Bu gün bir manata nə ala bilərsiniz? Təbii ki, dəfələrlə devalvasiyaya uğramış indiki dəyəri ilə çox xırda-para şeylər. Bazara, dükana girib bir manata 1 kq ət ala bilərsinizmi? 1 kq yağ necə? Bəlkə 1 kq pendir? Ya 1 qutu süd? 1 qutu çay? Xeyr, indi bunların heç biri mümkün deyil. Qiymətlərin əl yandırdığı bu zamanda olsa-olsa o manatlığa 1 qutu duz, 2 çörək, 3 qutu kibrit, 2 kq kartof, 5 yumurta və ya 5 dəstə göyərti ala bilərsiniz.
Müqayisə üçün yaxınlarda rastımıza çıxmış bu ərzaq qiymətlərini təqdim edirik ki, özünüz nəticə çıxarasınız. 20-ci əsrin əvvəllərində, 1913-cü ilin statistikasına əsasən Rusiyada bir rublun qiyməti aşağıdakı kimi idi. O dövrdə bir fəhlənin aylıq əməkhaqqının 21 rubl, tokar və çilingərin daha artıq, feldşerin 55 rubl olduğunu nəzərə alaraq, yaşayış səviyyəsinin necə tənzimləndiyini görün. Azərbaycan iqtisadiyyatının da uzun onilliklər bu məkanla bağlı olduğunu düşünərək, insanların yaşayış səviyyəsinin yaxşılaşdığını və ya pisləşdiyi haqqında özünüz qərar verin:
Təzə qara baton çovdar çörəyi 400 qram- 4 qəpik
Boyat ağ baton çovdar çörəyi 300 qram – 7 qəpik
Təzə kartof 1 kq- 5 qəpik
Çovdar unu 1 kq – 6 qəpik 6
Yulaf unu 1 kq- 10 qəpik
Yüksək növlü buğda unu 1kq-24 qəpik
Adi makaron 1kq – 20 qəpik
İkinci növ şəkər tozu-25 qəpik
Şokoladlı konfet 1 kq – 3 rubl
Yarpaq çay 1 kq – 3 rubl
Pendir “Российский” 1 kq- 70 qəpik
Günəbaxan yağı 1 litr – 40 qəpik
Təmizlənmiş toyuq 1 kq-80 qəpik
On seçmə yumurta -25 qəpik
Doğranmış dana əti 1 kq-70 qəpik
Təzə ləvrək balığı 1 kq-28 qəpik
Qara dənəvər kürü 1 kq – 3 rubl 20 qəpik
Təzə kələm 1 kq-10 qəpik
Seçmə pomidor 1 kq-45 qəpik
1 rubla nələr almaq olardı? 30 kq duz, 7 litr süd, 0,8 kq kərə yağı, 30 yumurta, 0,3 kq qara dənəvər kürü, 0,4 kq qırmızı kürü, 10 kq təzə kələm, 20 kq kök. 1 rubl tramvayla 20 dəfəlik (gediş haqqı 5 qəpik) getmək olardı. Fayton sürücülərinin şəhər ətrafı gediş üçün aldığı təxminən haqq 20 qəpik.