“The Indepenent” yazır ki, kompüter oyunlarına aludəçilik tezliklə ruhi xəstəlik kimi tanına bilər.
Xəstəliklərin Beynəlxalq Təsnifatı – Dünya Səhiyyə Təşkilatının (DST) vaxtaşırı təzələdiyi diaqnostika təlimatıdır. Bu təlimat kitabı son dəfə 27 il bundan əvvəl, 1990-cı ildə təzələnib.
Təlimat kitabçasının 11-ci nəşri 2018-ci ildə işıq üzü görəcək. Bu nəşrdə “oyun xəstəliyi” ciddi bir tibbi pozuntu kimi qeyd olunacaq.
Bu xəstəliyin adının necə olacağı hələlik dəqiqləşdirilməyib. Lakin New Scientist jurnalı yazır ki, bundan əvvəl sözü gedən halın tam izahatı və açımı verilməlidir. Başqa sözlərlə, kimi bu xəstəlikdən əzab çəkən kimi tanımaq olar?
DST-nin Ruhi Sağlamlıq və Narkotik Maddələrdən Sui-İstifadə şurasının üzvü Vladimir Poznyak qeyd edir ki, “oyun xəstəliyinin” ciddi bir ruhi pozuntu olmasının qeydiyyatı xüsusi önəm daşıyır.
“Səhiyyə sahəsinin peşəkarları oyun aludəçilyinin ciddi sağlamlıq problemi olduğunu qəbul etməlidirilər, – deyir alim, – Video oyunlarını oynayanların böyük əksəriyyəti xəstə deyil. Necə ki, bütün içki içənləri alkoqolik hesab etmək olmaz. Lakin müəyyən hallarda alkoqoldan aşırı istifadə konkret xəstəliyə yol açır”.
Ötən il Oksford Universitetinin İnternet İnstitutu video oyunları oynayanların arasında buna aludə olanların faizini çıxaramağa cəhd göstərib.
American Journal of Psychiatry jurnalında dərc olunmuş nəticələrə görə Birləşmiş Krallıq, ABŞ, Kanada və Almaniyada müayinə edilmiş 19 min könüllüdən yalnız 2-3 faizinə aludəçilik diaqnozu qoyulub.
Psixiatrik və ruhi xəstəliklərin müəyyənləşdirilməsi üçün Amerika Psixiatrik Assosiasiyasının (APA) simptomlar toplusundan istifadə olunur.
Bir neçə il bundan əvvəl APA “internet oyunları xəstəliyi” kimi qiymətləndirilə biləcək 9 standart simptom müəyyən edib. Bu simptomlara narahatlıq və antisosial davranış da daxildir.
Oksford Universitetindən doktor Andrew Przybylski bu tapıntıları təhlil edib.
O deyib ki, oyun xəstəliyinin bütün potensial təhlükələri hələlik tam öyrənilməyib.
Alim vurğulayır ki, əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq potensial aludəçiliklə sağlamlığa mənfi təsir arasında aşkar əlaqə müəyyən edilməyib. Buna baxmayaraq alimlər oyun oynamaq şakərinin başqa aludəçiliklər kimi ziyanlı olub-olmadığını dəqiqləşdirməlidirlər.
“The Independent” yazır ki, elmi araşdırmaların nəticəsindən asılı olmayaraq insanların internet oyunlarına sərf etdikləri vaxt heyrətamizdir.
Alimlər 500 internet oyununun həvəskarları arasında sorğu apararkən aşkar ediblər ki, bu adamların 10 faizi oyun oynamağa gündə 10-12 saat vaxt sərf edir.