Ilham Hüseyn
Yaxud, “kreativ” özünüsatma üsulu
Əminliklə demək olar ki, 2018-ci il çox maraqlı olacaq. İt ili sədaqəti dizinin üstündə olanların dizini yerə qoyacaq. Xeyli adam ləyaqətsizliyin prezentasiyasını keçirəcək, özünü rejimə yaxşı təqdim etmək üçün “repertuar”ında rəngarənglik yaradacaq, qaranlıq otaqda qara pişiyin axtarışına çıxacaq və.s
Əvvəla seçki ilidi, ikincisi böhran dərinləşir, üçüncüsü qorxu hissi aman vermir, dördüncüsü saxta tənqidçilər təbii halına qayıtmağa məhkumdur.
Bəli, qəddar rejimin qəzəbindən yayınmaq, “islahatçı” komandanın gözünə girmək üçün yeni fəndlərə ehtiyac var. Təbii ki, Azərbaycanda karyera pilləkənini qalxmaq üçün AXCP və onun liderindən daha effektli tranplin ola bilməz. Yəni, rejimin sevimlisi olmaq üçün müxalifətin, sadə vətəndaşın sevimsizi olmaq lazımdı. Məsələ bundadır ki, hökumət komandasında xalqın qəlbinə yoı tapmış adam yoxdur və trollar da sürətlə ifşa olunur. Ona görə də cəmiyyətdə simasını tanəm itirməmiş, müxalifət libasına bürünmüş adamları şər kampaniyasına qoşmaq zərurəti yaranır. Eyni zamanda xeyli adama özünü “göstərmək” şansı verilir.
Ona görə cəmiyyətdə bir balaca hörmət qazanmağa nail olmuş adamlar, qazanclarını hökumət yolunda xərcləməyə başlayıblar. Mənəvi qazancı itirib, maddi qazanc əldə etmək qərarı veriblər. Əslində bu işi peşəkarcasına görmək, obyektiv görünmək üçün səy göstərirlər. Amma cəmiyyətin təcrübəsi böyük olduğuna görə belə üsullar keçmir.
Ölkədəki zülmə, saxtakarlığa, hüquqsuzluğa göz yumub, müxalifət liderinin statuslarına dörd gözlə baxan adamlar səmimi qəbul edilə bilməz. Xüsusən də alpinistlərin itkin düşməsindən sonra xeyli adamlar “rejim dağı”na dırmaşmağı fürsət verdi. Müxalifəti fürsətcillikdə ittiham edənlər özləri alpinistlərin faciəsindən yararlanmağa başladılar. Belə ki, müxalifət alpinistlərin ” İlham zirvəsi” nə çıxarılmasına, axtarışlara gec start verilməsinə, insam həyatının ucuz tutulmasına etiraz edir, “kreativ” tənqidçilər isə hədəfi hökumətdən yayındırmaq üçün virtual aləmdə “yallı” oynayırlar.
Bəli, xeyli adam hökumətin xoşuna gəlmək üçün “podium”a çıxıb. Sözsüz ki, ləyaqətinin fiqurası “90-60-90″ ölçüsünə uyğun gələnlərə ” Miss əlaltı” mükafatı veriləcək.
Qarşıdakı dövrdə xeyli siyasi modellər podium da öz əndamını nümayiş etdirəcək. Bu prosesə “kreativ özünüsatma” adı da vermək olar. Xalqın əleyhinə yazılmış qalaq-qalaq “kitab”lara biganə qalıb, müxalifət liderinin statusunda nöqtə- vergül səhvi axtaranlar, mütləq mükafatlanacaq. Amma belə mükafatlar tərcümeyi-halda qara ləkə kimi görünür.
Çox maraqlı olacaq…..