Şahmat təkadamlıq oyun deyil

Yaxud, Zahid Orucun ağ fiqurları

Son günlərin əsas müzakirə mövzusu vaxtı dəyişdirilmiş prezident seçkilərdi. Təbii ki, bizim ölkədə seçkinin harasını dəyişsən də, nəticə dəyişmir. Yəni, seçki qutusu “kişinin sözü bir olar” prinsipinə sadiq qalaraq, hökumət namizədini qalib edir.
Amma cəmiyyətdəki müzakirələrdən də aydın görünür ki, məlum qərardan sonra seçkiyə münasibət biraz da pisləşib. Ölkə vətəndaşları seçkinin heç bir önəm daşımadığı, daha rüsvayçı formada baş tutacağı qənaətindədir. Hətta beynəlxalq mətbuat da hökumətin növbətə şouya hazırlaşdığını tirajlayır.
İctimai rəydə “mat” vəziyyətinə düşmüş hökumət arqument istehsalına başlayıb. AzTv-lərdə, hökumət mətbuatında “həmişəyaşıl” sözçülər əsaslandırmalar üzərində işləyir. Sən demə ən ideal, dövlətin maraqlarına cavab verən, Azrəbaycanı yeganə təmsil edəcək şəxs İlham Əliyev imiş.
Məsələn, millət vəkili Zahid Oruc mətbuata səpələnib, YAP-ın namizədinin niyə İlham Əliyev olduğunu xırdalayır. Bu deputat əvvəlcə bəyan etdi ki, İlham Əliyev seçkiyə yeni komanda ilə gedir. Amma ürəyi soyumadı və palaz boyda izahat yazdı. Yazının əsas canı budur ki, hətta 100 il əvvəl yaranmış Cümhuriyyət də Azərbaycana sahib çıxa bilmədi, qurucu babalarımız Azərbaycanı işğaldan xilas etməyə qadir olmadılar və sonda Azərbaycanı Əliyevlər xilas etdi.
Məlum məqalənin sonu isə “Şahmat dili ilə desək, İlham Əliyev ağlarla başlayır və udur” cümləsiylə bitir.
Açığı, şahmat oyununu mən də sevirəm və deyilənə görə pis oynamıram. Hamının bildiyi kimi şahmat iki nəfərin oynayacağı oyundu. Həm də ağ fiqurlarla oyuna başlayıb, sonda məğlub olan xeyli “şaxmatist”lər də olub.
Məsələ burasındadır ki, Zahid Orucun hakim kimi göründüyü oyunda qarşı tərəf yoxdur. Yəni, oyuna kimin başlaması, hansı gedişin edilməsi önəm daşımır. Hər iki tərəfin gedişini eyni adam edir və təkadamlıq oyunda həmişə “qalib”gəlir. Halbuki, Zahid Orucun ağ fiqurlarla oynayan idmançısını bir neçə gedişə “mat” edəcək rəqiblər var.
Biz qara fiqurlarla oynamağa hazırıq, təki siz gedişləri düzgün edəsiz. Atın fil gedişi etməsi, piyadanın at kimi oynaması ədalətli deyil. Şahmat taxtasını ortaya qoyun, oyunu hamı izləyə bilsin və qalib də müəyyən edilsin. Qorxamyın, “detski mat” etmərik.

İlham