıb medal alan Süleyman Rüstəmi ədəbiyyat dərsiiklərində hətta Müşfiqdən belə geniş proqramla tədris etdik.
Ya da Məmməd İbrahim, Səməd Vurğun… O dövrdə əyilməzlik somvoluna çevrilmiş Cavid Əfəndini əziz tutduq, amma o dövrün yaltaq və ya susqunlarını da lazımi yerinə oturtmadıq. Rəsul Rzanın “Lenin” poemasını əzbərlədik, amma Əhməd Cavadın, Salman Mümtazın taleyinə düşmüş sürgün, ölümlərin qiymətini vermədik, satqın, yaltaq, susqun olmuşları geniş tədris edib cəsarət sahiblərinəsə dərsliklərin icmal bölümündə yer ayırıb təkrar-təkrar qətl edib onları etinazlığımızın sürgününə göndərdik.
Beləcə, ədəbiyyat tariximizi satqın və yaltaqlara gülüstün etdik.
“Meyar nədir?” sualına da cavab vermiş olduq. Meyar şəxsiyyət deyilmiş. Meyar heç həqiqətin, ədalətin, xalqın yanında durmaq da deyilmiş. Meyar eləcə şer, roman yazmaqmış… Saray yazarı, şairi olmaqmış, ləyaqətli, cəsarətli şəxsiyyət olmaq meyara çevrilə bilmədi bu ölkədə…
Kimsə qalxıb demədi ki, axı şəxsiyyəti iə bir ölkə inşa edəcək, sözü ilə milyonlara azad düşüncə aşılayacaq yaradıcı insan bunun əvəzinə susqun, yaltaq və cəsarətsiz bir nəslin yetişdirilməsində iştirak edibsə onun istedadı bir ölkənin şikəst edilməsinə qarşı üsyan etməyibsə, nə işə yarayır o bacarıq? Şərin yanında durmuş, ya da susmuş savad, istedad daha qorxuludur deyib buna qarşı kim, nə zaman etiraz etdi?
Əksinə, qoruduq, onlara toz qondurmadıq. Bu diridur, yararı olar, o ölüdür, “ölünün arxasınca danışmayaq” deyb cürük dəyərlərlə bu ölkədə bütün dəyərləri beləcə tükətdik.
Bu günlərə gəldik. Bu cəzasızlıq mühitində az sayda insanı çıxmaq şərti ilə demək olar ki, bütün cavan yazarlar hakimiyyətin saytlarında yerlərini bərkitdilər. Heç bir əndişə duymadan. Yüz illərdir bu xalqın bətnində yuva salmış prinsipsizlik toxumlarını söküb atacaq və meyar şəxsiyyətdir deyəcək zehniyyət ortada yoxkən niyə öz komfortlarından, aldıqları yüksək maaşdan vaz keçsinlər ki?
Belə olan halda, ömrünü sovurmuş Xəlil Rza ilə sabah ədəbiyyat tarixində tədris olunacağından, heç bir prinsipiallıqla üz-üzə gəlməyəcəyindən əmin olan bu günün “böyük” yazar, yaltaq susqunları nəyə əndişə duysunlar ki?
Amma o cəzasızlıq bununla da bitmir axı…
Bu gün hakimiyyət saytlarında özünü dəfn edən cavan yazarların hansı dostu, yoldaşı bunu etdiyinə görə onunla salam-kəlamı kəsdi? Kimsə… Bütün dəyərlərin ayaq altına alındığı bu qarmaşanın içində prinsipsizlik mühitində kimsə qınanmaqdan qorxmur. Bütün sərhədlər, dəyərlər bir- birinə qarışmış, eybəcər hala gəlmiş və nəticədə, “hər adamla çörək kəsilməz” deyib sözlərə yüklədiyimiz mənaları belə çəkinmədən, utanmadan öz mənasızlığımızla bir-birimizin üzünə vururuq. Hakimiyyətin siyasətini tənqid edən biri, sabah sosial şəbəkədə məhz elə o hakimiyyətin açdığı saytda, yalan dolu yazıları redaktə edib bu sistemin parçası olan bir yazar dostu ilə yemək şüfrəsi arxasından boy-boy fotolar paylaşır.
Bu qarmaşa, prinsipsizlik bataqlığında, qınağın olmadığı mühitdə, o üzdən, Anar və ya digərlərini sorğulamaq yerinə, səhərləri duz- çörək, dəyərlərdən danışıb axşam o bəyənmədiklərinizlə kəsdiyiniz duz-çörəklərin hesabını sorun özünüzdən…
P. S. Məsələn, gündüz “o adamdı, yaramazın biridir”, deyib bəyənməzlik edənlərin axşam FB- da qol-boyun fotolarını gərəndə mən heç təəccüblənmirəm. Bir vaxtlar böyük- böyük dostluqlardan, dəyərlərdən, etibardan və sədaqətdən danışanların heç kiçik dost, güvən yeri ola bilmədiyini gördükdə heyrətlənmədiyim kimi…
Yazı müəllifin Facebook səhifəsindən götürülüb