“Əkinçilik, ya heyvandarlıq?” – mal-qaraya otlaq tapmaq problemdir FOTO

“Şumlanmış torpaqda heyvandarlıq inkişaf etmir. Ona görə də mal-qaranı, qoyunları qonşu kəndin otlaqlarına aparırıq,” – 63 yaşlı tərəkəmə Cəbrayıl Əzimov deyir.

Ağsunun Gəgəli kəndində təxminən 20 tərəkəmə ailəsi yaşayır. Bu ailələr payız-qış mövsümündə kəndin yaxınlığındakı qışlaq ərazisinə köçüb, kənd təsərrüfatı ilə məşğul olurlar.

Əsas məşğuliyyəti heyvandarlıq olan tərəkəmələrin otlaq sahəsi son illər daha çox əkinçilik üçün istifadəyə verilir.

Əzimov Gəgəli qışlağındakı otlaq sahəsini qanuni şəkildə 2005-ci ildə alıb. 100 hektarlıq ərazidə o, təkcə əkinçiliklə məşğul olur və hər il, arpa, buğda,qarğıdalı və pambıq becərir.

Fermer bir ildə dövlətə torpaqdan 450 AZN vergi verir. Onun əkinçilikdən əldə etdiyi illik ümumi qazanc 8000-9000 AZN təşkil edir.

“Əkin olmasa dövlət məndən torpağı alıb əkinçiliklə məşğul olan başqa fermerlərə verəcək.”- Cəbrayıl Əzimov bildirir.

Fermer deyir ki, bir neçə il öncə heyvanlarını otarmaq üçün digər otlaqları bir illik icarəyə götürürdü. Amma indi buna imkanı çatmır.

Nazirlər Kabinetinin 2017-ci ildə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın təsdiq edilməsi barədə qərarından sonra qışlaq sahəsindəki torpaqlar əkinçiliyi inkişaf etdirmək məqsədilə istifadəyə verilir.

Heyvandarlıq Azərbaycanın kənd təsərrüfatında ikinci vacib sahədir. Birinci yerdə isə taxılçılıq qərarlaşır. Amma otlaq ərazilərinin azalması, daha çox əkinə yararlı hala gətiriliməsi getdikcə heyvandarlığın zəifləməsinə səbəb olur.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi Emin Nemətzadə bildirib ki, otlaq sahələrinin bir hissəsi istifadəsiz qaldığından həmin ərazilər əkinçiliyin inkişafına yönəldilib.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun məsələyə münasibəti fərqlidir. Ekspertin fikrincə, əkinçilik otlaq ərazilərinin azalması hesabına inkişaf etdirilməməlidir.

“Təbii otlaq sahələrinin çoxu Dağlıq Qarabağ ərazisinin payına düşür. Bu ərazilərin yarıdan çoxu işğal altındadır. Qalan ərazilər isə heyvandarlıq üçün kifayət etmir. Hökümət ərazilərdən qənaətlə istifadə etməlidir, yeni otlaq sahələri salmalıdır. -Məhərrəmov deyir.

Ekspert qeyd edir ki, Azərbaycanda əkinçiliyə üstünlük verilsə də, bu sahədə təcrübə yoxdur. Ona görə də məhsuldarlıq da olmur.

“Azərbaycan hələ də taxıl, yem, ət məhsullarını idxal edir. Təbii otlaq sahələrinin azalması, yem çatışmazlığından heyvandarlıq da zəifləyib. Fermerlər ümumi bazarın tələbinə uyğun işləməlidir.”- Məhərrəmov əlavə edir. (BBC azeri)