Məğlub xalqlar həmişə simvolik qələbələri bayram etmək zorundadır!
Jurnalist dostum çayxanada az qala dəli kimi qışqırırdı: “Bu xalqın qəhrəmana ehtiyacı var, niyə başa düşmürsən, qəhrəmana ehtiyacı var!”. Haqlısan, dostum, amma və lakin… qəhrəmana. Qəhrəman obrazına deyil. Yoxsa bu, “məğlubiyyət haqında qələbə filmi” olardı… O filmlərdən isə Fb dolub-daşır – eşşək şəklinin başının yerində, tualet kağızlarının üstündə Sərkisyanın başı və s. Və bu o adamdı ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı onunla əl görüşür, öz ampluasında Qarabağın taleyini həll etməyə çalışır. Dostlar, öz prezidentinizin əlini düşünün barı… Iş ondadı ki, bu cür erməni “vətənpərvərləri” də eyni şəkildə hərəkət eləyir – eyni tipli səviyyəsiz montajlar, eyni tipli söyüşlər, lağlağılar və s. Bir şey faktdı – hər iki cəmiyyət eyni təfəkkürün daşıyıcısıdı. Çünki hər iki cəmiyyəti avtoritar tipli hakimiyyətlər idarə edir. Və bu iki oxşar rejimin də hər ikisi Azərbaycanı işğal edib…
Qəhrəman yaradanlar
Haqqında çıxarılan hökmdən sonra oğlundan qəhrəman obrazı düzəldənlər haqda Səfərovun atası belə demişdi: “Onlar mənim oğluma ancaq yamanlıq elədilər…”. Qəhrəmanlıq haqda təsəvvürlər isə ölçüyəgəlməz miqyasda müxtəlifdi. Bizi isə burda sırf Ramil Səfərovun icra elədiyi əməldə qəhrəmanlığın olub-olmaması düşündürür. Əlbəttə, Ramil yüksək hərbi təhsil almış biridi, onun həm bir zabit, həm bir əsgər kimi döyüşdə məqamı düşəndə qəhrəmanlıq edə biləcəyi şübhə obyekti deyil. Hələ bu da ayrı söhbətdi ki, zabitin kimliyi təkcə qəhrəmanlıqla da ölçülmür – onun hərbi əməliyyatlarda necə hərəkət edəcəyi, cızacağı əməliyyat planının səviyyəsi elə mükəmməl ola bilər ki, bu yüz qəhrəmanlıq aktından üstün olar. Onun Türkiyə təhsili də buna tam əsas verir. Lakin iki dünya bir ola onun Budapeştdə törətdiyi əməldə qəhrəmanlıq motivi yoxdu. Bu sıradan milli təəssüblə motivasiya olunmuş qətl aktı, onun Bakıya gətirilməsi isə şişirdilmiş olaydan siyasi dividend qazanma və avtoritar rəhbərin eqosunun istəkləridi. Əks halda, bu gün hakimiyyətin zindanlarında çürüyən onlarla suçsuz və Qarabağda danılmaz döyüş yolu keçmiş “omon”çu, onlarla döyüşçü azad edilərdi. Sadəcə, toplum onları fərdi və şişirdilmiş şəkildə tanımır, bunun isə dövlət başçısına heç bir dividend gətirməyəcəyi gün kimi aydındı. Ramil Səfərovun ekstradisiyası və “əfv” edilməsi, üstəgəl rütbəsinin artırılması, ev, maşın, pul… isə beynəlxalq məsələyə çevriləcək, rəhbərin eqosunu dünyaya sərgiləyəcək gücdədi; bu ərköyün eqo atdığı addımın toplum içində verəcəyi keçici bəhrəni beynəlxalq aləmdə Azərbaycanın gələcəyinə vuracağı böyük zərbədən üstün tutur. Bu, diktatorların xalq hakimiyyətinə üstünlük verdiyi yeganə məqamdı.
Bu da Azərbaycana ayaq basan istənilən gözəlliyin dərhal zərərli bir elementə çevrilməsinin daha bir simgəsi – kütləyə hesablanmış və əslində güclü zəmini olmayan, qısa bir zaman kəsiyindən sonra unudulacaq addım…
Şok! Şok! Şok!
Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edildi. Fb sosial şəbəkəsində partlayış baş verdi. Gün ərzində statusların 90 faizi bu xəbər üstə kökləndi. Bundan qabaqkı 90 faiz – dəhşətli yol qəzası, 124 nömrəli avtobusun qatarla toqquşması, adamların ölümü və yaralanması gözdən itdi. Bir nəfərin ömürlük həbsdən azad edilib ölkəmizə gətirilməsinin sevinci qəzada ömrünü başa vuran və yaralananların acısını arxa plana saldı. Həm də bu, çox təbii görünürdü.
Görəsən bu təbiiliyi necə izah etmək olar? Hərbçi bir vətənpərvərin neçə-neçə mülki vətəndaşdan üstün olmasımı? Yəni gerçəkdənmi bizdə vətən uğrunda bircə telini qurban verənlər belə, hər kəsdən üstün tutulur, sonsuz dərəcədə sevilir, qiymətləndirilir? Gerçəkdənmi? Illərdən bəri Ramilin adının bəzən mətbuatda, əsasən isə sosial şəbəkələrdə, əyləncə saytlarında hallanması bəlkə də bu izahatı əsaslı eləyərdi. Lakin…
Lakin illərlə Ramilin şəklini profil şəkillərinə çevirənlər, onun haqqında ən mübaliğəli təşbehləri yazanlar bu ölkədə nə qədər Qarabağ veteranının, döyüşlərdə əlil olmuş, sağlığını itirmiş, illərlə qəhrəmanlıqla vuruşsa da hansısa siyasi baxışına, ardıcıl sosial ədalət tələblərinə görə şərlənərək məhbəslərə atılmış vətən oğullarından heç olmasa birinisə də tanımırdılarmı? Yoxsa o oğullar Ramildən az vətənpərvər idi? Yoxsa o fb vətənpərvərlərinin yaşadığı məhəllədə, kənddə, qəsəbədə, şəhərdə, bircə gerçək qazi, bircə əlil yoxmuydu? Maraqlansaydılar, heç olmasa bircə kərə onlardan yazardılar. Yazardılar ki, nədən canlarını vətən yolunda qoymuş bu ərlərin illər sonra da çoxunun statusu rəsmi qaydada təsdiqlənmir, onlara da statusları təsdiqlənmiş qazilər kimi təqaüd, ev, hətta “Oka” verilmir?
Mən qarşılaşdırma üçün nə sosial ədalətsizliyi, nə insan hüquqlarının total şəkildə pozulmasını nümunə göstərməyəcəm. Söhbət torpaq təəssübündən gedirsə, elə Ramilin əsgər sələflərindən danışmaq lazımdı. Səfərovun əzabkeş obrazını özləri üçün ümumdünya dərdinə çevirən vətənpərvərlər bircə dəfə halal haqları tapdanmış bu talesiz qazilərimizin də haqqında düşünər, heç olmasa bircə kərə biri haqda bir status yazar, birinin şəklini profillərinə yerləşdirərdilər. Yox, yox, qətiyyən yox, bizdə vətənpərvərliyin də qlamur şəklini sevirlər. Haqqı tapdananların məsələsi nəinki ümumdünya, heç ümumməhlə səviyyəsində belə kimsəyə maraqlı deyil.
Ekstradisiya xəbərinin ardından sosial şəbəkəni, saytları Səfərovla bağlı yeni bir xəbər başına aldı: “Prezident Ilham Əliyev Ramil Səfərovu əfv etdi?. Bu başlıq haqda düşündünüzmü heç? Nə düşündünüz elə isə? Onun böyük ürəyi, ya nə? Təbii ki, fürsətcillər dərhal dövlət başçısından da bir milli qəhrəman obrazı düzəltdilər. Elə Heydər Əliyevin məzarını ziyarət edən Ramil özü də belə dedi: ”Mən Qarabağ problemi ilə bağlı (…) Ali Baş Komandanın apardığı fəaliyyəti düzgün qiymətləndirirəm”.
Əfvlə bağlı məntiq bunu deyir: erməni öldürmək cinayətdir, prezident bu cinayəti bağışladı. Biz atəşkəs çağında erməniyə güllə atdığına görə həbsə atılan əsgərin taleyini də unutmamışıq. Erməni öldürüb-öldürməməyin cinayət olub-olmaması məsələ deyil, bu “əfv” bir söz məsələsidi. Əfv o adamlara aiddi ki, onlar gerçəkdən cinayət törədiblər. Onda bunu necə anlayaq: qəhrəman qətl törədib, ya qətl törədən qəhrəmandır? Azərbaycan cinayət məcəlləsində “erməni öldürmək olar” deyə bir şey yazılmayıb. Ama “olmaz” deyə də cümlə yoxdu. Demək, yasaq və cinayət deyil. Elə isə niyə əfv? Niyə məhkəmə yoluyla verilən azadlıq, bəraət deyil, sadəcə əfv? Di gəl, sizi əmin edirəm, bu gün Bakıda yaşayan 30 min ermənidən birini məhz milli zəmində yaranmış münaqişədə qətlə yetirin. Görüm sizi də belə sevəcək və əfv edəcəklərmi?
Növbədə Qarabağdır
YAP-ın sədr müavini Əli Əhmədovun açıqlaması son dərəcə kədərlidi: “Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır”. Bəli, Qarabağın azadlığı həmişə növbədədi. Bu növbə bitib-tükənənə oxşamır. Olimpiadada qələbə çaldıq, növbədə Qarabağdı. Filan yerdə körpü saldıq, növbədə Qarabağdı. Kürdəmirdə konsert verdik, növbədə… Qarabağ ev növbəsinə duran gənc mütəxəssis kimidi. Qocalır, yaş ötür, saçları tökülür, oğul-uşağı böyüyüb gənc mütəxxəsis kimi ev növbəsinə durur, ancaq onun növbəsi çatmır ki, çatmır. Çünki Lazımdan xəbər yoxdu. Yeri gəlmişkən, fb-də “Bayquşlar” adlı səhifədə belə bir status yazılıb: “Iki saatda iki qızıl medal! Yeri gəlsə, 2 gündə Qarabağı da alarıq!”. Lazımdan canımızı qurtarmamış indi də “Yeri gəlsə” başladı.
Seyyida, səndə ki bir belə qüdrət var idi…
Bu qüdrət dövlət başçısında həmişə olub, ama indi istifadə edilib. Vaxt əsas məsələdi. Mübariz Ibrahimova da ilk günlər dövlət at oğrusu kimi yanaşır, ailəsini sorğu-suala çəkirdilər. Məqam yetişdi, seçki öncəsiydi, Mübarizə Milli Qəhrəman adı verdilər. Nə isə. Səfərov azad və ya əfv edilib. Sanki dövlət başçısı da fb vətənpərvərləri kimidi – onu gerçək deyil, qlamur, simvolik, eqo yanğısına su səpən qəhrəmanlıqlar maraqlandırır. Elə bil, tatamidə bir erməni güləşçisinin kürəyini yerə vurub, başını kəsib… Bəs “hər kəsin prezidenti olmaq” haqda söz? Bəs Qarabağda gerçək, qanlı-qadalı savaşda döyüşüb 16-17 il sonra hələ də “əlil” adını ala bilməyənlər? Mən təkcə öz rayonumuzdan onlarla Qarabağ qazisi tanıyıram ki, savaş vaxtı qəhrəmanlıqları dillərdə dastan olub, ancaq hələ də Qarabağ veteranı, ya Qarabağ əlili adını ala bilmirlər.
Məsələn:
Qədir Musayev kimi komandiri, igid əsgəri şərləyib ikinci dəfə həbs eləyiblər. Dövlət başçısını bir yana qoyaq: bir vicdanlı hüquq müdafiəçisi də tapılmır ki, onun taleyi ilə maraqlansın. Niyə? Qədir insan deyilmi? Qədir qəhrəman deyilmi? Haqqında Müdafiə Nazirliyinə Milli Qəhrəman adı almaq üçün təqdimat göndərilən həmin o Qədir, başına ermənilərin hələ o çağda 100 000 dollar qoyduğu həmin o əsgər deyilmi? Indi nə oldu, başına yüz min qoyulan adamın başı dövlət üçün erməninin verdiyi qiymətdən aşağı oldumu? Nədən onu azad eləmirlər? Reklamı heç getməyib deyəmi? Ondan əzabkeş obrazı yaradılmayıb deyəmi? Hə, aydındı, Qədirin pulu-parası yoxdu… Bəs evdə yolunu gözləyən qızına bunları necə anlatmalı? Keşkə erməni indi o pulu Qədirə verəydi, bəlkə hüquq müdafiəçilərini “görə biləydi” ki, onlar da Qədiri görsünlər.
…17 gün morqda ölü yatıb təsadüf sayəsində həyata qayıdan Telman Bağırovun qafa tasının bir parçası dağılıb, beynini bir nazik dəri qatı qoruyur – idmançılara yüz minləri səxavətlə paylayan dövlətin onun başına bir kiçik parça platin qapaq qoymaq imkanı yoxmu? Ya 16 il sonra güclə Qarabağ veteranı adı ala bilmiş (o, bunu belə ifadə edir: “Balaca şey deyil, Vətən 20 il sonra mənə oğul dedi…”), ama əlilliyini sadəcə həkim səhlənkarlığı ucbatından sübut eləyə bilməyən Berkut ləqəbli Asif ya bu günə kimi hətta veteran adı belə ala bilməyən döyüşçü, Səmədabad kəndindən Elman – Qəssab ləqəbli Elman, qardaşı da şəhid olan o savaş adamı? Bilirsinizmi onun ləqəbi nədən Qəssabdı? Çünki o, döyüşdə öldürdüyü, əsir aldığı erməni əsgərlərini baltayla doğrayırmış – ya ölüsünü, ya dirisini. Bunu yazmaq belə dəhşətdi – lakin bunlar Qarabağda baş verib… Ona nə rütbə veriblər, nə maşın, nə ev – veteran adını belə ala bilməyib hələ! Buyur dostum, sənə qəhrəman lazım deyildimi? Bu da qəhrəman! Yaz onun haqında, reklam elə, məşhurlaşdır və xalqın qəhrəman ehtiyacını ödə!
Ya Təzəkəndli Murtuz – bütün sənədləri qaydasında olsa belə, üç min manatı olmadığına görə Qarabağ əlili adını ala bilməyən, bədəni dəlik-deşik savaşçı… Və ölkənin hər yerindən minlərlə belə haqqını ala bilməyənlər, həbsdə yatanlar… Bəs onların haqqında kim düşünəcək? Indi hər birimiz üçün bir dövlət başçısını hayandan tapaq? Onların suçu nədi? Bəlkə bu: onlar yalançı əsgər olmayıblar, savaşa könüllü gediblər, yaralananda hansısa mülki xəstəxanaya düşüblər və doğru-düzgün sənədləşmə aparılmayıb. Belə çıxır ki, indi dövlət başçısı yüzlərlə, minlərlə sərəncam verməlidi ki, bu adamlar döyüşüb, vuruşub, əlini-ayağını itirib. Məsələn: “Sərəncam verirəm ki, Filankəsov Filankəsin Qarabağ savaşında qafa tasının bir parçasını itirdiyi rəsmən təsdiq olunsun və ona rüşvət istənilmədən, cəfəng sənədlər tələb olunmadan Qarabağ əlili statusu verilsin. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir…”.
***
Ramil Səfərov əfv edilib. Beş gün qabaq mən bu yazını yazanda sevincdən millətin nəfəsi kəsilirdi. Başa düşüləndi. Toplum sevinc tamarzısıdı, sevinmək üçün susayıb, elə bir səbəb gəzir ki, sevinsin. Bu ölkədə sevinmək isə elə də asan iş deyil. Bunun üçün gərək hər ay ölkədə Prezident və ya millət vəkili seçkisi keçirilə. Və yaxud hər gün prezident birini azad edə, birinə ev, birinə maşın verə, hər qazinin dərdini həll etmək üçün ayrıca sərəncam verə və ya bu ölkədə 9 milyon prezident lazımdı ki, bir gündə hərəsi bir vətəndaşı xoşbəxt edə.
***
Ən gözəl bir şeyin də Azərbaycana ayaq basdığı andan zərərli, bəzən iyrənc şeyə çevrildiyini yazdım. Indi də bu ekstradisiya və əfv. Bundan belə, tərif üçün əllərində yalandan başqa bir şey olmayan yalaqlar artıq real faktdan, dövlət başçısının igidliyindən danışacaq, bəlkə aylarla susmayacaqlar. Ramil özü belə unudulacaq. Unudulan minlərlə xas Qarabağ döyüşçüsü kimi.
***
Fb-də gözümə dəyən ən dəhşətli status isə buydu: “Qorxuram, Ramil Səfərov da gəlib YAP-çı olsun…”. Bu status yazılanda Ramil bəy hələ ümummillinin məzarını ziyarət etməmişdi…
Aldığın azadlığın mübarək, itirdiyin Azadlığa yazıq, əziz Ramil! Bu toplum səni çox sevir, səninsə bunda heç suçun yoxdu.
…Bax, beləcə, hər dəfə toplumu qızışdırıb özündən çıxarır, damla-damla yığılmaqda olan enerjisini içindən dolu-dolu çıxarırlar. Ön cəbhədən isə qələbə xəbərləri deyil, yalnız atəşkəs şəhidlərinin xəbəri gəlir…