“Azadlıq”ın iqtidarın planı barədə yazdıqları təsdiqini tapdı
Hakimiyyətin müxalifət daxilində aranı qarışdırmaq planı barədə məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, Prezident Administrasiyasından iqtidaryönlü KIV-lərə göstəriş gəlib ki, “vahid namizəd mövzusu”nu gündəmdə saxlansınlar. Hökumət KIV-lərinin qarşısında qoyulan vəzifəyə görə, müxalifət düşərgəsinin sıravi təmsilçilərindən tutmuş, funksionerlərə qədər hər kəsdən “vahid namizəd mövzusu” ilə bağlı intriqa yaradan açıqlamalar götürməlidir.
Bundan başqa hökumət KIV-lərinə tapşırılıb ki, müxalifət daxilində gərginliyin olması barədə “etibarlı” mənbələrə istinadən xəbərlər yaysınlar. Bu kampaniya nəticə verənə qədər davam etdirilməlidir.
Məlumatımız artıq təsdiqini tapmaqdadır. Hökumət KIV-lərinə diqqət yetirdikdə aydın görünür ki, gündəmin əsas mövzularını bir kənara qoyub müxalifətin vahid namizəd məsələsindən geninə-boluna materiallar verirlər. Hətta Ramil Səfərovun Azərbaycana gətirilməsi belə bu mövzunu arxa plana sala bilməyib. Bu da bir daha göstərir ki, hakimiyyət üçün bu məsələ daha vacibdir.