Yaxın günlərdə bir qrup gənc yazarla intihar mövzusunda geniş söhbətimiz oldu. Gənclərin ürəyi doludur. Onlar cəmiyyəti kabus kimi caynağına almış intiharlara çoxlu səbəblər gətirirlər. O yazı artıq yayımlanıb və bu məsələ haqqında təkrar yazmaq niyyətim də yox idi. Amma bu gün bir şair dostum yazdı ki, ikimizin yaxşı tanıdığımız başqa bir yazar da intihar etmək istəyir. Yaxınlarından biri həyəcanla xəbər ötürüb ki, onu bu addımdan daşındırmağa yardımçı olsun. Yaşadığımız bütün bu hadisələr dəhşətlidir. İnsanlar problemlərin və onların yaratdığı dağıntıların arasında çapalayır. Azərbaycan reallığında sosial problemlər intiharı doğuran səbəblərin başında gəlir. Bəhs etdiyim yazar tanışımla da vəziyyət bənzərdir – işsizlik, evsizlik, imkansızlıq, çarəsizlik. Axı biz yazarlar illərdir insandakı yaradıcı gücün onu xilas etdiyini düşünürdük, bəs nə oldu? Nə oldu ki, ölkənin istedadlı, intellektli, minlərin, yüz minlərin içində seçilən gəncləri intiharı son çıxış yolu olaraq qəbul etməyə başladı? “Yaradıcı fəaliyyət həyat mübarizəsinin üzərinə keçirilmiş bir dəli köynəyidir ki, insanı dəli olmaqdan, intihar etməkdən qoruyur” deyir məşhur alim-psixoloq Gündüz Vassaf. Daha insanları qoruma sehrini itirdimi o yaradıcı güc? O dəli köynəyi cırılıb üstümüzdən düşdümü yoxsa? Nələr oldu bizə, nələr oldu bu insanlığa, bu cəmiyyətə, bu məmləkətə?
“Gənclər nədən intihar edir” deyə soruşuram gənc yazarlara. “Universitet oxuyan gənc təhsil haqqı dərdi çəkir, universiteti bitirən gənclik işsizlik problemi yaşayır, evlənən gənc ev sıxıntısı, ailəsinə bir tikə çörək apara bilməyin sıxıntısını çəkir, reallığımız o qədər acınacaqlıdır ki, bunları sabaha qədər uzatmaq olar…” deyir Şəhriyar İbrahimov. “Cəmiyyətin yazarı intihar edirsə, o cəmiyyət mənəvi olaraq artıq intihar etmiş cəmiyyətdir. İnsanlar yaşamaq üçün gün boyunca işləmək məcburiyyətindədir. Bəzən qınayırıq ki, kitab niyə oxunmur. Sosial vəziyyəti bərbad olan, 12-14 saat işləmək məcburiyyətində qalan bu gənclik necə oxusun axı. Bütün əsəb, sinir sistemi məhv olur insanın, istirahət edə bilmir o gənc, necə oxusun ki. Ölkədə bu işsizlik deyilən bəladan qurtarmaq lazımdır ailələri. Dağıntılar da, ailə faciələrinin kökündə də elə o durur…” deyir Mirbağır Bünyatlı. “İntiharın ən böyük səbəbi insanların tənhalığıdır. Gənclər cəmiyyətdən istədiyi münasibəti görmədiyi üçün tənhalaşır. Əgər cəmiyyət məndən istədiyi münasibəti görmürsə, məni uzaqlaşdırır, çünki cəmiyyətin istədiyi münasibət mənim xarakterimə uyğun deyil” deyir Ələsgər Əhməd. “Azərbaycan ölkədir, orda cəmiyyət yoxdur, qəbilə var. Burda az sayda, 10-15 faiz fərdi insanlar var ki, onlardan da ya ailələri imtina edir, ya da onlar ailələrindən imtina edirlər, ya da əsl ziyalı ailələrin nümayəndələridir ki, orda valideynlə uzlaşa bilirlər. Problemin maddi tərəfi də odur ki, Azərbaycan gənci valideyndən asılıdır. Bu asılılıq da böyük bəlalar doğurur. Süni etiket qaydaları, psixoloji və mənəvi olaraq etiket qaydaları aradan qaldırılmalıdır” deyir Sahib Nəbiyev. “Mən razıyam ki, sənət qurban tələb edir, amma bu qurban həyatın olmamalıdır. Bu qurban malın, pulun və daha başqa maddiyyat ilə ölçülən “nəsnə”lər olsun, amma ananın sənə verdiyi həyat olmasın..! Yenicə ailə quran gənc ədib ev kirayəsini necə versin? Ailəsinə çörək pulun hardan gətirsin, hansı redaksiyalar ,hansı saytlar var ki, normal əmək haqqı verir , amma o gənc ədib gedib işləmir…” deyir Anar Əlizadə. “Şair dünyanın yükü ilə yüklənir, hər kəsin dərdini dilə gətirir, amma hər kəsi xatırladıqca özü unudulur. Şairlər unudulmağı qəbul edə bilmir. Digər tərəfdən maddi, mənəvi zərbələr, çətinliklər və çata bilmədiyi arzular, o yerə gətirir ki, şair şeirlərindəki intihar səhnələrinin baş qəhrəmanına çevrilir” deyir Ziya Fədai.
Yaradıcı gənclərin bu cəmiyyətdə hansı sıxıntılar içində çırpınıb qaldığını bilin istədim. Bəlkə, kiminsə yadına Yazıçılar Birliyi adlı bir qurum düşəcək. Amma… qınamayın məni, belə qurumları olan ölkənin gəncləri intihar etməsin də, neyləsin. Qurumları boş verin, bu gənclərə hamılıqla yardımçı olmamız lazım. Təkcə onlaramı? Xeyr, intihar indi, bəlkə də, ölkədə çoxlarının ağlından keçən “qurtuluş” yoludur. O yolun qarşısına keçmək üçün hamımızın əl-ələ verməmiz önəmli. Yazını Paulo Coelhonun çox sevdiyim bu fikri ilə bitirmək istəyirəm: “Qəhrəmanlar və dəlilər təhlükəni vecinə almaz, kim nə deyirsə-desin, bildiklərini edərlər. Dəli intiharı seçər, qəhrəman özünü bir dava uğruna fəda etməyi… amma ikisi də ölər…” Hamımıza qəhrəman kimi yaşamaq arzusuyla…