“Azadlıq” qəzetinin çapını dayandırmaq təhlükəsi ilə üz-üzə olduğunu bir neçə gündür yazırıq. “Azərbaycan” Nəşriyatı qəzetə ona olan 25 min manatlıq çap və kommunal borcunu ödəmək üçün bir həftə möhlət verib. Buna görə də hələ ki qəzet fəaliyyətini davam etdirə bilir, lakin dayanmaq riski olduğu kimi qalır.
Redaksiya yaranmış təhlükəni dəf etmək üçün oxucularına birdəfəlik yardım və abunə yazılışı üçün müraciət edib. Artıq oxuculardan müraciətə müsbət reaksiyalar daxil olur.
Həm ölkə daxilindən, həm də xaricdən “Azadlıq” sevərlər redaksiya ilə əlaqə saxlayaraq köməklərini təklif edirlər. Gün ərzində redaksiyamıza abunə yazılışı və birdəfəlik yardım göstərmək üçün çoxlu sayda müraciət edənlər olub. Müraciət edənlər arasında sadə oxucularımızla yanaşı, Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı məşhurlar da var (özlərindən razılıq ala bilmədiyimiz üçün adlarını yazmırıq).
Bundan başqa, redaksiyanın oxuculara müraciəti ətrafında sosial şəbəkələrdə dərhal geniş müzakirələr başlayıb. Müzakirə iştirakçıları qəzetə mənəvi dəstək ifadə edir, onun böhrandan çıxmasına köməyin zəruriliyini bildirir, bir-birlərini buna çağırırlar.
“Azadlıq” oxucularına, Azərbaycan ictimaiyyətinə, eləcə də xaricdə yaşayan soydaşlarımıza məsələyə belə həssas yanaşdıqları, etdikləri və etmək istədikləri köməyə görə minnətdarlığını bildirir.