Banklardakı əmanət və depozitlərin 40%-nin başı dərddədir?

İqtisadçı-ekspert Nemət Əliyev

Mərkəzi Bank bu il 01.11.2017-ci il tarixə məlumat yayaraq bildirib ki, banklarda 19 milyard 697 milyon manat əmanət və depozit var. Bununla yanaşı Mərkəzi Bank həmin dövrə bank kreditlərinin həcminin 11 milyard 732 milyon manat olmasına dair məlumat da açıqlayıb. Bu iki göstəricinin müqayisəsindən belə məlum olur ki, banklar cəlb etdiyi əmanət və depozitlərin 60 faizini kredit verib. Bəs aradakı 40%-lik hissə, 7 milyard 965 milyon manat məbləğində olan əmanət və depozitlər haradadır?

Mən hələ qiymətli kağızlar buraxmaqla bankların cəlb etdiyi 2 milyard manatı demirəm, balans hesabatlarında bank kapitalı kimi qeydiyyata düşmüş 3 milyard manatı da saya almıram. O vəsaitlərdən necə istifadə olunması məsələsi ilə (hələlik) işim yoxdur. Burada yalnız bankların əhalidən və hüquqi şəxslərdən cəlb etdiyi əmanət və depozitlərin taleyindən danışıram. Haradadır 8 milyarda yaxın əmanət və depozit, hansı məqsədlərə istifadə olunub?

Bu qədər vəsait, həqiqətən də, banklardadırsa, sağ-salamat yerindədirsə, o zaman niyə kredit vermək üçün istifadə olunmur həmin milyardlar? İzah edə bilərsiniz ki, faizlər yüksəkdir, alan yoxdur o kreditləri, bankların burada bir o qədər də günahı yoxdur. Doğrudur, bu fikirlərin ilk hissəsinə mən də qatılıram. Həqiqətən də, yüksək faizlərlə təklif olunan indiki kreditlərə yaxın düşüləsi deyil. Bu halda başqa bir əsaslı sual yaranır: 8 milyarda yaxın əmanət və depoziti cəlb edib kisələrə vurmaq, “ölü pullar” halına salmaq, bu vəsaitlərə görə faizlər ödəyib milyonlarla əlavə xərcə düşmək, axı bankların nəyinə lazımdır? Belə zərərli fəaliyyətin çökmüş bankları daha dərin uçuruma atmasını anlamaq doğrudanmı bu qədər çətindir?

Fikrimcə, cəlb etdiyi əmanət və depozitləri istifadəyə yönəldə bilməyən kommersiya banklarının bu cür fəalliyyətinə, özünü belə aparmasına sağlam məntiqlə haqq qazandırmaq mümkün deyil (heç lazım da deyil). Bu cür hesabsız-kitabsız fəaliyyətin sonu fəlakətdir. Bir az biznesmen təfəkkürü olan istənilən bankir belə vəziyyətdə çox aşağı faizlərlə qısamüddətli, kiçik həcmli kreditlər yerləşdirməklə gəlirləri artırmağa və bu yolla depozitlərin saxlanmasına çəkilən xərcləri kompensasiya etməyə can atardı. Fəqət bizim “bankir-biznesmenlər” başda Elman Rüstəmov olmaqla hələ də gözləmə mövqeyindədirlər. Gərəksiz xərclərin artmasının, bank fəalliyyətinin tənəzzül etməsinin sanki bunlara heç bir aidiyyatı yoxdur. Bu cür davranışlar haqlı olaraq böyük şübhələrə yol açır: 8 milyarda yaxın əmanət və depozitin başına bir iş gəlməyib ki?

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb