Nəqliyyat naziri «ZQAN Holdinq»in cərimələnməsini Kəmaləddin Heydərovun planı olduğunu düşünür
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) Ziya Məmmədova məxsus olduğu bildirilən “ZQAN Holdinq”i fantastik məbləğdə cərimələsi nəqliyyat nazirini özündən çıxarıb. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Ziya Məmmədov yaxın çevrəsinə bildirib ki, o, bu işi belə qoymayacaq. Bu yerdə oxucuların diqqətinə çatdİraq ki, ETSN Ziya Məmmədova məxsus “ZQAN Holdinq”i 2 miylon 840 min manat cərimələyib. Nazirlik hesab edir ki, “ZQAN Holdinq” inşaat işləri apararkən ətraf mühiti çirkləndirən avadanlıqlardan istifadə edir. “ZQAN Holdinq” ETSN-nin cərimə protokolunu etibarsız sayaraq məhkəməyə müraciət edib.
Əldə etdiyimiz yeni məlumatlarda vurğulanır ki, Ziya Məmmədov Hüseynqulu Bağırovun bu addımı kimlərinsə təhriki ilə atdığını düşünür. Nəqliyyat naziri bu məsələ ilə bağlı fikirlərini yaxın çevrəsi ilə bölüşərkən konkret ad da çəkib. Ziya Məmmədov bildirib ki, baş ekoloq “ZQAN Holdinq”i fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təhriki ilə cərimələyib. Yeri gəlmişkən, Hüseynqulu Bağırovun “fövqəlnazir”ə yaxın şəxs olduğu bildirilir. Kəmaləddin Heydərovla Ziya Məmmədovun münasibətləri isə o qədər də ürəkaçan deyil. Bu baxımdan düşünmək olar ki, “fövqəlnazir” fürsətdən istifadə edərək “ZQAN Holdinq”ə külli miqdarda maliyyə zərbəsi vurmaq istəyib. Hər halda Ziya Məmmədovun özü də bu cür düşünürsə, deməli, məsələ təkcə Hüseynqulu Bağırovluq deyil. Lakin Ziya Məmmədov Hüseynqulu Bağırova da hansısa formada zərbə endirmək niyyətindədir.
İnformasiya şöbəsi