Azərbaycanın builki tədiyyə balansının profisiti rüblük müqayisədə 88 dəfə vazalaraq III rübdə 11 mln. ABŞ dollarına enib.
Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir ki, tədiyyə balansının cari ilin yanvar-sentyabr ayları ərzində 1 442 mln. dollar həcmində profisit yaranıb. Belə ki, I rübdə profisit 464 mln. dollar, II rübdə isə 967 mln. dollar olub. Bu da o deməkdir ki, III rübdə profisit cəmi 11 mln. dollar təşkil edib.
III rüb ərzində Azərbaycanın cari əməliyyatlar balansı 276,7 mln. dollar təşkil edib, bu da II rüblə müqayisədə 31,7% azdır. Belə ki, III rübdə xarici ticarət balansı 922,6 mln. dollar olub. Bu da II rüblə müqayisədə 41,9% aşağıdır. Qeyd edək ki, Azərbaycanın 2017-ci il ilk rübündə xarici ticarət balansı 1 890 mln. dollar, II rübdə isə 1 589 mln. dollar təşkil edib.
Malların ixracında isə o qədər də önəmli artım qeydə alınmayıb. İxrac III rübdə 3 680,5 mln. dollar təşkil edib ki, bu da rüblük müqayisədə cəmi 3,5% çoxdur.
Malların idxalında isə III rübdə ciddi artım var. Belə ki, III rübdə malların idxalı II rüblə müqayisədə 40,2% artaraq 2 757,8 mln. dollara çatıb. İlin ilk rübündə isə idxal 1 666 mln. dollar olub. Qeyd edək ki, III rübdə idxal 2014-cü ilin IV rübündən sonra ən yüksək həddə çatıb.
Analitiklər bildirir ki, neft qiymətlərində artım manatın məzənnəsinin sabitləşməsinə, nəticədə idxalın artmasına gətirib çıxarıb: “Lakin neft qiymətlərində azalma başlasa, o zaman manatın ucuzlaşdırılması zərurəti yaranacaq. Əks halda, tədiyyə balansı profisiti kəsirə dönə bilər”.