Dələduzluqda təqsirləndirilən Diləfruz Mustafayevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclası bu gün başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə D.Mustafayevaya 2 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, D.Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onunla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.
Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kredit götürüb. Adına kredit götürənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimələri olub.
O, öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimələrin maaşından tutmağa başlayıb.