ABŞ Dövlət Departamenti Rusiyanın xarici medianı hədəfə alan qanunvericiliyini monitorinq edir və Moskvaya bu qanunun media azadlığını məhdudlaşdırmağa alət kimi istifadə olunmasıyla bağlı xəbərdar edib.
Departamentin sözçüsü Maria Olson noyabrın 16-da deyib ki, Vaşinqton bu qanunun “qəbul edilib-edilməyəcəyini, necə icra olunacağını diqqətlə izləyir”.
Rusiyalı deputatlar deyirlər ki, bu qanun Rusiyanın RT televiziya şəbəkəsinin ABŞ-da xarici agent kimi qeydiyyata alınmasıyla bağlı Vaşinqtonun xahişinə cavabdır. RT artıq qeydiyyatdan keçib və ABŞ qanunvericiliyinə uyğun olaraq maliyyə informasiyasını açıqlamalıdır.
İLK HƏDƏFLƏR
Olson-un sözlərinə görə, ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) məqsədi Birləşmiş Ştatlarda siyasi debata təsir göstərməyə çalışan qurumların xarici maliyyəsiylə bağlı informasiyanı ictimaiyyətə açmaqdır.
Media azadlığı və insan haqları qrupları həm Rusiya qanunvericiliyini, həm də ABŞ-ın RT-yə tələbini tənqid ediblər.
Rusiya Ədliyyə Nazirliyi vebsaytında yerləşdirdiyi siyahıda AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsi-nə bağlı doqquz media orqanının ilk olaraq hədəfə alınacağını təsdiqləyib.
ABŞ-dan maliyyələşən qurumlara nazirlik daha öncə də qanunvericiliyin təsirinə məruz qalacaqları barədə xəbərdarlıq etmişdi. Rusiya Dövlət Duması noyabrın 5-də yekdilliklə qanunu qəbul etdi. Yuxarı palata qanunu səsverməyə noyabrın 22-də çıxaracaq. Daha sonra onu Prezident Vladimir Putin imzalamalıdır.
Bu qanun hökumətə xaricdən maliyyələşən media orqanlarının “xarici agent” adlandırmaq səlahiyyəti verəcək.
ƏVƏZ-ƏVƏZ REAKSİYASI
Sərhədsiz Reportyorlar Təşkilatı “Rusiyanın Vaşinqtona dərhal cavab verməsindən əndişələndiyini” bildirib. “Bu əvəz-əvəz reaksiyasını pisləyirik, çünki media azadlığı yeganə qurban olacaq”, – qurumun Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.
Təşkilat bildirir ki, bu qanun Rusiyanın 2012-ci ildən xarici qeyri-kommersiya təşkilatlarına qarşı tətbiq etdiyi maddələri xarici mediaya aid edəcək.
Rusiyanın qanunvericiliyi “media azadlığına tam bir hücumdur”, – Human Rights Watch insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson bildirib.
AzadAvropa/AzadlıqRAdiosu noyabrın 15-də verdiyi bəyanatda deyib ki, “RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər”.
“AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimiz gözləyirik”.
(azadliq.org)