Ziyalılar Azərbaycan iqtidarına çətin suallar ünvanladı
“Nuru Paşanın abidəsi Türkiyə səfirliyinin bir guşəsində deyil, Bakının ən görkəmli yerində olmalıdır!”
Azərbaycan Ziyalılar Forumu ötən gün “15 sentyabr – Bakının işğaldan azad olunması” mövzusunda konfrans keçirdi. Öncə 1918-ci ilin 15 sentyabrı ilə əlaqədar film nümayiş etdirildi. Daha sonra politoloq Eldar Namazov giriş sözündə dramaturq Rüstəm Ibrahimbəyovun “15 sentyabr Bakıda paytaxt günü elan olunsun” fikrini xatırladaraq bildirdi ki, paytaxtımızın tarixinə nəzər salanda 15 sentyabr ən layiqli gündür: “Çünki Bakı azad olunandan sonra Azərbaycanın paytaxtına çevrildi.
Başqa bir təklifdə isə paytaxtımızın azad olunması münasibəti ilə abidə, yaxud Panteon salınması bildirildi. Təəssüflər ki, bunların heç biri hələ həyata keçməyib. Ona görə bu məsələləri xatırlatdım ki, çıxışlarda təkliflərə toxunulsun və tədbirin sonunda daha təkmil şəkildə hazırlanacaq qərara salınsın”.
“Bakının neft sərvətlərindən yararlananlar unutmamalıdırlar ki…”
Məruzəçi professor Cəmil Həsənli 15 sentyabr qədər Bakı şəhərinin tarixində ikinci böyük, mühüm gün olmadığını söyləyərək bildirdi ki, hər şəhərin tarixində önəmli gün olur və həmin şəhərin sakinləri də o günü qeyd edirlər. Ancaq 15 sentyabr paytaxt günü adlansa da, həmin tarix elə bir gündür ki, xalqın tarixində önəmli rol oynayıb: “Ingilis alimi Hoppinks yazırdı ki, XX əsrin əvvəllərində Bakı bütün dünyanı isitməyə və işıqlandırmağa layiq olan yeganə şəhər idi. Hesab edirəm ki, 15 sentyabrın paytaxt günü və Panteonun salınması təklifləri millətləşmə və dövlətləşmə üçün önəmli sayılmalıdır. Yəqin ki, filmdə bəzi epizodlarda türk əsgərlərinin döyüşkənliyini gördünüz. Unutmayaq ki, əsgər yalnız öz vətəni uğrunda belə döyüşə bilər. Yadelli əsgər heç vaxt başqasının vətəni uğrunda belə vuruşa bilməz. Sözün tam mənasında Qafqaz Islam Ordusu və onun özəyini təşkil edən türk ordusu Azərbaycanda öz vətəni uğrunda vuruşurdu. Əsgərlərin əzmkarlığı və hədəflərə qovuşması böyük bir tarix oldu. Birinci dünya savaşında bu və ya başqa cəbhələrdə yenilən Osmanlı ordusu Bakı cəbhəsində böyük zəfər qazandı. Ona görə ki, Bakını daşnaklardan təmizləmək üçün canlarını fəda edirdilər. Bakı 15 sentyabrda – Qurban Bayramı günü azad edildi. Ənvər Paşa əmr vermişdi ki, müsəlmanlar öz bayramlarını Bakıda keçirməlidir. Belə də oldu. Istanbulda 15 sentyabr günü iki qurban kəsildi. Biri Qurban Bayramı üçün, digəri də Bakının azad olunması naminə. Azərbaycanın o zamankı milli hökumətinin, Azərbaycan könüllülərinin Qafqaz Islam Ordusu ilə birgə qəhrəmanlığı Bakını bizə qaytardı. Bu gün Bakının neft sərvətlərindən yararlananlar da bunu unutmamalıdırlar. Rusiya imperiyasının diplomatları Osmanlı hökuməti ilə apardıqları danışıqlarda qeyd edirdilər ki, Azərbaycanın müstəqilliyini yalnız Bakısız tanıya bilərlər. Yəni Bakını heç cürə Azərbaycanın hüdudlarına daxil etmək istəmirdilər. Ona görə Bakının azad olunmasını həmin dövrün diplomatik şərtləri çərçivəsində araşdırmaq lazımdır”.
İmperiya ilə cümhuriyyətin qardaşlığı
Professor bildirdi ki, tarixdə çox az nümunə var ki, cümhuriyyətlər imperiyalardan kömək alsın. Çünki bunlar arasında dünyagörüş fərqi olduğundan imperiyalar cümhuriyyətləri özlərinin düşmənləri sayırdı. Amma Bakıda, Qubada və Şamaxıda olan azərbaycanlıların qırğınlarına yeganə reaksiyanı Osmanlı hökuməti verdi. Bu mənada Bakının azad olunmasının kökündə yüksək dövlət rəsmilərinin imzaları dayanırdı. Və Bakıya doğru gələn tək Islam Ordusu deyildi, neftə olan ehtiyac bütün orduları paytaxtımıza yönəltmişdi. Rusiya şimaldan, Almaniya qərbdən, ingilislər cənubdan gəlirdi, yalnız Osmanlı Imperatorluğu işində millətdaşlıq və dindaşlıq öhdəliyi ilə gəlirdi. Qalanları isə petrol üçün gəlirdi”. C.Həsənli Osmanlı əsgərlərinin evlərinə yazdıqları məktublarını həyat hekayəsi hesab etdi: “Məktublarda əsgər iradəsi öz əksini tapmışdı. Onların içində olan Mürsəl Paşa sonrakı həyatını Mürsəl Bakı adıyla yaşadı və xatirələrini yazdı. O cümlədən Məhəmməd Əmin Rəsulzadənin məktubları hadisələrin dramatikliyini ortaya qoyur. O, açıq şəkildə yazırdı: Bakı alınmasa, əlvida vətən!”.
Qardaş sıxıntısı
Növbəti çıxışçı Türkiyə parlamentinin keçmiş deputatı, “Şəhid Ənvər Paşa” kitabının müəllifi Nevzet Kösoğlu bildirdi ki, Azərbaycan xalqı ilə Türkiyə xalqı qardaşdır. Qardaşlar dar ayaqda bir-birinə yardım edərlər: “Qafqaz Islam Ordusu öz doğma qardaşına yardım edib. Bakının azad olunması qardaşın birgə qəhrəmanlığı ilə mümkün olub. Azərbaycanla Türkiyənin qardaşlığı həmişə davam edəcək. Biz bir yerdə olanda bütün çətinlikləri aşa bilirik. Qardaşlar bir-birinə kömək edərlər, ancaq bir qardaşın sıxıntıda olduğu an o birinin kömək etməsi çox nadir haldır”. Keçmiş millət vəkili Ənvər Paşanın və Nuru Paşanın qəhrəmanlığından, Bakının azad olunmasını əks etdirən tarixi olayları xatırladaraq fikrini yekunlaşdırdı.
“Bir millət – iki dövlətiksə, niyə viza problemi aradan qaldırılmır”
Ziyalılar Forumunun üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli Bakının işğaldan azad olunmasını Azərbaycanın əsl qurtuluş günü hesab etdi: “Allah bizə qətiyyət versin ki, Bakının azad olunmasında iştirak edən və bu günədək Azərbaycanın bütövlüyü, inkişafı uğrunda şəhid olan bütün qardaşlarımızın xatirəsini gerçəkləşdirək. Biz türk şəhidlərimizin ruhuna layiq olan hələ çox işlər görməliyik, təəssüf ki, onların xatirəsini əbədiləşdirə bilməmişik. Əgər ərazilərimizin 20 faizi işğaldadırsa, onların ruhu narahatdır. Biz ərazilərimiz azad etməyincə şəhidlərin ruhu rahatlıq tapmayacaq. Bu baxımdan bizim onların qarşısında çox böyük borcumuz var”. G.Hacıbəyli hakimiyyətə sual etdi ki, bir millət – iki dövlətiksə, niyə viza problemi aradan qaldırılmır: “Türk məscidinin bağlanmasını necə başa düşək? Yaxud Türk dilində filmlərinin tərcüməsinə nə ehtiyac var? Məgər Ərdoğanla Ilham Əliyev görüşəndə tərcüməçi vasitəsilə bir-birini başa düşürlər. Eyni dildə danışırıq. Tərcümə nəyə lazım? Bir millətin iki dövlətiyik, ərəblərin 20 dövləti var, amma bir millətin 20 dili ola bilməz. Dilimiz eynidirsə, tərcümə nədir? Məni ağrıdan bir məsələ də var: bütün millətlərə sayğım eynidir, amma başqa tərəfdən vurğulamaq istərdim, 2009-cu ildə siyahıyaalınma keçirildi, baxaq nəticələrə, məlum olub ki, Azərbaycanda 1,4 faizi türk yaşayır, yəni 38 min türk var. Onların qarşısına məhsəti türkləri də yazılmayıb, sadəcə türk yazılıb. O zaman biz kimik? Daha sonra nəticələrdə 119 min rus, 120 min erməni və 38 min türk yaşayır, digərlərini isə 96 faizlə azərbaycanlı kimi qeyd ediblər. Bu, nonnensdir! Burdan belə məntiqi çıxır ki, azərbaycanlılar türk deyil. Necə ki, ləzgi, talış qardaşımın ad haqqı var, mənim də kimlik haqqım var. Unutmayaq ki, neft-qaz nə vaxtsa tükənəcək, amma Azərbaycan-Türkiyə münasibətlərindəki sevgi heç zaman tükənməyəcək. Nuru Paşanın abidəsi Türkiyə səfirliyinin bir guşəsində olmalı deyil, onun abidəsi Bakının ən görkəmli yerində olmalıdır. Məgər Məhəmməd Əmin Rəsulzadənin bir heykəl qədər xidməti yoxdurmu Azərbaycanda? Çox arzulayardım ki, ADR quranlara Panteon qurulsun. Bunlar təcili həllini gözləyən məsələlərdir”. G.Hacıbəylinin çıxışında eks-prezident Elçibəyin adını çəkməməsi hüquq müdafiəçisi Novella Cəfəroğlunun replikası ilə qarşılandı: “Türkləri bu əsrdə ikinci dəfə Azərbaycana Elçibəy gətirdi”. G.Hacıbəyli dedi ki, Allah Elçibəyə qəni-qəni rəhmət etsin, o, bizim dəyərli dövlət xadimimiz və prezidentimiz olub: “Sözsüz ki, Elçibəyin türk sevdası hər birimizə bəllidir. Amma türklər heç zaman bizi tərk etməyib və qəlblərdəki sərhəd heç zaman aradan götürülməyib. Düzdür, bir millət – iki dövlət fikrini ilk dəfə böyük şairimiz Bəxtiyar Vahabzadə poetik dildə söyləmişdi, sonra prezidentlər Elçibəy və Heydər Əliyev demişdi”.
Təşəkkür borcu
Ziyalılar Forumunun üzvü, professor Firudin Cəlilov bildirdi ki, nə Türkiyədə, nə Azərbaycanda Elçibəydən başqa heç bir dövlət, hökumət başçısı qədim tariximizi bilir: “Tarix elə gətirib ki, mən Türkiyədə bir çox dövlət və hökumət başçıları ilə görüşüb söhbətlər etmişəm. Bundan sonra bu qənaətə gəlmişəm. Niyə türk qardaşlarımız Güney Azərbaycan məsələsinə laqeyddirlər? Türkiyənin dövlət adamları, siyasi partiya sədrləri Güney Azərbaycanda 35 milyon türkün fəryadını nə üçün eşitmirlər? Güneydə dəhşətli zəlzələ oldu, amma Türkiyə televiziyaları bu faciəyə laqeyd yanaşdı. Elə Quzey Azərbaycanda da oxşar laqeydlik yaşandı. Biz amerikalı senatora Dövlət Departamentinə Güneylə bağlı yazdığı məktuba görə təşəkkür edək”.
İqtidarların şıltaqlığı dostluğumuzu pozmamalıdır
Tarixçi-alim Nəsib Nəsibli Azərbaycan rəsmilərinin Türkiyənin Bakıda səfirinin Nuru Paşaya heykəl qoyulmaması ilə bağlı sorğusuna “O, Bakıya petrol üçün gəlmişdi” cavabını xatırladaraq bildirdi ki, hakimiyyətin mövqeyi belədir: “Halbuki, Nuru Paşa Istanbuldan yox, Təbrizdən gəlirdi. Bu o zaman idi ki, Nuru Paşa Təbrizdə öz missiyasını yerinə yetirəndən sonra Bakıya gəldi. Həmin vaxt ermənilər və assurlar Güney Azərbaycanda 150-200 min türkü qırdı. Hətta türk düşməni Kəsrəvi 180 min yazırdı. Nuru Paşa onları xilas etməyə getmişdi. Bakıda, Şamaxıda, Qubada isə bundan dəfələrlə az qırğın olmuşdu, təəssüf ki, bu məsələlərə detallı yanaşılmır. Əslində, Bakının Qurtuluşu Türkiyə-Azərbaycan qardaşlığı Günü kimi qeyd olunmalıdır. Axı Bakı 1918-ci ildə qurtulmadı, zaman vardı ki, Bakını Sovet Azərbaycanından ayırmaq istəyirdilər. Biz Azərbaycan-Türkiyə münasibətlərindən çox, millətlərarası münasibətlərdən danışmalıyıq. Yəni iki millətin münasibəti o qədər sıx olmalıdır ki, bu, iqtidarların şıltaqlığından asılı olmasın. Çünki iqtidarlar dəyişir, millət isə qalır. Bir məqamı da xatırlayım, tarix üçün, bir millət – iki dövlət ifadəsi nə Bəxtiyar Vahabzadəyə, nə Elçibəyə məxsusdur. Bu ifadəni ilk dəfə 1979-cu ilin sonunda Ayətulla Şəriətmədari deyib”. Professor Kamil Vəli Nərimanoğlu dedi ki, 1918-ci ildə türk ordusu gəlməsəydi, bu gün Azərbaycan da, biz də yox idik: “Türk ordusu ədaləti bərpa etdi. Təkcə Bakını yox, Azərbaycanı xilas edib”.
Sonda məlumat verildi ki, Ziyalılar Forumu irəli sürülən bütün təklifləri nəzərə alacaq.
Natiq